5 Dekabr 2025

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yevlax Pilot Aqroparkı: davamlı və səmərəli kənd təsərrüfatı üçün yeni model MƏQALƏ

Bu ilin iyununda rəsmi açılışı olan Yevlax Pilot Aqroparkı ölkəmizdə kiçik və orta fermerlərin cəlb olunması ilə yaradılan ilk dövlət aqroparkıdır. 2807 hektar ərazisi olan bu aqropark kənd təsərrüfatı sahəsində elmi yanaşma və innovativ texnologiyaların tətbiqi ilə ölkəmizin bir çox yerli məhsullara olan tələbatını ödəmək məqsədi ilə yaradılıb. Sözsüz ki, başlıca hədəflər arasında yerli məhsulların dünya bazarına çıxarılması və regionlarda yaşayan əhalinin məşğulluğunun təmin edilməsi də var.

İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına görə, hazırda aqroparkda 2352 hektar ərazi üzrə 36 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bu torpaq sahəsinin 1042 hektarı çoxillik əkmələr üçün 33 rezidentə, 1298 hektarı birillik əkinlər üçün 2 rezidentə, 11,8 hektarı isə damazlıq yumurta istehsalı fabrikinin yaradılması üçün 1 rezidentə ayrılıb.

57 milyon manat investisiya, 700-ə yaxın yeni iş yeri

İndiyədək rezidentlərin aqroparka yatırdığı 57 milyon manata yaxın investisiya ilə 200-ə yaxın daimi iş yeri yaratmaq mümkün olub. Fəaliyyət sahələrinə uyğun olaraq, burada 500-ə yaxın mövsümi iş yeri də mövcuddur. Parkın yatırım portfelinə uyğun olaraq, 100 milyon manatdan çox özəl investisiyanın cəlbi gözlənilir ki, bu da daimi iş yerlərinin sayını 500-ə kimi artırmağa imkan verəcək. Üstəlik, 1000-dən çox şəxsin mövsümi məşğulluğunun təmin edilməsinə yol açılacaq. Bütün bu sadalananlar intensiv meyvə bağlarının genişləndirilməsi, heyvandarlıq, quşçuluq və əkinçilik təsərrüfatlarının, həmçinin sənaye zonasında emal sahələrinin və logistik mərkəzin yaradılması ilə reallığa çevriləcək.

600 tondan çox meyvə, 20 milyon ədəd yumurta istehsalı

Aqroparkın 1185 hektarlıq hissəsi çoxillik əkinlər, 1298 hektarı isə birillik əkinlər üçün nəzərdə tutulub. Yaxın zamanda 141 hektar ərazidə sənaye zonası yaradılacaq. Burada 2025-ci ildə 606 min ədəd ting istehsal edilib, ilin sonuna kimi isə 600 tondan çox meyvə istehsalı proqnozlaşdırılır.

İllik istehsal gücünə əsasən aqropark 20 mindən çox qarışıq meyvə, 1 milyon ting, 20 milyon ədəd damazlıq yumurta istehsal edə bilər. Damazlıq yumurta istehsalı üçün aqroparkın 11,8 hektar ərazisində müasir quşçuluq kompleksi qurulur.

Aqroparkın su təminatı müasir standartlara əsaslanır

Hazırda aqroparkın su təminatı Yuxarı Qarabağ kanalı hesabınadır. Burada birillik əkinlər üzrə ixtisaslaşmış rezidentlər ərazilərinin 80 faizdən çoxunda pivot və sprinkler suvarma sistemlərindən istifadə edirlər. Çoxillik əkmələr üçün isə parsellərə bölünmüş ərazilər və sənaye zonası təzyiqli su ilə təmin olunub. Aqroparkın dayanıqlı su təchizatı məqsədilə tutumu 110 min kubmetr olan membran örtüklü su anbarı və əkin sahələrinə 1,1 kubmetr/saniyə həcmində suyun verilməsi üçün 8 aqreqatlı nasos stansiyası inşa olunub, 23 km uzunluğunda yeraltı borular çəkilib və inverter sistemi ilə işləyən nasoslar vasitəsilə parsellərə 4-6 ATM təzyiqli suyun fasiləsiz olaraq verilməsi təmin edilib. Burada qurulmuş qapalı suvarma sistemi sayəsində rezidentlərə verilən suyun sayğaclar vasitəsilə dəqiq uçotu aparılır.

Ağıllı idarəetmə sistemi

Aqroparkda ağıllı idarəetmə sistemi tətbiq edilir ki, bu da sahibkarların işini xeyli rahatlaşdırır. Əkin aparılan bağlarda iqlim stansiyaları, xüsusi kameralar və torpaq nəmlik sensorları var. İdarəetməni rahatlaşdırmaq üçün “Bir pəncərə” sistemindən istifadə edilir.

Xaricə ixrac planları

Aqropark ilkin olaraq daxili tələbatı ödəmək üçün işləyəcək. Başqa sözlə, əhalini keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək prioritet hesab olunur. Növbəti mərhələdə isə ixrac planları nəzərdən keçiriləcək. İqtisadi Zonaların İnkişafı Agentliyinin məlumatına əsasən, tinglərin, şaftalı, nektarin, nar, ərik kimi meyvələrin, quşçuluq məhsullarının ixracı hədəflənir. Aqroparkda yeni meyvə bağlarının salınması ilə paralel olaraq, sənaye zonasında logistika mərkəzinin, eləcə də topdansatış bazarının yaradılması da nəzərdən keçirilir ki, bu da gələcəkdə ixracı dəstəkləməyə yönəlib.

Rezidentlər dəstək tədbirləri ilə əhatə olunub

Aqroparkın bütün rezidentləri dövlət vəsaiti hesabına zəruri infrastrukturla - su, enerji, qaz və yolla təmin ediliblər. Bundan əlavə, onlar Azərbaycan Biznesinin İnkişafı Fondunun güzəştli kreditindən də faydalanmaq şansı əldə ediblər.

Faiq KƏRİMOĞLU

VergiƏmlakı icarəyə verən şəxs vergi ödəyicisi olarsa, icarə haqqından ödəmə mənbəyində vergi tutulurmu? VergiVÖEN-i müvəqqəti dayandırmaq üçün nə etmək lazımdır? VergiMikro sahibkarlıq subyektinə hansı halda güzəşt tətbiq olunur? VergiHəyatın yığım sığortasından yararlanan işçilərə vergi güzəşti tətbiq edilirmi? VergiSabit qəbzin onlayn qaydada alınması mümkündürmü? VergiBir neçə sahədə fəaliyyət göstərən sahibkara vergi güzəşti tətbiq olunurmu? VergiToxumçuluq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi güzəştləri VergiOfisiantların sosial ödənişləri VergiEhtiyat hissənin dəyəri tam şəkildə gəlirdən çıxıla bilərmi? VergiVÖEN-i necə aktivləşdirmək olar?