5 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycanın IOTA-da prezidentlik dövrü: əlverişli imkanlar, uğurlu təcrübə MƏQALƏ

Azərbaycanın vergi sistemi 25 il ərzində əsaslı inkişaf yolu keçərək müasir, çevik və təşviqedici xarakter alıb. Vergi sistemində aparılan məqsədyönlü islahatlardan qaynaqlanan yüksək göstəricilər dayanıqlı iqtisadiyyatın təminatı üçün güclü potensial yaradıb.

Ötən dövr ərzində milli vergi sisteminin beynəlxalq nüfuzu əhəmiyyətli şəkildə artıb və o, dünya vergi sisteminə uğurla inteqrasiya edib. Bütün bu uğurlar beynəlxalq reytinqlər və qiymətləndirmə platformalarında ölkəmizin vergi sisteminin yüksək göstəricilər əldə etməsi ilə nəticələnib. Azərbaycanın vergi sisteminə beynəlxalq etimadın artması həm də onun daha mötəbər öhdəlikləri icra etməsini şərtləndirib. Təsadüfi deyil ki, 2024-2025-ci illərdə Avropadaxili Vergi Administrasiyaları Təşkilatına (IOTA) prezidentlik ölkəmizə həvalə edildi.

Təşkilata rəhbərlik dövrünün prioritetləri və nəticələr

IOTA-ya prezidentliyin ölkəmizə həvalə edilməsi vergi sistemi qarşısında bir sıra yeni hədəflər müəyyənləşdirdi. Bunlar IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsi, təşkilata üzv ölkələrlə daha sıx əməkdaşlıq və birgə fəaliyyət çərçivəsində irəliləyişlərin əldə edilməsi idi. IOTA-nın fəaliyyətinin təkmilləşdirilməsi məsələləri təşkilatın maliyyə dayanıqlılığının artırılmasına yönəlik addımları əhatə edirdi. Bu hədəflər həm də təşkilatın institusional güclənməsi, bilik və təcrübə mübadiləsindəki rolunun artırılması, regional əlaqələrinin genişləndirilməsi ilə bağlı idi.

IOTA-ya prezidentliyin ölkəmizə həvalə edilməsi
vergi sistemi qarşısında bir sıra yeni hədəflər müəyyənləşdirdi

IOTA-ya prezidentlik dövründə ölkəmiz texniki əməkdaşlıq və regional koordinasiya sahələrində bir sıra mühüm təşəbbüslərə imza atıb. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bir çox Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri ilə görüşlər keçirib. Müzakirələr zamanı təşkilatın imkanlarının genişləndirilməsi, yeni üzvlərin cəlb edilməsi və maliyyə dayanıqlılığının artırılması istiqamətində təkliflər nəzərdən keçirilib. Dövlət Vergi Xidmətinin IOTA-ya rəhbərliyi müddətində həyata keçirilən işlər, təşkilatın əməliyyat effektivliyini və üzv dövlətlər üçün cəlbediciliyini artırmaq məqsədi daşıyan strateji inkişaf planları barədə konstruktiv dialoqlar aparılıb. Maliyyə dayanıqlılığı məsələləri də prezidentliyin prioritetlərindən biri olub. Maliyyə Məşvərət Komitəsi tərəfindən hazırlanmış ortamüddətli maliyyə davamlılığı planı çərçivəsində gəlir axınlarının təkmilləşdirilməsi, töhfə sisteminin optimallaşdırılması, ehtiyat fondların daha etibarlı investisiya alətlərinə yönəldilməsi və yeni gəlir mənbələrinin araşdırılması istiqamətində işlər aparılıb. Bu səylər nəticəsində yeni maliyyə modelləri və təkliflər hazırlanıb.

Bu dövrdə insan resursları sahəsində də əhəmiyyətli təşəbbüslər irəli sürülüb. Xüsusilə beynəlxalq vergi ekspertləri üçün ayrıca siyasət və insan resursları funksiyalarına dair sənədlər hazırlanıb. Bu, IOTA-nın ekspert potensialını genişləndirmək və gələcəkdə institusional dayanıqlılığını təmin etmək məqsədi daşıyır.

Dövlət Vergi Xidməti prezidentlik dövründə IOTA-ya üzv ölkələr ilə çoxşaxəli tərəfdaşlığı genişləndirib. Təşkil edilən texniki seminarlar, regional forumlar, bilik mübadiləsi proqramları və qarşılıqlı təlimlər bu əməkdaşlığın əsas dəstəkləyici vasitələri olub. IOTA-nın gələcək institusional və maliyyə baxımından dayanıqlı inkişafına verilən töhfələr beynəlxalq fiskal məkanda Azərbaycanın vergi sisteminin mövqeyini daha da möhkəmləndirib.

Dövlət Vergi Xidmətinin IOTA-ya rəhbərliyi müddətində həyata keçirilmiş ən mühüm tədbirlərdən biri isə Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum oldu. İqlim fəaliyyətinin başlıca prioritetə çevrildiyi bir dönəmdə ölkəmizdə IOTA üzvü olan ölkələrdən 40-dan çox yüksək vəzifəli vergi rəsmisinin, aparıcı beynəlxalq təşkilatların nümayəndələrinin, biznes liderlərinin iştirakı ilə qlobal əhəmiyyət kəsb edən mövzularda səmərəli müzakirələr təşkil edildi. Tədbir çərçivəsində təmiz ətraf mühit gündəliyinin hədəflərinin reallığa çevrilməsi yolunda təşəbbüslərə töhfə verən, yeni yanaşmaların təməlini qoyan və dayanıqlı inkişafa töhfə verən konstruktiv dialoqlar quruldu.

Bu çərçivədə əldə edilən təcrübə və biliklər ölkəmizdə aparılan
vergi islahatlarının daha da təkmilləşdirilməsi üçün yeni fürsətlər formalaşdırıb

Azərbaycanın vergi sistemi üçün yeni perspektivlər

IOTA-ya prezidentlik dövrü ölkəmizin vergi sisteminin inkişafı üçün əlverişli imkanlarla səciyyələnir. Bu çərçivədə əldə edilən təcrübə və biliklər ölkəmizdə aparılan vergi islahatlarının daha da təkmilləşdirilməsi üçün yeni fürsətlər formalaşdırıb. Bu təcrübə vergi inzibatçılığında innovativ metodların və beynəlxalq standartların ölkəmizdə tətbiqinə imkan yaradır. Azərbaycanın regional və beynəlxalq vergi əməkdaşlığının təşviqində həlledici rolunun genişlənməsi ilə yadda qalan bu dövr ölkəmizin vergi sisteminə yeni xidmətlər və rəqəmsal həllərin inteqrasiyası üçün əlverişli şərait yaradıb.

IOTA prezidentliyi Azərbaycanın vergi infrastrukturunun beynəlxalq səviyyədə daha geniş tanınmasına da yol açıb. Prezidentlik müddətində beynəlxalq vergi ekspertlərinin iştirakı ilə bir çox tədbirlər təşkil edilib. Bu çərçivədə IOTA-nın 29-cu Baş Assambleyası Bakıda təşkil edildi. 17-19 iyun tarixlərində baş tutan bu tədbir IOTA-nın ən mühüm tədbirlərindən hesab edilir. “Sürətlə dəyişən mühitdə adaptiv və çevik vergi administrasiyası” mövzusunda keçirilən Assambleyada iştirak üçün nüfuzlu vergi ekspertləri, Avropa ölkələrinin vergi administrasiyalarının rəhbərləri və təmsilçiləri bir araya gəldilər. Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli bildirib ki, Azərbaycanın IOTA-ya prezidentliyi dövründə təşkilatın institusional inkişafı, regional əməkdaşlığın gücləndirilməsi və innovativ vergi idarəçiliyi sahəsində bilik mübadiləsinin genişləndirilməsi əsas prioritetlər olub. IOTA-nın 2023-2027-ci illər üzrə strategiyasında müəyyən edilmiş hədəflərin reallaşdırılmasına xüsusi diqqət yetirilib. Görülmüş işlər yalnız bir dövrün yekunu deyil, bu, həm də IOTA-nın gələcək institusional və maliyyə baxımından dayanıqlı inkişafına töhfə vermək məqsədi daşıyır. Bu səbəbdən də IOTA-nın icraçı katibi Aliks Perinyon de Trua da ölkəmizin vergi orqanlarının rolunu yüksək qiymətləndirib. IOTA-nın icraçı katibi Bakıda keçirilən 29-cu Baş Assambleyanın sessiyalarına ev sahibliyi və 2024–2025-ci illər üçün IOTA-nın prezidenti vəzifəsini icra etdiyinə görə Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərliyə dərin təşəkkürünü bildirib: "Azərbaycanın Dövlət Vergi Xidməti təşkilata çoxsaylı dəyərli töhfələr verib. 180-dək iştirakçını bir araya gətirən bu Baş Assambleya və tədbir çərçivəsində keçirilən sərgi böyük bir uğurdur”.

Bu dövr həm vergi təcrübələrinin mübadiləsi, həm də yerli vergi sisteminin imkanlarının tanıdılması baxımından əhəmiyyətli məqamlarla yadda qaldı. IOTA-ya prezidentlik uğurla icra edildi. Bu isə bir daha milli vergi sisteminin beynəlxalq səviyyədə dayanıqlı inkişafa və qlobal tərəfdaşlığın güclənməsinə töhfə vermək iqtidarında olduğunu nümayiş etdirdi.

Gülay NƏBİYEVA

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?