İnfrastruktur üçün özəl sərmayələr: beynəlxalq trendlər və perspektivlər MƏQALƏ
Qlobal iqtisadiyyatda müşahidə edilən dəyişikliklər investisiyaların yönəldiyi istiqamətlərdə yeni tendensiyalar formalaşdırıb. Son dövrlərdə infrastruktur layihələrinin iş yerlərinin yaradılması, uzunmüddətli inkişaf və dayanıqlılıq üçün əhəmiyyəti artıb. Sabit gəlirlər və güclü dövlət dəstəyi ilə səciyyələnən bu sahə investorlar üçün daha az riskli, proqnozlaşdırıla bilən gəlirlər və digər özəl sərmayə sahələrinə nisbətən daha səmərəli nəticələr verir. Dünya Bankının “Infrastructure Monitor 2024” hesabatında qeyd edilir ki, investisiyalar xüsusilə ilkin bazarlarda (yaşıl sahələr və özəlləşdirmə layihələrində) artmaqda davam edir, lakin regionlar və gəlir səviyyələri arasında fərqlər dərinləşir. Hesabatda vurğulanır ki, bu boşluğu aradan qaldırmaq üçün hədəflənmiş dəstək, sağlam tənzimləmə və qarışıq maliyyələşmə, zəmanətlər kimi innovativ maliyyə alətlərinin tətbiqi genişləndirilməlidir.
İnfrastruktur layihələrinin təşviqi təkcə iqtisadi artım üçün deyil,
həm də iş imkanlarının və biznesin aktivliyinin artması üçün mühüm təkandır
İnvestorların infrastruktur layihələrinə marağı artır
2023-cü ildə ilkin bazarlarda qlobal infrastruktur layihələrinə özəl sərmayə nominal ifadədə əhəmiyyətli dərəcədə artaraq pandemiyadan öncəki beş ilin orta göstəricisini geridə qoyub. Paralel olaraq, infrastrukturun təkmilləşdirilməsi xərcləri də xeyli artıb. Bunun əksinə olaraq, inkişaf etməkdə olan bazarlarda artım zəif olub və inkişaf etmiş ölkələrlə müqayisədə fərqlər artıb. İkinci bazar fəaliyyətləri (korporativ və aktivlərin alınması, yenidən maliyyələşdirmə, qiymətli kağızlar) 2012–2022-ci illər arasında artsa da, 2023-cü ildə 17 faiz azalıb. Bu, əsasən, faiz dərəcələrinin yüksəlməsi səbəbilə baş verən aktiv qiymətlərindəki azalma ilə bağlıdır. İqtisadi çətinliklərə baxmayaraq, infrastruktur aşağı risk və sabit gəlir axtaran investorlar üçün cəlbedici olaraq qalır. Xüsusilə infrastruktur borcları qeyri-maliyyə korporativ borclar ilə müqayisədə daha güclü kredit performansı və daha yüksək geri ödəniş göstəricilərinə malikdir. Hətta investisiya dərəcəsi olmayan aktivlər arasında belə, infrastruktur kreditləri daha aşağı defolt səviyyələri ilə seçilir ki, bu da sektorun etibarlılığını göstərir.
Vergi təşviqlərinin verilməsi ölkənin investisiya mühitinin bir qədər də
təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb
olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa
xarici investisiyaların həcminin artırılmasına xidmət edir
Özəl sərmayələrin artmasına təkan verən yeni yanaşmalar
Dünya Bankının məlumatına görə, 2023-cü ildə yüksək gəlirli ölkələrdə ilkin bazar infrastruktur investisiyalarında təxminən 20 faizlik artım müşahidə olunub. Mütəxəssislər hesab edirlər ki, daha çox özəl kapital cəlb etmək üçün daha işlək mexanizmlər tətbiq edilməlidir. Bu, xüsusilə yüksək riskli hesab edilən bazarlara aiddir. Qarışıq maliyyələşmə strukturlarında zəmanətlər istifadə edildikdə, kommersiya kapitalının iştirakı əhəmiyyətli dərəcədə artır. Zəmanətli sazişlərdə özəl borc iştirakı 80 faizə çatdığı halda, zəmanətsiz layihələrdə bu göstərici 42 faizdir. Güclü tənzimləyici çərçivələr özəl sərmayənin əsas təminatçısıdır. Dünya Bankının təhlili göstərir ki, tənzimləyici mühitdə hər bir təkmilləşmə 450 milyon ABŞ dollarına qədər yeni sərmayənin cəlb olunmasına imkan yarada bilər. İnfrastruktur layihələrinin təşviqi təkcə iqtisadi artım üçün deyil, həm də iş imkanlarının və biznesin aktivliyinin artması üçün mühüm təkandır. Bunun üçün dövlət və özəl sektorlar arasında əməkdaşlığın dərinləşdirilməsi vacib hesab edilir.
Azərbaycanda investisiyaların təşviqində vergi güzəştlərinin müstəsna rolu
Biznes sahəsi və özəl sektorun iqtisadiyyatda rolunun artırılması üçün tənzimləyici mühitin əlverişli olması ölkəmizdə həyata keçirilən vergi islahatlarının mühüm bir istiqamətini təşkil edir. Vergi qanunvericiliyində investisiya mühiti və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində təkmilləşdirmələr aparılır. Bütövlükdə, dövlət - özəl sektor tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərlə bağlı zəruri infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrasına investisiyaların cəlb edilməsi məqsədilə vergi azadolmaları tətbiq olunur. Belə ki, dövlət − özəl sektor tərəfdaşlığı layihələri üzrə özəl tərəfdaşlara, bərpaolunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə isə istehsalçılara müvafiq müqavilələrdə müəyyənləşdirilmiş müddətdə, lakin 30 ildən çox olmayaraq mənfəət (gəlir), əmlak, torpaq, idxalda ƏDV üzrə güzəştlər verilir. Qeyd olunan istiqamətlərdə vergi təşviqlərinin verilməsi ölkənin investisiya mühitinin bir qədər də təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına xidmət edir.
Avropalı investorların 70 faizindən çoxu ölkəmizdə fəaliyyətlərini
genişləndirməyi planlaşdırır. 2021-ci ildə bu rəqəm 53 faiz təşkil edib
Həyata keçirilən tədbirlərin effektivliyi statistik nəticələrdə də öz əksini tapır. Belə ki, cari ilin birinci yarısında ölkə iqtisadiyyatına kredit qoyuluşu 12 faizdən çox artaraq 30.2 mlrd. manatı ötüb. 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycan iqtisadiyyatında əsas kapitala qoyulan xarici investisiyalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 28.6 faiz artaraq 2 mlrd. manatdan çox olub. Bu ilin birinci yarısında özəl investisiyalar 16.5 faiz artaraq 4.1 mlrd. manat təşkil edib. Özəl sektor tərəfindən qeyri-neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 27.8 faiz artaraq 2.2 mlrd. manata yaxın olub. İnvestisiyaların artımı ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi ilə sıx bağlıdır. Təsadüfi deyil ki, avropalı investorların 70 faizindən çoxu ölkəmizdə fəaliyyətlərini genişləndirməyi planlaşdırır. 2021-ci ildə bu rəqəm 53 faiz təşkil edib.
Avropa İttifaqının (Aİ) 2024-cü il üçün Azərbaycanda biznes mühitinə dair sorğusuna əsasən, avropalı investorların daha 22 faizi fəaliyyətini eyni səviyyədə davam etdirməyi planlaşdırır. Azərbaycanı yenidən seçəcəklərini deyən Aİ ölkələri investorlarının payı əvvəlki sorğudakı 80 faizdən 92 faizə yüksəlib. İnvestorlar üçün cəlbediciliyin əsas amillərini daxili bazara çıxış, strateji tərəfdaşlıq və ittifaqlar, regional bazarlara və azad ticarət zonalarına çıxış təşkil edib. Vergi güzəştləri, xərclərin səmərəliliyi, rəqəmsal infrastrukturun inkişafı və dövlət xidmətlərinin rəqəmsallaşması isə əlavə üstünlüklər kimi müsbət qiymətləndirilib.
Gülay NƏBİYEVA
