7 Noyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Düzgün kommunikasiyanın arxasında real iş və sistemli fəaliyyət dayanır”

“Düzgün kommunikasiyanın arxasında real iş və sistemli fəaliyyət dayanır” MÜSAHİBƏ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) 2025-ci ilin yekunlarına görə “Netty” İnternet Mükafatına layiq görülüb. Qurumun “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi “Elektron hökumət və rəqəmsallaşma” kateqoriyası üzrə “Sosial kanallar və səhifələr” nominasiyasında qalib gəlib. 

Bu uğur DVX-nin rəqəmsal kommunikasiya sahəsində sistemli və məqsədyönlü fəaliyyətinin göstəricisi kimi dəyərləndirilir. DVX-nin Media və kommunikasiya idarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Arif Ələkbər “Netty” mükafatının əhəmiyyəti və komandanın işi ilə bağlı “vergiler.az”a danışıb. 

- Arif müəllim, “Netty” mükafatı komandanıza və ümumilikdə quruma necə motivasiya verir?

- “Netty” milli internet mükafatının qazanılması bizim üçün təkcə bir uğur deyil, həm də görülən işlərin düzgün istiqamətdə aparıldığının təsdiqidir. Bu mükafat komandaya əlavə motivasiya verir, çünki hər kəs öz əməyinin dəyərləndirildiyini real şəkildə görür. Eyni zamanda, qurum daxilində rəqəmsal kommunikasiya və açıq informasiya siyasətinə olan inam daha da güclənir. Bu, “daha yaxşısını etmək olar” düşüncəsini kollektiv şəkildə paylaşmağımıza səbəb olur.

- Bu uğurun arxasında duran komanda işinin sirri və yanaşmalar nələrdir?

- Əsas amil komandada düzgün iş bölgüsü, qarşılıqlı etimad və çevik qərarvermə mühitidir. Biz klassik yanaşmadan daha çox, rəqəmsal davranış modelini əsas götürürük: məlumatı sadəcə yaymaq yox, onu başadüşülən, vizual və cəmiyyət üçün faydalı formada təqdim etmək. Kontent hazırlayarkən operativlik, dəqiqlik və şəffaflıq əsas prinsipimizdir. Bu yanaşma komanda işi ilə birləşəndə nəticə də uğurlu olur.

Düşünürəm ki, bizi fərqləndirən əsas cəhət texniki və ixtisaslaşmış mövzuları geniş auditoriya üçün anlaşılan formaya sala bilməyimizdir. Vergi və elektron xidmətlərlə bağlı məlumatlar çox vaxt mürəkkəb görünür, amma biz onları sadə dildə, vizual yanaşma və real nümunələr vasitəsilə təqdim edirik. Xüsusilə, vergilərlə bağlı bir çox məlumatı qısa, vizual və anlaşılan videoçarxlar şəklində hazırlayıb sosial şəbəkələrdə paylaşırıq. Bu format istifadəçilərin məlumatı daha tez qavramasına və gündəlik həyatda tətbiq etməsinə imkan yaradır. Sosial platformaların dinamikasına uyğun kontent istehsalı isə səhifənin auditoriya ilə canlı ünsiyyət qurmasına şərait yaradır.

Eyni zamanda, DVX rəhbərliyinin dəstəyi və etimadının da bu uğurun qazanılmasında rolu böyükdür. Bu baxımdan, əldə etdiyimiz nailiyyəti ümumilikdə DVX-də çalışan hər bir əməkdaşın əməyinin nəticəsi kimi qiymətləndiririk. Çünki düzgün kommunikasiyanın arxasında real iş və sistemli fəaliyyət dayanır. “Netty” mükafatına layiq görülməyimiz bir daha göstərdi ki, dövlət qurumları rəqəmsal mühitdə cəmiyyətlə açıq, şəffaf və müasir ünsiyyət qura bilər. Biz bu etimadı qoruyub daha da inkişaf etdirmək niyyətindəyik.

- Bu uğurdan sonra fəaliyyətinizdə hansı yenilikləri görəcəyik?

- “Netty” mükafatı bizim üçün son dayanacaq deyil, əksinə, yeni mərhələnin başlanğıcıdır. Yaxın dövrdə video və qısa formatlı izah materiallarının sayını artırmaq, daha interaktiv və maarifləndirici kontent hazırlamaq planlarımız var.

Bununla yanaşı, süni intellekt vasitəsilə hazırlanan məlumatlandırıcı materiallara da xüsusi diqqət ayırmağı planlaşdırırıq. Müasir dövrdə informasiya sürəti və vizual qavrayış ön plana çıxır və bu reallıq yeni yanaşmalar tələb edir. Süni intellekt alətlərindən istifadə etməklə məlumatların daha çevik, dəqiq və anlaşılan formada təqdim olunması istiqamətində işlərimizi genişləndirəcəyik.

Faiq KƏRİMOĞLU

Vergi“YouTube”dan gəlir əldə edən şəxsin hansı vergi öhdəliyi və güzəştləri var? VergiƏmlakın əvvəlki sahibinin ödənilməmiş vergi borcu yeni mülkiyyətçiyə aid edilə bilərmi? Vergiİnvestorun xarici şirkətdən əldə etdiyi dividend gəliri hansı qaydada vergiyə cəlb olunur? VergiÖzəl sektorda çalışan işçilərin gəlirlərinin vergiyə cəlb olunması VergiMəişət mallarının satışı ilə məşğul olan fərdi sahibkarın dövriyyəsi artdıqda ƏDV qeydiyyatına alınmalıdırmı? VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər?