Vergi Məcəlləsinə dəyişikliklər sahibkarlıq mühitinin yaxşılaşdırılmasına yönəlib
Vergi Məcəlləsinə təqdim olunan dəyişikliklər ölkədə həyata keçirilən iqtisadi islahatların davamı olmaqla, vergi sisteminin müasir çağırışlara uyğun inkişafına yönəlib. Bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında çıxışı zamanı deyib.
Orxan Nəzərlinin sözlərinə görə, əsas məqsəd vergi inzibatçılığının sadələşdirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması, vergi ödəyicilərinin inzibati və maliyyə yükünün optimallaşdırılması, eyni zamanda, fiskal dayanıqlılığın təmin edilməsidir.
“Dəyişikliklər paketi 2027-ci ildən tətbiqi nəzərdə tutulan büdcə-fiskal çərçivə ilə uzlaşdırılıb, ölkənin sosial-iqtisadi inkişaf prioritetləri, strateji sahələrin dəstəklənməsi və investisiyaların təşviqi hədəfləri nəzərə alınmaqla hazırlanıb. Təqdim olunan dəyişikliklərin bir hissəsi sahibkarlıq subyektləri ilə aparılan geniş müzakirələrin nəticəsi və onların irəli sürdüyü təkliflər əsasında formalaşdırılıb”, - Orxan Nəzərli qeyd edib.
Xidmət rəisi əlavə edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində İqtisadi Şurada sahibkarların üzləşdiyi çətinliklərin öyrənilməsi və həll yollarının müəyyənləşdirilməsi məqsədilə xüsusi altqrup yaradılıb. Həmin altqrupla sıx əməkdaşlıq şəraitində müxtəlif sahələri təmsil edən sahibkarlıq subyektləri və biznes assosiasiyaları ilə çoxsaylı görüşlər keçirilib, onların fəaliyyətində yaranan çətinliklər və irəli sürdükləri təkliflər ətraflı təhlil olunub.
“Aparılan müzakirələrin nəticələri cari ilin büdcə-vergi siyasətində nəzərə alınıb. Ümumilikdə, hazırki layihədə dəyişiklik təklif olunan 67 istiqamətdən 21-i məhz sahibkarlıq subyektlərinin təqdim etdiyi və tərəfimizdən məqsədəmüvafiq hesab edilmiş təkliflər əsasında formalaşdırılmışdır. Bu yanaşma vergi siyasətinin formalaşdırılmasında biznes ictimaiyyətinin iştirakının təmin edilməsinə, sahibkarların real ehtiyaclarının nəzərə alınmasına və dövlət–biznes dialoqunun konkret nəticələrə çevrilməsinə xidmət edir", - Orxan Nəzərli bildirib.
Layihə 4 əsas blokdan ibarət olmaqla ümumilikdə 67 istiqamət üzrə dəyişiklik təklifini əhatə edir. Layihənin əsas istiqamətləri biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi, vergitutma bazasının genişləndirilməsi, vergi nəzarəti mexanizmlərinin gücləndirilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsindən ibarətdir.
“Biznes mühitinin yaxşılaşdırılması və investisiyaların təşviqi istiqamətində nəzərdə tutulan dəyişikliklər mikro və kiçik sahibkarlığın dəstəklənməsini, vergi öhdəliklərinin vaxtında yerinə yetirilməsinin stimullaşdırılmasını, kənd təsərrüfatında yeni vergitutma mexanizminin tətbiqini, ayrı-ayrı sektorların inkişafına yönəlmiş tədbirləri, eləcə də bir sıra vergi güzəştlərinin müddətinin uzadılmasını əhatə edir.
Bu çərçivədə növbəti il üçün təklif olunan mühüm dəyişikliklərdən biri mikro və kiçik sahibkarlığın inkişafının stimullaşdırılmasına, fəaliyyətlərinin dayanıqlılığının təmin edilməsinə və uzunmüddətli böyümə imkanlarının genişləndirilməsinə yönəlib. Ən azı iki il kiçik sahibkar kimi fəaliyyət göstərən vergi ödəyicilərinə müəyyən şərtlərlə gəlir və ya mənfəət vergisi üzrə 5 illik güzəştin tətbiqi nəzərdə tutulur. Aparılmış hesablamalara əsasən, yalnız bu dəyişiklikdən təxminən 10 min vergi ödəyicisinin faydalanacağı gözlənilir", - Orxan Nəzərli əlavə edib.
