25 Noyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Həyata keçirilən vergi islahatları dayanıqlı inkişafa töhfə verir

Prezident İlham Əliyevin 2005-ci il fevralın 1-də imzaladığı Sərəncamla hər il fevralın 11-i Azərbaycanda vergi xidməti əməkdaşlarının peşə bayramı kimi qeyd olunur.

Ötən əsrin 90-cı illərinin əvvəlində yenidən müstəqillik əldə edən Azərbaycan Respublikasında vergilərin, digər icbari ödənişlərin tam və vaxtında səfərbər edilməsi, hüquqi və fiziki şəxslər tərəfindən vergi qanunvericiliyinə və dövlət qiymət intizamına riayət olunmasına nəzarətin təmin edilməsi məqsədilə Maliyyə Nazirliyinin tərkibində vergi xidməti yaradılıb. 1991-ci ilin oktyabrında ölkədə vergi nəzarəti sisteminin təkmilləşdirilməsi məqsədilə bu xidmət Maliyyə Nazirliyinin tərkibindən çıxarılıb və müstəqil orqan - Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi kimi fəaliyyət göstərməyə başlayıb.

Müstəqil Azərbaycanda iqtisadi islahatlar dərinləşdikcə vergiqoymanın qanunvericilik və metodoloji bazasının təkmilləşdirilməsi zərurəti meydana çıxırdı. Məhz belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkənin vergi sisteminin yenidən qurulmasına başlanılıb.

Vergi sisteminin təkmilləşdirilməsi və bu sahədə aparılan köklü islahatların daha da sürətləndirilməsi məqsədilə Ümummilli Lider Heydər Əliyevin bilavasitə tapşırığı əsasında vergi münasibətlərinin tənzimlənməsi sahəsində vahid və təkmil qanunvericilik bazasının yaradılması üçün Vergi Məcəlləsinin layihəsi hazırlanıb. 2001-ci il yanvarın 1-dən qüvvəyə minmiş Vergi Məcəlləsi müstəqil Azərbaycanın həyatında yeni hadisə olaraq vergi sisteminin təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması sahəsində atılmış mühüm addımlardan biri kimi tarixə düşüb.

Ümummilli Liderin təşəbbüsü və rəhbərliyi ilə formalaşdırılmış vergi sistemi ölkəmizdə iqtisadi keçid dövrünün uğurla başa çatdırılmasında mühüm rol oynayıb və səmərəli idarəetmə sisteminə çevrilib. Bununla da ölkəmizin vergi sistemi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu vergi sistemi Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf dövrünə qədəm qoyub. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti iqtisadiyyatın bugünkü tələblərinə uyğun olaraq daim təkmilləşdirilir. Bu illər ərzində iqtisadiyyatda başlanan inkişaf meyillərini və sahibkarlara verilən dövlət dəstəyini sürətləndirmək məqsədilə ölkədə biznesin fəaliyyəti üçün cəlbedici vergi mühiti yaradılıb, vergi inzibatçılığı təkmilləşdirilib, sahibkarlar üçün əlverişli iqtisadi mühit formalaşdırılıb. Bu işlərin davamı olaraq, sahibkarlığın inkişafı və biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyində bir sıra dəyişikliklər edilib.

2019-cu ildən başlayaraq vergi orqanlarının işində yeni hədəflər müəyyənləşdirilib və bu istiqamətlərdə əsaslı irəliləyişlər əldə edilib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bildirmişdi ki, vergi sahəsində aparılan islahatlar qanunsuz məşğulluğa son qoymalıdır: “Kölgə iqtisadiyyatına qarşı mübarizə metodları kifayət qədər çoxşaxəlidir. Biz onların hamısından istifadə edirik və edəcəyik.

Hər kəs başa düşməlidir ki, Azərbaycanda bütün işlər qanun çərçivəsində aparılmalıdır.

Heç bir qanunsuzluğa yol verilməyəcək və hər kəs nəticə çıxarsın. Ona görə bu il də islahatların dərinləşməsi istiqamətində çox ciddi addımlar atılacaq”.

Dövlət başçısı tərəfindən müəyyənləşdirilmiş hədəflərə uyğun olaraq 2019-cu ildə vergi sistemində ciddi dəyişikliklər və islahatlar, o cümlədən yeni yanaşmalar tətbiq olunmağa başlayıb. 2019-cu ildə iqtisadiyyatda şəffaflaşma prosesləri genişləndirilib, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması ilə bağlı ciddi addımlar atılıb. Son dövrlərdə şəffaf münasibətlərin qurulması kontekstində atılan addımlar dövlət-biznes münasibətlərində yeni bir transformasiyanın əsasını qoyub. Yumşaq vergi nəzarəti, həmçinin yeni vergi güzəştləri mexanizmlərinin tətbiqi biznesin “kölgə”dən çıxmasına mühüm təkan verib. 2019-cu il bir daha göstərdi ki, vergi orqanları ölkənin iqtisadi inkişaf strategiyasının həyata keçirilməsinə öz töhfələrini vermək iqtidarındadır.

2019-cu ildə Prezident İlham Əliyev iqtisadi və sosial məsələlərlə bağlı müşavirə zamanı əldə edilmiş nəticələri xüsusi vurğulayıb: “Aparılan ciddi iqtisadi islahatlar, şəffaflıqla bağlı görülən işlər büdcə daxilolmalarına da müsbət təsir göstərmişdir. Bildirməliyəm ki, təkcə ilin birinci ayında daxilolmalar kəskin artmışdır. Vergi orqanları plandan əlavə 80 milyon manatdan çox vəsait toplamışlar. Bu, nəyi göstərir? Onu göstərir ki, bu sahədə aparılan islahatlar, şəffaflıqla bağlı atılan addımlar öz nəticəsini verir. Bu gün islahatların dərinləşməsi üçün çox gözəl şərait yaradılıbdır”. 2005-ci ildən bəri ilk dəfə olaraq, 2019-cu ildə qeyri-neft sektorunda vergi yığımı proqnozunun ən yüksək göstəricisinə – 109 faizə nail olunub.

Rəqabətin təmin edilməsi, qanunsuz sahibkarlığın qarşısının alınması, leqal fəaliyyətin vergi stimullaşdırılması mexanizmlərinin tətbiqi şəraitində biznes şəffaflaşma çağırışlarına müsbət reaksiya verərək adaptasiya prosesindən uğurla keçdi. Təhlillər göstərir ki, “kölgə iqtisadiyyatı”nda cəmlənmiş dövriyyələrin əhəmiyyətli hissəsinin “ağarması” prosesi sürətləndi. Bu, bəyan edilən dövriyyələrin, daxili istehsalın və ticarətin göstəricilərində, ticarət əməliyyatlarında sənədləşmənin səviyyəsində, elektron qaimələrin dövriyyədəki payında, bağlanmış əmək müqavilələrinin sayında özünü büruzə verdi.

2020-ci il iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyinin artırılmasında mühüm il oldu. Vergi sistemi həyata keçirilən islahatların bilavasitə əsas iştirakçılarından biri olmaqla, tənzimləmə, nəzarət və həvəsləndirmə alətləri ilə sahibkarlığın inkişafında, iqtisadiyyatın şəffaflaşdırılması prosesində fəal iştirak etdi. Xüsusilə Vətən müharibəsində böyük Zəfərlə əlamətdar olan 2020-ci il dövlətimizin iqtisadi qüdrətinin dayanıqlı əsasları olduğunu bir daha sübut etdi. Bu dövrdə müharibə zonasında olan sahibkarlar üçün əsaslı təşviqlər, şəhid ailələrinə güzəştlər və azadolmalar verildi. O cümlədən, pandemiyadan zərər çəkənlər üçün dövlət dəstəyinin təmin edilməsində vergi orqanları fəal iştirak etdi.

Hazırda vergi qanunvericiliyində sosial islahatlara adekvat cavab verən güzəştlərin və imtiyazların sayı getdikcə artır. İqtisadi tənzimlənmədə mühüm rol oynayan vergi sistemi sahibkarlığın inkişafının əsas hədəflərdən biri olmaqla işgüzar aktivlik, biznesin çevikliyi və sosial islahatlar üçün möhkəm bünövrə yaradır. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müraciətində bildirmişdi ki, uzunmüddətli, düzgün strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadi inkişaf göz önündədir: “….vergi orqanları xəzinəyə ancaq proqnozdan əlavə 1,4 milyard manat pul cəlb ediblər, onun hamısı və artıqlaması ilə sosial məsələlərin həllinə yönəldilib. Mən əvvəllər də demişəm ki, əlavə vəsait toplandıqca, ilk növbədə, biz bu vəsaiti sosial layihələrə yönəldəcəyik. Eyni zamanda, azad edilmiş torpaqlarda görülən işlər də sosialyönümlü işlərdir”.

Ölkədə iqtisadi artımın bərpası, qeyri-neft sektorunda müşahidə olunan müsbət tendensiyalar, eləcə də biznesin davamlı olaraq şəffaflaşması dövlət büdcəsinə vergi daxilolmalarının dinamikasına ciddi töhfələr verməkdə davam edir. 2022-ci ildə vergi daxilolmaları əhəmiyyətli dərəcədə artaraq, ilk dəfə olaraq, 15 milyard manatı ötüb.

Qeyri-neft-qaz sektorundan daxilolmalar isə 8 milyard manata çatıb. Qeydə alınan bu göstəricilər həyata keçirilən iqtisadi islahatların, səmərəli vergi inzibatçılığının və əlverişli biznes mühitinin təmin edilməsinin, cəmiyyətdə vergi mədəniyyətinin yüksəlməsinin nəticəsidir. Əldə olunan fiskal nəticələrdə iqtisadi artımla yanaşı, şəffaf münasibətlərin qurulması, “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində atılan addımların da böyük rolu var. Diqqətçəkən məqamlardan biri odur ki, vergi daxilolmalarının 90 faizdən çoxu könüllü ödəmələrin payına düşür. Bu, o deməkdir ki, daxilolmaların çox cüzi faizi müxtəlif nəzarət tədbirlərinin hesabına təmin edilir. Qeyri-neft sektorunda bu rəqəm daha da yüksəkdir. Əldə edilmiş nəticələr onu deməyə əsas verir ki, vergi sistemi müəyyənləşdirilmiş hədəflərə doğru uğurla inkişaf edir və dayanıqlı iqtisadiyyatın təmin edilməsinə davamlı töhfələr verir.

AZƏRTAC

VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması VergiHəlak olmuş döyüşçülərin dul arvadlarının və övladlarının vergi güzəşti hüququ VergiMMC-də rəhbər dəyişikliyi üçün tələblər VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir?