Korrupsiyaya qarşı mübarizə və şəffaflıq məsələləri müzakirə edilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində (DVX) korrupsiyaya qarşı mübarizə və idarəetmədə şəffaflığın artırılması mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə DVX-nin müvafiq struktur bölmələrinin rəhbər vəzifəli şəxsləri, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndələri, vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.
Görüşdə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verilib. Tədbir iştirakçıları dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması istiqamətində görülən işlərə toxunaraq, bu sahədə tədbirlərin davamlılığının təmin edilməsinin vacibliyini vurğulayıblar.
Dəyirmi masada korrupsiya halları, eləcə də vergi orqanları əməkdaşlarının hərəkətləri (hərəkətsizliyi) barədə məlumatvermə imkanları, vergi ödəyicilərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin bu imkanlar barədə məlumatlandırılması, müraciət və şikayətlərə baxılması, uyğunsuzluq məktublarının tərtibi, həmçinin vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə vətəndaş cəmiyyəti nümayəndələrinin səsləndirdikləri rəy və təkliflər dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. Korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
