Dünya iqtisadiyyatında vergi siyasətinin imperativləri MƏQALƏ
Dördüncü sənaye inqilabının çağırışları
Əsaslandığı ictimai və iqtisadi quruluşundan asılı olmayaraq, hər bir ölkədə aparılan vergi siyasəti həmişə mövcud sənaye inqilablarının inkişaf tendensiyaları əsasında formalaşmışdır. Sənaye inqilabları nəticəsində yaranan yeni texnologiyalar yeni məcmu tələb yaratmış və onun nəticəsində yeni ixtisaslara yiyələnmək zərurəti ortaya qoymuş, bu isə öz növbəsində əhalinin məşğulluğu strukturunu dəyişmişdir. Dördüncü sənaye inqilabına keçid, informasiya texnologiyalarının inkişafı, süni intellektin tətbiqi, rəqəmsal iqtisadiyyatın genişlənməsi istər inkişaf etmiş, istərsə də inkişaf etməkdə olan ölkələrdə dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasətin əsas tərkib hissələrindən biri kimi vergi siyasətinə olan tələbi əhəmiyyətli dərəcədə artırmışdır. Hansı sənaye inqilablarının olub-olmamasından asılı olmayaraq, vergi siyasətinin qarşısında duran və həlli imperativ xarakter daşıyan məsələlərdən biri də onun stimullaşdırıcı funksiyalarından istifadə etməklə “kölgə iqtisadiyyatı”nın səviyyəsinin aşağı salınması hesabına müşahidə olunan iqtisadiyyatın miqyasını genişləndirməkdən, iqtisadi artımı sürətləndirməkdən ibarətdir.
Dördüncü sənaye inqilabı isə artıq bioloji sistemlərlə fiziki sistemlər arasındakı fərqlərin azalmasına, düşünmə qabiliyyətinə malik süni intellektlərin yaranmasına səbəb olmuşdur. İşçi qüvvəsinin süni intellektlə, robotlarla əvəz edilməsi gəlir vergisinə və digər vergilərə münasibəti dəyişir. Bununla bağlı aşağıdakı aspektdə olan məsələlər diqqət mərkəzində olmalıdır:
- Əhalinin məşğulluğunun strukturunda baş verən dəyişikliklər nəticəsində əməktutumlu və gəlir vergisinin ödəyiciləri olan fiziki şəxslərin süni intellektlə əvəz olunması;
- Muzdlu işlə bağlı gəlir vergisində baş verə biləcək dəyişikliklərin digər vergi növləri hesabına kompensasiya edilməsi;
- Texnoloji şirkətlərin gəlirlərinin və kapitallaşmasının sürətlə artması ilə müxtəlif şirkətlərin gəlir və mənfəəti üzrə paylanmasında ciddi diferensiasiyanın yaranması;
- Süni intellekt platformalarının yaradılması, iqtisadiyyatın rəqəmsallaşdırılmasına uyğun vergi sisteminin mövcud tendensiyalar üzrə təkmilləşdirilməsi;
- AI (süni intellekt) şirkətlərinin vergitutma bazalarının hesablanması və onun aşağı vergi dərəcələri olan ölkələrə keçirilməsinə qarşı mübarizə ilə bağlı tədbirlər.
Əlbəttə, bu məsələlərin sayını daha da artırmaq olar. Amma dünya ölkələrinin iqtisadi inkişaf səviyyəsində ciddi fərqlərin olduğuna görə, müxtəlif məsələlər həmin ölkələrin iqtisadiyyatına fərqli şəkildə təsir göstərəcəkdir. Artıq heç bir işçisi və ofisi olmayan, milyardlarla dövriyyəyə malik yüzlərlə AI şirkətləri fəaliyyət göstərir və onların vergiyə cəlb edilməsi ilə bağlı müxtəlif çətinliklər meydana çıxır. Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunması, iqtisadi əlaqələrin genişlənməsi, öz növbəsində, vergi qanunvericiliyinin bu istiqamətdə dizayn edilməsi zərurətini meydana çıxaracaqdır.
Süni intellekt və Həyat 3.0
Müasir informasiya sistemləri, sosial şəbəkə platformaları və texnologiyalar artıq insanların düşünmə tərzinə, qərarvermə prosesinə təsir göstərir. Dördüncü sənaye inqilabı üçüncü sənaye inqilabından fərqlidir. Bəs, iqtisadiyyatın inkişaf tendensiyalarında nə gözlənilir, süni intellektin tətbiqinin nəticələri nədən ibarət olacaqdır? Əlbəttə, bunu demək çətindir və dünya alimləri tərəfindən qəbul edilmiş vahid bir konsensus mövcud deyildir. Dördüncü sənaye inqilabından sonra bir çox mütəxəssislər insan cəmiyyətinin Həyat 3.0 formulu ətrafında cəmləşdiyini bildirirlər. Həyat 3.0 formulu məşhur İsvec fiziki Tegmarkın tədqiqatlarından sonra yaranıb. Həyat 3.0 - insan cəmiyyətinin süni intellekt erasında fəaliyyəti kimi başa düşülür. Bu erada artıq bir çox ixtisaslar sıradan çıxacaq, yeni ixtisaslar meydana gələcək və şübhəsiz ki, vergi sistemində də xidmətlərdə yeni keyfiyyət dəyişiklikləri baş verəcəkdir. İqtisadiyyatda, texnologiyalarda baş verən dəyişikliklər birbaşa vergi sisteminə də təsir göstərir. Məsələn, iqtisadiyyatın bir çox sektorlarında, xüsusilə xidmət sahələrində, nəqliyyatda inkişaf etmiş ölkələrdə süni intellektə malik robotlardan geniş istifadəyə başlanılmışdır. İşçilərin ixtisarı nəticəsində gəlir vergisində azalmalar müşahidə edilməkdədir. Düşünmə qabiliyyətinə malik olmasına baxmayaraq, robotların gəlir vergisinə cəlb edilməsi mümkün deyildir. Buna rəğmən, bəzi vergi administrasiyaları hətta onların vergiyə cəlb edilməsi ilə bağlı düşüncələr aparırlar.
Artıq süni intellekt erasında vergi sahəsində ixtisaslaşan beynəlxalq vergi təşkilatları (OECD, IOTA), habelə Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və digər təşkilatlar “Vergitutmanın gələcəyi” (The future of taxation) mövzusunda seminarlar, elmi simpoziumlar və müxtəlif xarakterli tədbirlər həyata keçirirlər. Bir çox vergi administrasiyaları vergi qanunvericiliyinin yeni biznes mühitinə uyğunlaşması baxımından narahatlıq keçirirlər. Bəzi alimlər qeyd edirlər ki, artıq cəmiyyət üçün yeni istirahət erası başlayır və insanların yerinə robotlar çalışacaqlar. Bəs bu proses vergi daxilolmalarına necə təsir göstərəcək? İnsanların istirahəti üçün (leisure society) maliyyə resursları hansı mənbələr hesabına formalaşacaq?

Vergi sistemində süni intellektin tətbiqindən danışmazdan əvvəl onun ənənəvi informasiya texnologiyalarından hansı fərqli xüsusiyyətlərinin olduğunu dərk etmək lazımdır. Süni intellekt elə bir qurğudur ki, o, ətraf mühiti (mövcud institusional mühiti, formal və ya qeyri-formal normaları) dərk edir və vəziyyətdən asılı olaraq, düzgün qərar qəbui edir, insana oxşar şəkildə fəaliyyət göstərir. Lakin bunu insanın etdiyindən yüz dəfələrlə sürətlə həyata keçirir və heç bir səhv buraxmır. Bu keyfiyyətinə görə artıq süni intellektlər bir çox vergi administrasiyalarında (ABŞ, Kanada, Fransa, İsveç və s.) vergi potensialının müəyyən edilməsində, vergi proqnozlarının hazırlanmasında, vergi risklərinin qiymətləndirilməsində və digər sahələrdə müvəffəqiyyətlə tətbiq edilir. Artıq riyazi-iqtisadi modellər və onun həlli sahəsində mövcud alqoritmlər dəyişdirilərək süni intellekt vasitəsilə daha dəqiq şəkildə həyata keçirilir. Süni intellektlər görmək, hiss etmək, danışmaq, eşitmək, düşünmək, iy bilmək qabiliyyətinə malikdirlər. Onlar sərbəst və eyni zamanda insanla birlikdə fəaliyyət göstərə bilir, insanlara qərar verməkdə kömək göstərir və insan tərəfindən çəkilən tranzaksiya və koqnitiv xərclərə qənaət edir və ən başlıcası, bunu sürətlə həyata keçirir. Süni intellekt, eyni zamanda, vergi ödəyicilərinin gələcək davranışlarını proqnozlaşdırmaq qabiliyyətinə malikdir. Dünyada tətbiq edilən ilk süni intellektə malik super kompüterlərdən biri “IBM” şırkəti tərəfindən hazırlanmış “IBM Watson” olmuşdur. İlk illərdə o, tibb sahəsində çətin xəstəliklərin düzgün diaqnozu məqsədilə yaradılmışdır. Lakin sonralar ABŞ-də hüquq sahəsində tətbiq edilməyə başlanılmış və heç bir vəkilin doğru qərar qəbul edə bilmədiyi hallarda dəqiq həll yollarını göstərə bilmişdir. Hal-hazırda ABŞ-də “IBM Watson” süni intellektindən on minlərlə işçiyə malik böyük beynəlxalq multi-milli şirkətlərdə vergi bəyannamələrinin dəqiq doldurulması prosesində geniş istifadə olunur. “IBM Watson”, eyni zamanda, qanunları öyrənmək qabiliyyətinə malikdir. ABŞ-nin federal və ştatlar üzrə 74 min səhifədən ibarət olan vergi qanunvericiliyi ona yüklənilmiş və ani olaraq dərk edilmişdir. ABŞ-də gəlir bəyannaməsi ümumi olduğuna görə, əhalinin böyük hissəsini əhatə edir. “IBM Watson” bu şirkətlərdə vergi üzrə mütəxəssis kimi fəaliyyət göstərir. Minlərlə işçinin vergi bəyannamələrini heç bir səhv etmədən qısa bir müddət ərzində tərtib edərək vergi orqanlarına göndərir. ABŞ-nin vergi sahəsində ixtisaslaşmış “H&R Block” şirkətinin minlərlə ofisi mövcuddur. Bu şirkət milyonlarla insana vergi xidməti göstərir və milyonlarla vergi bəyannaməsini vergi orqanlarına təqdim edir. “IBM Watson”la əməkdaşlıqdan sonra amerikalılara geri qaytarılan vergi məbləğləri artmış və səhvlər aradan qaldırılmışdır.
Süni intellektlərin beynəlxalq maliyyə korporasiyaları, transmilli şirkətlər tərəfindən istifadə edilməsi vergi qanunvericiliyində olan boşluqlar, azadolmalar və güzəştlərdən istifadə etməklə vergi planlaşdırılması məsələsini də gündəmə gətirməkdədir. Gələcəkdə artıq inkişaf etmiş ölkələrin vergi orqanları süni intellektin imkanlarından daha geniş istifadə edəcəklər.
Fiskal funksiyalar və reallıqlar
Vergi siyasətinin fiskal funksiyasının məqsədi vergi gəlirlərinin dövlət büdcəsinə vaxtında və proqnozlaşdırılan həcmdə mədaxil edilməsidir. Şübhəsiz ki, gələcəkdə informasiya texnologiyalarının, süni intellektin tətbiqi daha da sürətlənəcəkdir. Lakin, eyni zamanda, mövcud real iqtisadi və institusional mühit, formalaşan davranış modelləri də əsas götürülməlidir. Təbii ki, dövlətlər vergi gəlirlərinin miqdarının artırılmasında maraqlıdır və bu artmın davamlı xarakter daşıması, bir tərəfdən, dövlətin sosial funksiyalarının səmərəli şəkildə həyata keçirilməsində, digər tərəfdən isə əhalinin həyat səviyyəsinin yüksəlməsində, ölkənin müdafiə qabiliyyətinin güclənməsində, investisiya imkanlarının genişlənməsində xüsusi rol oynayır. Müasir dövrdə vergi gəlirlərinin artırılmasının əsas yolları aşağıdakılardan ibarətdir:
- Ölkənin ixracyönümlü sənaye və elmtutumlu sahələrinin inkişafı;
- Kıçik və orta müəssisələrin gələcəkdə multi-milli şirkətlərə çevrilməsi və inkişafı üçün əlverişli iqtisadi və institusional mühitin yaradılması;
- Vergi qanunvericiliyində baş verən dəyişikliklərin ölkənin təbii iqtisadi resurs potensialı əsasında iqtisadi inkişaf meyillərinə uyğun istiqamətləndirilməsi;
- Texnologiyaların gələcək inkişaf istiqamətlərinin proqnozlaşdırılması əsasında rəqəmsal iqtisadiyyatın tələbi üzrə məcmu təklifin formalaşdırılması.
Qlobal dünya iqtisadiyyatında ümumi məqsəd vergi siyasətinin əsas prioritet istiqamətlərinin müəyyənləşdirilməsini tələb edir. Digər tərəfdən, süni intellektin iqtisadi proseslərə təsiri, rəqəmsal iqtisadiyyatın genişlənməsi, dünya iqtisadiyyatında multi-milli korporasiyaların rolunun artması vergi siyasətinin imperativ xarakter daşıyan, həlli vacib olan aşağıdakı məsələləri aktuallaşdırır:
- Vergi məsələlərində beynəlxalq əməkdaşlıq;
- “Yaşıl vergi” siyasəti və onun həyata keçirilməsi;
- İstehlak vergilərinin təkmilləşdirilməsi;
- Vergi risklərinin idarə olunması;
- Rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi;
- Vergi güzəştləri və əməletmə prinsiplərinin təkmilləşdirilməsi.
Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə əsas problemlərdən biri də ətraf mühitin çirklənməsi və yaşıllığın azalmasıdır. Bu nöqteyi-nəzərdən, “yaşıl vergi” siyasəti və onun həyata keçirilməsi” mövzusu xüsusilə diqqəti cəlb edir. Yaşıllaşdırmanın artırılması və iqlim dəyişikliyi qlobal problemlərdir. Dünyanın bütün ölkələri ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə iqtisadi siyasət alətləri üzərində çalışırlar. Ətraf mühitlə bağlı vergilər və tullantıların ticarət proqramları ən effektiv iqtisadi siyasət alətlərindəndir.
Son illər ərzində enerji məhsullarından və tullantılardan tutulan vergilərin ətraf mühitin çirklənməsi probleminə təsiri barədə araşdırmalar və təhlillər aparılır. “Yaşıl vergi”lərin tətbiqi ekoloji xərclərin müəyyən edilməsində əhəmiyyətli rol oynamağa başlamışdır. Həmin vergilər üzrə ödənilən məbləğ istehsalçılar tərəfindən məhsulun qiymətinin müəyyən edilməsində nəzərə alınır. Bu vergilər, əsasən, istehsalı ətraf mühitə təsir edən məhsulların üzərinə qoyulur. Buna misal olaraq, hal-hazırda bir çox ölkələrdə, o cümlədən Azərbaycanda avtomobillərə, neft məhsullarına tətbiq edilən aksizləri göstərmək olar.
Artıq ekoloji vergilər dövlətin utilizasiya xərclərinin qarşılanması məqsədilə də tətbiq edilir. Bir çox ölkələrdə, məsələn, İrlandiyada, İslandiyada plastik paketlərin istehsalına çəkilən xərclərə 15 faiz vergi tətbiq edilir. Plastik qabların və paketlərin utilizasiyası çox böyük xərc tələb edir və hazırda dəniz və okeanların çirklənməsi mənbəyinə çevrilmişdir.
Avropa ölkələrinin əksəriyyətində ətraf mühitə vurulan zərərin kvotası böyük əhəmiyyət kəsb edən məsələlərdən biridir. Artıq bu ölkələrdə ətraf mühitə vurulan zərərin kvotasının auksion yolu ilə satışı həyata keçirilir. Kvotaların və tullantıların ticarəti “yaşıl” vergiqoyma sxemlərinin əsas tərkib hissələrinə çevrilmişdir. Göründüyü kimi, “yaşıl iqtisadiyyat”ın inkişafı, paralel olaraq, rəqəmsal iqtisadiyyatın genişləndiyi bir şəraitdə baş verir. Artıq süni intellektin tətbiqi ilə gələcəkdə ekoloji və texnoloji vergilərin rolu daha da artacaq və dövlət büdcəsinin potensial gəlir mənbəyinə çevriləcəkdir.
İmran QARAYEV, PhD
