9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Texnologiyalar parkı rezidentləri üçün güzəştlər və azadolmalar MƏQALƏ

  • Ölkəmizin regionda müasir informasiya texnologiyaları üzrə lider dövlət olmaq üçün kifayət qədər potensialı var;

  • İKT sektorunda tədbirlər müxtəlif istiqamətləri əhatə edir;

  • 2023-cü ildən etibarən texnologiyalar parkı rezidentləri üçün bir sıra güzəştlər və azadolmalar tətbiq olunub.

Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı və bu sahədə qabaqcıl təcrübələrin tətbiqi həmişə diqqət mərkəzindədir. Ölkəmizin regionda müasir informasiya texnologiyaları üzrə lider dövlət olmaq və perspektivdə Avropaya rahat çıxış əldə etmək üçün kifayət qədər potensialı var. Bu məqsədlərə çatmaq üçün müxtəlif təşəbbüslər həyata keçirilir.

İKT sektorunda sahibkarlığın inkişafına ciddi təkan verəcək tədbirlər qabaqcıl texnologiyaların mənimsənilməsi və səmərəli tətbiqi, onların vətəndaşlara və ictimai maraqlara xidmət etməsi, rəqəmsal iqtisadiyyatın inkişafı, bu sahənin daha da təkmilləşdirilməsi və s. istiqamətləri əhatə edir.

Bu məqsədlə 2023-cü ildən etibarən Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliklərlə texnologiyalar parkı rezidentləri üçün bir sıra güzəştlər və azadolmalar tətbiq olunub.

“Sosial sığorta haqqında” Qanunda edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və subpodratçısı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən vətəndaşlığı olmayan şəxslərin və əcnəbilərin gəlirləri 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığortasına cəlb edilmir. Həmin tarixdən etibarən texnologiyalar parkının rezidenti, onun podratçısı və subpodratçısı, habelə onlar tərəfindən cəlb edilən fiziki şəxslər (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla) üzrə məcburi dövlət sosial sığorta (MDSS) haqqı 10 il müddətində ödəniləcək. Bu ödəmənin onların öz seçimlərindən asılı olaraq ya minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarında, yaxud bu Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun həyata keçirilməsi nəzərdə tutulur.

Misal 1: Texnologiyalar parkının rezidenti tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən sığortaolunanın aylıq əməkhaqqı məbləği 3000 manatdır. Bu halda, sığortaolunanın seçiminə uyğun olaraq, MDSS haqqının ödənilməsi aşağıdakı qaydaların biri seçilməklə aparılır:

a) minimum aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarında aylıq ödənilməli sosial sığorta haqları aşağıdakı qaydada hesablanır:

345*4=1380 manat.

(1380-200)*15%+44=221 manat - sığortaedənin vəsaiti hesabına ödənilən MDSS haqqı;

(1380-200)*10%+6=124 manat - sığortaolunanın gəlirlərindən tutulan MDSS haqqı;

Cəmi MDSS haqqı: 345 manat.

b) “Sosial sığorta haqqında” Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq (muzdlu işdən əldə edilən gəlirlərdən), MDSS haqqının ödənilməsi aşağıdakı qaydada hesablanır.

(3000-200)*15%+44=464 manat - sığortaedənin vəsaiti hesabına ödənilən MDSS haqqı;

(3000-200)*10%+6=286 manat - sığortaolunanın gəlirlərindən tutulan MDSS haqqı;

Cəmi MDSS haqqı: 750 manat.

Misal 2: Texnologiyalar parkının rezidenti tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən sığortaolunanın aylıq əməkhaqqı məbləği 1000 manatdır. Bu zaman MDSS haqqının ödənilməsi aşağıdakı hesablamadan biri seçilməklə aparılır:

a) aylıq əməkhaqqı məbləğinin 4 misli miqdarından aylıq MDSS haqqının ödənilməsi aşağıdakı qaydada hesablanır:

345*4=1380 manat.

(1380-200)*15%+44=221 manat - sığortaedənin vəsaiti hesabına ödənilən MDSS haqqı;

(1380-200)*10%+6=124 manat - sığortaolunanın gəlirlərindən tutulan MDSS haqqı;

Cəmi MDSS haqqı: 345 manat.

b) “Sosial sığorta haqqında” Qanunun 14.3-cü və 14.4-cü maddələrinə uyğun olaraq (muzdlu işdən əldə edilən gəlirlərdən), aylıq MDSS haqqı aşağıdakı qaydada hesablanır:

(1000-200)*15%+44=164 manat - sığortaedənin vəsaiti hesabına ödənilən MDSS haqqı;

(1000-200)*10%+6=86 manat - sığortaolunanın gəlirlərindən tutulan MDSS haqqı;

Cəmi MDSS haqqı: 250 manat.

Bu maddədə nəzərdə tutulan sığortaolunan hər il yanvar ayının 15-dək öz seçimi barədə yazılı məlumatı sığortaedənə təqdim edir və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Sığortaolunan növbəti təqvim ili üçün seçimi barədə yazılı məlumatı qeyd olunan müddətdə təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Təqvim ili ərzində bu kateqoriyadan olan yeni işə götürülən şəxsə münasibətdə isə müqavilə bağlamaq üçün ərizədə qeyd etdiyi seçim tətbiq olunur.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?