5 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Aydın Hüseynov: “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi suverenliyini təmin edən əsas dayaqlardandır” MÜSAHİBƏ

İmzalanmasından 30 ildən artıq vaxt keçməsinə baxmayaraq, “Əsrin müqaviləsi” hələ də öz aktuallığını itirməyib. Müstəqil Azərbaycanın tarixində, iqtisadi inkişafında dönüş nöqtəsi olan bu razılaşma ölkəmizin uğurlu enerji strategiyasının təməli sayıla bilər. Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoyan “Əsrin müqaviləsi”nin 31-ci ildönümündə Milli Məclisin deputatı Aydın Hüseynovla həmsöhbət olduq. Millət vəkili Azərbaycanın müasir inkişaf tendensiyaları ilə bağlı “vergiler.az”ın suallarını cavablandırdı.

- Aydın müəllim, “Əsrin müqaviləsi” imzalanan ərəfədə Azərbaycanın iqtisadi vəziyyətini necə qiymətləndirərdiniz?

- O illərdə ölkəmizin iqtisadi mənzərəsi olduqca ağır idi. Sovet İttifaqının dağılmasından sonra dərin böhran yaşanırdı, sənaye müəssisələrinin fəaliyyəti dayanmış, istehsal kəskin azalmışdı. İnflyasiya, işsizlik, sosial gərginlik, maliyyə resurslarının tükənməsi vəziyyəti daha da çətinləşdirirdi. Azərbaycanın gələcəyi ilə bağlı nikbin baxışlar zəif idi. Məhz bu ağır dövrdə ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində sonradan “Əsrin müqaviləsi” adlandırdığımız Hasilatın Pay Bölgüsü Sazişi imzalandı. Bu, ölkəyə yeni nəfəs gətirdi. 1994-cü il sentyabrın 20-də Azərbaycanın Dövlət Neft Şirkəti ilə 7 ölkənin 11 nüfuzlu şirkəti arasında imzalanan və Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsünü nəzərdə tutan bu sənədlə müstəqil dövlətimizin neft strategiyasının əsası qoyuldu. “Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanmasına "yaşıl işıq" yandırdı. İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun çıxarıla bilən neft ehtiyatları 511 milyon ton müəyyən edildi. Sonradan aparılan qiymətləndirmələrin nəticələrinə görə isə bu göstərici 730 milyon tona çatdırıldı. Yataqların işlənilməsinə tələb olunan sərmayə xərcləri 11,5 milyard ABŞ dolları təşkil edirdi. Sonrakı mərhələdə imzalanmış neft sazişləri ilə Azərbaycanın neft sənayesinin inkişafı üçün nəzərdə tutulan 64 milyard ABŞ dolları həcmində sərmayənın 57,6 milyardı dəniz yataqlarının mənimsənilməsinə və perspektivli strukturlarda axtarış-kəşfiyyat işlərinin aparılmasına yönəldildi.

“Əsrin müqaviləsi” sonradan dünyanın 19 ölkəsinin
41 neft şirkəti ilə 30-dan çox sazişin imzalanmasına "yaşıl işıq" yandırdı

- Bu müqavilə növbəti mərhələdə ölkənin siyasi və iqtisadi həyatında hansı rol oynadı?

- “Əsrin müqaviləsi” Azərbaycan üçün həm iqtisadi, həm də siyasi dönüş nöqtəsi oldu. Bu müqavilə ölkəyə milyardlarla dollar xarici investisiyanın yolunu açdı, yeni iş yerləri, infrastrukturun bərpası və modernləşməsi üçün böyük imkanlar yaratdı. Sazişin imzalanmasından 3 il sonra - 1997-ci ildə “Çıraq” yatağından ilk neft hasilatına başlanıldı. Bu, dünya neft sənayesi tarixində müşahidə olunan nadir hadisələrdən idi. 1999-cu ilin dekabrında Azərbaycanın mənfəət nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı. 2005-ci ilin əvvəlində isə “Azəri” layihəsinin “Mərhələ 1” çərçivəsində hasilata başlandı. İkinci mərhələ çərçivəsində 2005-ci ilin dekabrında “Qərbi Azəri”, 2006-cı ilin sonlarında isə “Şərqi Azəri” platformaları işə salındı. 2008-ci ilin aprelindən “Dərinsulu Günəşli” platformasından hasilata start verildi. Bununla da ölkədə neft hasilatı kəskin şəkildə artdı və bu da nəticə etibarilə ölkəmizin valyuta gəlirlərinin yüksəlməsinə, eyni zamanda sənayenin inkişafına ciddi təkan verdi.

1997-ci ilin noyabrında ilk hasilat başlanandan 2025-ci ilin I rübünün sonunadək AÇG-dən 715,5 milyon ton (təqribən 4,5 milyard barel) neft hasil edilib. 2006-cı ildə ilk qaz hasilatından başlayaraq 2025-ci ilin I rübünün sonunadək “Şahdəniz” yatağından 250 milyard kubmetr qaz əldə edilib.

Siyasi baxımdan isə “Əsrin müqaviləsi” Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə mühüm töhfə verdi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmiz beynəlxalq enerji xəritəsində mühüm oyunçuya çevrildi. Regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Çoxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin istifadəyə verilməsi ilə regional əməkdaşlığın əsası qoyuldu. Beləliklə, Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan ölkə kimi tanındı.

Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti
nəticəsində ölkəmiz beynəlxalq enerji xəritəsində mühüm oyunçuya çevrildi

- Neft gəlirlərinin ədalətli bölüşdürülməsini və səmərəliliyini necə dəyərləndirirsiniz?

- Strateji neft sazişləri və müqavilələri çərçivəsində əldə edilən gəlirlərin ədalətli xərclənməsi vacib məsələ idi. Bu baxımdan, neftdən əldə edilən gəlirlərin gələcək nəsillərə çatdırılması üçün Dövlət Neft Fondunun yaradılması strateji qərar idi. Nəticədə ötən müddət ərzində neft gəlirləri şəffaf şəkildə idarə olundu, ölkənin sosial inkişafına, infrastrukturun qurulmasına, təhsil və səhiyyənin gücləndirilməsinə yönəldildi. Bu, Azərbaycanın iqtisadi dayanıqlığını təmin etməklə uzunmüddətli sabitliyə xidmət etdi. Fonda yığılan ilk vəsaitlərin bir hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəməri layihəsində Azərbaycanın payının (297,9 milyon manat) maliyyələşdirilməsinə sərf olunub. Həmin vəsaitlərin 2 milyard 702 milyon manatı münaqişə nəticəsində öz doğma yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin məskunlaşdırılması layihələrinə xərclənib. Oğuz-Qəbələ su kəmərinin çəkilməsi, Samur-Abşeron kanalının yenidən qurulması, ölkəmiz üçün starteji əhəmiyyət daşıyan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin maliyyələşdirilməsi Dövlət Neft Fondunda toplanan vəsait hesabına başa gəlib. Cənub Qaz Dəhlizi layihəsinə isə Fonddan 1 milyard 530 milyon manat vəsait yönəldilib. Hazırda isə Fond “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsini təmin edir.

- Bu il “Konstitusiya və Suverenlik İli” elan olunub. Azərbaycanın suverenliyinin möhkəmlənməsində “Əsrin müqaviləsi”nin rolunu necə qiymətləndirirsiniz?

- Bu müqavilə Azərbaycanın iqtisadi suverenliyini təmin edən əsas dayaqlardan biri oldu. Çünki enerji resurslarımız milli maraqlara uyğun şəkildə idarə olunmaqla ölkəmizin beynəlxalq tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlığına vəsilə oldu. Ümummilli lider Heydər Əliyevin başlatdığı bu siyasət Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildi. Bu gün tam ərazi bütövlüyünə nail olmuş, iqtisadi və siyasi gücünü möhkəmləndirmiş dövlətimizin suverenliyi həm regionda, həm də beynəlxalq aləmdə etiraf olunur, qəbul edilir.

Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası bu gün
Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun
davam etdirilir və Azərbaycanın gələcəyini təmin edən yol xəritəsinə çevrilir

- “Əsrin müqaviləsi” ilə əsası qoyulan enerji strategiyasının bugünkü davamı və gələcək perspektivləri necə görünür?

- Azərbaycanın enerji strategiyası dövlətimizin başçısının uzaqgörən siyasəti ilə daha da genişlənib. Bakı–Tbilisi–Ceyhan neft kəməri, Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr Azərbaycanın regionda enerji xəritəsinin aparıcı oyunçusuna çevrilməsinə səbəb oldu. Bu gün isə ölkə bərpaolunan enerji layihələrinə start verib. Xəzər dənizində Günəş və külək enerjisi, digər alternativ resurslar Azərbaycanın gələcək inkişafının əsas istiqamətlərindən biridir. Beləliklə, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu enerji strategiyası bu gün Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun davam etdirilir və Azərbaycanın gələcəyini təmin edən yol xəritəsinə çevrilir.

Fərqanə ALLAHVERDİQIZI

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?