Böyük uğurlara iddialı yerli startaplar: onlar gündəlik həyatı asanlaşdırmağı hədəfləyir MƏQALƏ
Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirən “Startap” şəhadətnaməsi yeni layihələrin inkişafını stimullaşdıran əsas mexanizmlərdən biridir. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) növbəti 9 innovativ layihəyə bu şəhadətnaməni verib və onlar 3 il müddətinə mənfəət vergisindən azad ediliblər.
Süni intellektdən "smart city" həllərinə, rəqəmsal reklamdan müştəri xidmətlərinin avtomatlaşdırılmasına qədər geniş spektri əhatə edən bu platformalar ənənəvi iş mexanizmlərini kökündən dəyişir.
“vergiler.az” artıq "Microsoft" və "Cloudflare" kimi dünya nəhənglərinin diqqətini çəkən və yaxın gələcəkdə həyatımızı asanlaşdıracaq uğurlu layihələrin qurucuları ilə həmsöhbət olub.
“InnMedia”: MDB bazarını fəth etməyə hazırlaşan yerli süni intellekt platforması
Jurnalistlərin, redaktorların, media menecerlərinin, PR komandalarının və kontent yaradıcılarının gündəlik iş yükü əhəmiyyətli dərəcədə azalacaq. Yeni fəaliyyətə başlayan “InnMedia” startapı media şirkətlərinə kontent istehsalı, məlumattoplama, təhlil, lokallaşdırma, yayım və monetizasiya proseslərini daha sürətli və effektiv idarə etməyə imkan yaradır. Layihənin qurucusu Teymur Kuseba bildirir ki, bu platforma sadəcə süni intellekt aləti deyil, media sənayesi üçün bütöv bir avtomatlaşdırılmış texnoloji infrastruktur rolunu oynayacaq.
Real media layihələrində artıq uğurla sınaqdan keçirilmiş platforma geniş imkanlar vəd edir. Açıq mənbələrdən məlumatların toplanması və təhlili, həmçinin mətn, audio, video və vizual formatda kontentin hazırlanması artıq tam əlçatandır. Sistem materialların müxtəlif dillərə və hədəf auditoriyalara uyğunlaşdırılmasını da təmin edir ki, bu da media şirkətlərinə daha az resurs sərf etməklə daha sürətli, lokal və keyfiyyətli kontent istehsal etmək imkanı verir. T.Kuseba vurğulayır ki, əsas məqsəd insan əməyini əvəz etmək deyil, media komandalarını rutin işlərdən azad edərək onların daha strateji, analitik və yaradıcı proseslərə fokuslanmasına şərait yaratmaqdır.
Platforma “Agentic AI” (agent yönümlü süni intellekt) prinsipi əsasında fəaliyyət göstərir. Burada müxtəlif süni intellekt agentləri fərqli tapşırıqları icra edərək vahid və mükəmməl bir nəticə ortaya qoyur. Layihənin əsas unikallığı isə onun MDB və regional bazarların dillərinə, media vərdişlərinə, lokal auditoriya davranışlarına və kontent istehlakı modellərinə mükəmməl şəkildə uyğunlaşdırılmasındadır.
Qısa müddət ərzində mühüm uğurlara imza atan “InnMedia” “Microsoft for Startups” ekosistemi çərçivəsində ümumilikdə 150.000 ABŞ dolları dəyərində “Microsoft Azure Credits” qazanan süni intellekt əsaslı ilk yerli startap olub. Bununla yanaşı, layihə qlobal texnologiya nəhənglərindən olan “Cloudflare” tərəfindən də 25.000 ABŞ dolları həcmində maliyyə və infrastruktur dəstəyinə layiq görülüb.
Təsisçinin sözlərinə görə, komanda hazırda 500 min ABŞ dolları həcmində investisiya cəlb etməyi planlaşdırır və yerli və beynəlxalq investorlarla bu istiqamətdə aktiv danışıqlar aparılır. Cəlb olunacaq vəsait platformanın texnoloji inkişafına, komandanın genişləndirilməsinə, infrastrukturun gücləndirilməsinə və regional bazarlara çıxışa yönəldiləcək. Coğrafiyasını genişləndirən “InnMedia” tezliklə Gürcüstan, Özbəkistan və Qazaxıstan bazarlarına daxil olacaq. Bu gedişat startapın sadəcə regional deyil, regiondan doğan qlobal bir media texnologiyası brendinə çevrilmək yolunda inamla irəlilədiyini sübut edir.
“Startap” şəhadətnaməsinin əhəmiyyətinə toxunan T.Kuseba vergi güzəştlərini erkən mərhələdəki layihələr üçün "əlavə nəfəs" adlandırıb. Onun sözlərinə görə, bu güzəştlər sayəsində əldə qalan vəsait platformanın təkmilləşdirilməsi, texniki infrastrukturun gücləndirilməsi, komandanın genişləndirilməsi, hüquqi müdafiə və effektiv bazara çıxış strategiyalarının icrası üçün istifadə olunacaq.
Qapıda gözləmək dövrü bitdi!
“Startap” şəhadətnaməsi alan növbəti uğurlu layihə isə Elnar Atayev və Rəşid Məmmədovun həmtəsisçisi olduğu "AD Libitum" layihəsidir. Onların yaratdığı "ağıllı parkinq və yeni nəsil domofon sistemləri” yaşayış və kommersiya obyektlərində giriş-çıxış funksiyasını və parkinq idarə etməsini maksimum təhlükəsiz hala gətirir. Bu innovativ həll yaşayış və kommersiya obyektlərində giriş-çıxış funksiyasını və parkinq idarəetməsini maksimum təhlükəsiz hala gətirir. Sistem istifadəçilərə dayanacaq yerlərini effektiv idarə etmək, qonaqların, kuryerlərin və ustaların binaya daxil olmasını uzaqdan, tam problemsiz şəkildə nizamlamaq imkanı verir. Beləliklə, sakinlərin qapını açmaq üçün mütləq evdə olması məcburiyyəti aradan qalxır. Startapçıların sözlərinə görə, layihə çərçivəsində bazara iki əsas məhsul təqdim olunur: “ağıllı” dayanacaq xidməti və yeni nəsil domofon sistemi.
Dayanacaq yeri həllində tətbiq olunan ANPR (avtomatik nömrətanıma) sistemi hazırda bazardakı ən sürətli texnologiyalardan biridir. Operativlik baxımından mövcud alternativlərini əhəmiyyətli dərəcədə üstələyən bu innovativ sistem giriş-çıxış prosesindəki vaxt itkisini və gecikmələri minimuma endirir.
Yeni nəsil domofon sisteminin əsas üstünlüyü giriş qapısı ilə liftin vahid platformada inteqrasiyasıdır. İstifadəçinin yaratdığı 4 rəqəmli unikal kod həm qapının açılmasını təmin edir, həm də lifti avtomatik aktivləşdirərək qonağı birbaşa lazımi mərtəbəyə yönləndirir. Tam təhlükəsizlik formatında dizayn edilən bu kodlar birdəfəlik istifadə üçün nəzərdə tutulub və nəzarət altındadır.
Sistem klassik mobil tətbiq əvəzinə Telegram-bot üzərindən qurulub. Yəni isifadəçilər əlavə tətbiq yükləmədən gündəlik istifadə etdikləri messencer üzərindən platformaya dərhal çıxış əldə edirlər. Bot vasitəsilə bir neçə saniyə ərzində qonaqlar, kuryerlər və ya ustalar üçün 4 rəqəmli unikal giriş kodu yarada, kodların müddətini və istifadə limitini təyin edə, həmçinin bütün giriş-çıxış tarixçəsini real vaxtda izləyə bilirlər.
Təsisçilər gələcəkdə sistemin imkanlarını daha da genişləndirməyi hədəfləyirlər. Bura geniş avtomatlaşdırma, süni intellektə əsaslanan təhlükəsizlik analitikası və “smart city” infrastrukturları ilə inteqrasiya daxildir. Üstəlik, yaxın zamanda istifadəçilərə daha çox funksionallıq və rahatlıq bəxş edəcək yeni mobil tətbiq də təqdim olunacaq.
Startapçılar vergi güzəştləri sayəsində məhsulu daha da təkmilləşdirməyi hədəfləyirlər. Onlar qənaət edilən vəsaiti birbaşa yeni texnologiyaların tətbiqinə və komandanın genişləndirilməsinə investisiya etmək niyyətindədirlər.
“AdMeIn”dən innovativ reklam həlli: tıxaclar brendlər üçün fürsətə çevrilir
Bu gün qlobal və yerli reklam bazarının ən böyük çağırışlarından biri yeni, kreativ media kanallarının azlığıdır. Böyük brendlər üçün istehlakçının diqqətini cəlb etmək və onunla birbaşa təmas qurmaq getdikcə çətinləşir. Xüsusilə dinamik şəhər həyatında istifadəçinin diqqət mərkəzində bir neçə dəqiqə belə qala bilmək brendlər üçün olduqca dəyərlidir. “AdMeIn” startapı məhz bu nöqtədə fərqli bir yanaşma təklif edərək brendləri hədəf auditoriyası ilə eyni məkanda və eyni anda bir araya gətirir. Layihə taksilərdə yerləşdirilən smart ekranlar vasitəsilə brendlərə real auditoriyaya birbaşa, interaktiv şəkildə çatmaq imkanı verən innovativ reklam platformasıdır.
Startapın həmtəsisçisi Amin Əliyev bildirir ki, “AdMeIn” şirkətlərə reklamın sadəcə vizual nümayişini deyil, real istifadəçi davranışını dərindən anlamaq imkanı da yaradır. Platforma vasitəsilə brendlər marketinq kampaniyalarının performansını daha dəqiq analiz edə və gələcək addımlarını sırf data əsaslı qərarlarla müəyyənləşdirə bilirlər. Ən diqqətçəkən məqam isə reklamların taksinin hərəkət istiqamətinə və cari lokasiyasına uyğun olaraq, dinamik şəkildə dəyişməsidir. Bu yanaşma brendlərə öz mesajlarını doğru anda, doğru məkanda və ən uyğun auditoriyaya çatdırmaq şansı verir. Startapçı vurğulayır ki, ənənəvi marketinq kanallarından fərqli olaraq, “AdMeIn” təxmini ehtimallara deyil, tamamilə ölçülə bilən və real istifadəçi reaksiyalarına əsaslanan dəqiq nəticələr təqdim edir.
Hazırda ölkənin aparıcı özəl daşıyıcı şirkətlərindən birinin 100 avtomobilində bu platforma uğurla tətbiq olunur. Yaxın gələcəkdə isə bu sayın 300-ə çatdırılması və layihənin miqyasının daha da genişləndirilməsi planlaşdırılır.
Brendlər xüsusi admin panel vasitəsilə neçə nəfərin sorğularda iştirak etdiyini və onların hansı cavabları seçdiyini dərhal analiz edə bilirlər. Bu funksionallıq kampaniyaları sadəcə nümayiş etdirmək yox, həm də interaktiv şəkildə idarə etmək və optimallaşdırmaq imkanı yaradır. Taksidə keçən vaxt, xüsusilə də tıxac anları həm brendlər, həm də sərnişinlər üçün real fürsətə çevrilir. Bu müddətdə darıxmaq əvəzinə ekrandakı məzmunu izləyən sərnişinlər müxtəlif sorğularda, viktorinalarda və oyunlarda iştirak edərək fərqli bir interaktiv təcrübə yaşayırlar.
Həmsöhbətimiz qeyd edir ki, platforma reklamı monoton şəkildə təkrarlamır, onu innovativ həllərlə yenidən quraraq bazara daha effektiv alternativ təqdim edir. Yeri gəlmişkən, bu biznes modeli artıq illərdir ki, ABŞ, Rusiya və Çində uğurla tətbiq olunmaqdadır və kifayət qədər yüksək nəticələr göstərib.
Layihənin əsas hədəfi xarici bazarlara açılmaqdır və təsisçi “Startap” şəhadətnaməsinin bu prosesə böyük töhfə verəcəyini düşünür. A.Əliyevin sözlərinə görə, mənfəət vergisindən azad edilmək inkişafı sürətləndirmək üçün əla fürsətdir. Qənaət olunan vəsait birbaşa platformanın miqyasını böyütməyə və avtomobillərdəki monitorların sayını artırmağa sərf olunacaq.
Növbələrdə vaxt itirməyə son: avtoqulluq artıq bir kliklə!
“Startap” şəhadətnaməsi alan daha bir innovativ layihə sürücülərin işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək “Yumo” platformasıdır. Bütün avtoqulluq xidmətlərini vahid tətbiqdə cəmləyən bu platforma avtomobil sahiblərinə yaxınlıqdakı xidmət nöqtələrini asanlıqla tapmaq və onlayn rezervasiya etmək imkanı yaradır.
Layihənin qurucusu Mikayıl Ağayev bildirib ki, tətbiqin əsas məqsədi sürücülərin vaxt itkisini minimuma endirməkdir. Hazırda istifadəçilər xəritə üzərindən yaxınlıqdakı obyektləri görə, qiymətləri müqayisə edə və bir neçə kliklə sifariş yarada bilirlər. Bu isə növbələrdə gözləmək və müxtəlif yerlərə zəng etmək məcburiyyətini aradan qaldırır. “Cashback”, bonus sistemi və dinamik sifariş axını ilə zənginləşdirilən tətbiqə növbəti mərhələdə sürücülərin ürəyincə olacaq daha 20-dən çox yeni funksiya və fərqli avtobizneslərlə inteqrasiya imkanları əlavə olunacaq.
“Yumo” komandası dövlət tərəfindən verilən bu şəhadətnamə sayəsində qənaət olunan vəsaiti məhsulun inkişafına, marketinq kampaniyalarına və daha geniş auditoriyaya çatdırılmasına yönəltməyi hədəfləyir.
“Devlab”: şirkətlər üçün doğru kadr tapmağın qısa yolu
Emin Həziyev və Fərid Mustafayevin "Startap" şəhadətnaməsi almış "Devlab" platforması İT sahəsində kadr hazırlığını birbaşa bazarın real tələblərinə uyğunlaşdıran bir layihədir. Platforma istifadəçilərə nəzəri biliklər verməklə yanaşı, onları real tapşırıqlar üzərində işləməyə yönəldir. Sistemdə hər bir proses ölçüldüyü üçün sonda ən yaxşı performans göstərən namizədlər seçilir və şirkətlərə təqdim olunur.
Söhbət zamanı startapçılar onları digərlərindən fərqləndirən əsas üstünlüklərdən danışıblar. Vurğulayıblar ki, bir çox layihə əsasən nəzəriyyəyə üstünlük versə də, "Devlab" birbaşa praktiki işə yönəldilir. Platformada istifadəçilər real tapşırıqlar yerinə yetirir, onların nəticələrini isə həm mentorlar, həm də süni intellekt qiymətləndirir. Bütün performans göstəriciləri sistemdə yığılır və bu məlumatlar əsasında ən yaxşı nəticə göstərən namizədlər seçilir. Qısası, buradakı əsas fərq təkcə dərslərin keçirilməsi deyil, həm də real, ölçülə bilən nəticələrə əsaslanan bir seçim sisteminin olmasıdır. "Devlab"da istifadəçilər üçün planlı bir öyrənmə mühiti qurulub və onların inkişaf istiqamətini sistem özü müəyyən edir. Şirkətlər üçün isə ən böyük üstünlük statistik olaraq seçilmiş ən yaxşı namizədləri rahatlıqla tapa bilməkdir. Bu yanaşma işə qəbul zamanı riskləri azaldır və daha doğru qərarlar verməyə kömək edir.
Startapçıların əsas hədəfi platformanı beynəlxalq bazara çıxarmaqdır. Gələcək planlar arasında qiymətləndirmə üçün daha inkişaf etmiş süni intellekt sistemlərinin tətbiqi, müxtəlif sahələr üzrə yeni istiqamətlərin açılması və şirkətlər üçün daha dəqiq analiz alətlərinin hazırlanması var. Bir sözlə, məqsəd şirkətlərə ən uyğun və ən yüksək performanslı namizədləri yönləndirmək prosesini daha da mükəmməlləşdirməkdir.
Hər iki həmsöhbətimiz inanır ki, vergi güzəştləri layihənin inkişafını sürətləndirəcək, bu güzəştlər sayəsində resursları məhsulun təkmilləşdirilməsinə, texniki infrastrukturun və analitik sistemlərin gücləndirilməsinə yönəltmək nəzərdən keçirilir.
Müştəri mesajlarında xaosun sonu: “ChatX”da bir sıra kanallar vahid paneldə
Bir çox biznes subyektləri fərqli platformalardan gələn müştəri mesajlarını ayrı-ayrılıqda idarə edir ki, bu da ciddi vaxt itkisinə və müraciətlərin gecikməsinə səbəb olur. “Startap” şəhadətnaməsi almış “ChatX” məhz bu problemi kökündən həll etmək üçün yaradılıb. İnnovativ həll sayəsində şirkətlər artıq “Instagram”, “WhatsApp”, “Facebook Messenger” və “Telegram” kimi populyar kommunikasiya kanallarını vahid panel üzərindən asanlıqla idarə edə bilirlər. Müştəri təmsilçilərinin müxtəlif tətbiqlər arasında keçid etmədən, bütün sorğuları tək platformadan cavablandırması iş sürətini artırır. Bu isə birbaşa olaraq müştəri məmnuniyyətinin yüksəlməsinə və satışların stimullaşdırılmasına xidmət edir.
Platformanın yaradıcı komandası bizimlə söhbət zamanı gələcək planlarından da danışıblar. Hazırda süni intellekt əsaslı cavablandırma sistemləri, AI “chatbot” həlləri və daha geniş CRM inteqrasiyaları üzərində işləyən gənclər platformanı daha əlçatan və praktik etməyə fokuslanıblar. Bundan əlavə, yaxın gələcəkdə beynəlxalq bazarlara çıxış və yeni kommunikasiya kanallarının sistemə inteqrasiyası da onların əsas hədəfləri sırasındadır.
Beynəlxalq həllərlə müqayisədə “ChatX”in ən böyük gücü regional bazara və yerli biznesin dinamikasına tam uyğunlaşmasıdır. Platforma sadə idarəetmə paneli, operativ texniki dəstək və çevik inteqrasiya imkanları ilə fərqlənir. Layihə bizneslərə vahid sistemdə operator və komanda idarəetməsi, avtomatik cavablandırma, CRM (müştəri münasibətlərinin idarə edilməsi) inteqrasiyası və analitika kimi bütün zəruri alətləri bir arada təqdim edir. “ChatX” web platforma və mobil istifadəyə uyğun şəkildə hazırlanıb ki, bu da biznes sahiblərinə və müştəri təmsilçilərinə istənilən yerdən daxil olan mesajları idarə etməyə imkan verir.
Komanda üzvlərinin sözlərinə görə, “Startap” şəhadətnaməsi onların fəaliyyəti üçün çox mühüm dəstəkdir. Vergi güzəştləri sayəsində resursları daha çox məhsulun inkişafına, yeni texnologiyalara və komandanın böyüməsinə yönəltməyi hədəfləyən startapçılar bu dəstəyin onlarda böyük motivasiya yaratdığını və innovativ layihələrinin daha sürətlə inkişafına imkan verdiyini bildiriblər.
Faiq KƏRİMOĞLU
