11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi sistemində məlumatlandırma və innovativ yanaşmanın effektiv nəticələri MƏQALƏ

2024-cü ilin 1-ci rübü ərzində vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə - 45,8% azalıb. Hesabat dövrü ərzində Dövlət Vergi Xidmətinə 1.523 faktiki şikayət daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.287 müraciət azdır. İnzibati şikayətlərin sayının demək olar ki, yarıbayarı azalmasına səbəb Dövlət Vergi Xidməti tərəfindən müraciətlərə baxılma prosesinin təkmilləşdirilməsinin intensivləşdirilməsidir. Vətəndaş müraciətlərinə vaxtında baxılması, onların hərtərəfli və obyektiv araşdırılması və düzgün cavablandırılması hər zaman vergi orqanlarının əsas vəzifələrindən olub. 2021-ci ildən isə Dövlət Vergi Xidmətində vətəndaş məmnunluğunun artırılması məqsədilə bütün biznes proseslərinin ilk növbədə diaqnostikasının həyata keçirilməsi, sonrakı mərhələdə isə optimallaşdırılması ilə bağlı genişmiqyaslı işlərə start verilib. Ölkəmizdə 1,5 milyondan çox vergi ödəyicisi var və onların sayı getdikcə artır. Vergi ödəyiciləri üçün biznes proseslərini asanlaşdıran həllərin, innovativ mexanizmlərin və müasir yanaşmaların tətbiqi son illər vergi inzibatçılığında həyata keçirilən tədbirlərin əsas qayəsini təşkil edir.

2024-cü ilin 1-ci rübü ərzində vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin
sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə - 45,8% azalıb

Vergi ödəyicilərinin gözləntilərinə uyğun təkmilləşmə

İnzibati şikayətlər dedikdə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciəti nəzərdə tutulur. Vergi orqanlarına vətəndaşlardan daxil olan müraciətlərin məzmunu diqqətlə araşdırılır və bu proses inzibati proseslərə yenidən baxmaq, onu təkmilləşdirmək üçün bir fürsət olaraq qəbul edilir. Müraciətlərin yaranma səbəbləri mütəmadi olaraq təhlil edilir, hansısa real çatışmazlıq, problem, hətta nöqsan varsa, bunun gələcəkdə təkrarlanmaması üçün zəruri işlər görülür. Zəruri işlər dedikdə asan həllərin tətbiqi, məlumatlandırma və vergi inzibatçılığının daha da səmərəli təşkili nəzərdə tutulur. Vergi ödəyicilərinin vergi orqanlarına müraciəti üçün müxtəlif kommunikasiya kanalları yaradılıb. Onlar həm yazılı, həm elektron, həm də şifahi qaydada müraciət edə bilirlər. Bu prosesin davamı olaraq vergi ödəyicilərinin maarifləndirilməsi üçün də kommunikasiya kanalları və alətləri təkmilləşdirilib. Məlumatlandırma işinin məzmununu vergi ödəyicilərinin bizneslərinin idarə edilməsi prosesində vergi ilə bağlı qarşılaşdıqları məsələlər təşkil edir. Görülən işlərin nəticələrini statistika da təsdiqləyir. 2024-cü ilin 1-ci rübü ərzində daxil olan müraciətlərin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən əhəmiyyətli dərəcədə azalıb.

Vergi ödəyiciləri üçün biznes proseslərini asanlaşdıran həllərin, innovativ
mexanizmlərin və müasir yanaşmaların tətbiqi son illər vergi inzibatçılığında
həyata keçirilən tədbirlərin əsas qayəsini təşkil edir

İnzibati şikayətlərə baxılması sahəsində vahid yanaşmanın tətbiqi

İnzibati şikayətlərə baxılması sahəsində vahid yanaşmanın tətbiq edilməsi və bu şikayətlərə mərkəzləşdirilmiş qaydada baxılması məqsədilə bu fəaliyyətlə məşğul olan vahid struktur yaradılması da əldə edilən nəticələrə müsbət təsir edib. İnzibati araşdırma gedişatında mütəmadi olaraq həyata keçirilən məlumatlandırma və izahat işləri nəticəsində vergi ödəyicilərinin məlumatlanma səviyyəsinin artması, vergi orqanı ilə vergi ödəyiciləri arasında vahid mövqeyin formalaşması, həmçinin kameral vergi yoxlamaları zamanı kənarlaşmaların əvvəlki dövrlərə nisbətən daha dəqiq müəyyənləşdirilərək hesablamaların aparılması nəticədə bu hesablamaların vergi ödəyiciləri tərəfindən mübahisələndirilməsi hallarının azalmasına səbəb olub.

Daha bir maraqlı məqam isə vergi ödəyicisi tərəfindən şikayətinin geri götürülməsidir ki, 1-ci rübdə bu göstərici icra olunmuş 1.506 şikayət üzrə 26,8% təşkil edib. Belə qərar qəbul edilmiş şikayətlər üzrə bütün zəruri araşdırmalar aparıldıqdan, zəruri sənədlər tələb olunduqdan, vergi ödəyicisinin təqdim etdiyi sənədlər araşdırıldıqdan, yaxud sənəd təqdim edilmədiyi halda vergi ödəyicisinin fəaliyyəti, hesablanmış vergilərin düzgünlüyü yoxlanıldıqdan sonra ödəyici ilə əlaqə yaradılaraq müvafiq izahat və məlumatlandırma işləri aparılmaqla həmin məbləğin əsaslı olduğu sübuta yetirilib ki, bunun da nəticəsində şikayətlər geri götürülüb.

Daha bir maraqlı məqam isə vergi ödəyicisi tərəfindən şikayətinin geri götürülməsidir ki,
1-ci rübdə bu göstərici icra olunmuş 1.506 şikayət üzrə 26,8% təşkil edib

Vətəndaş məmnuniyyətinin təmin edilməsi hədəfi vergi inzibatçılığında aparılan islahatlar nəticəsində reallığa çevrilib. Dövlət Vergi Xidməti tərəfindən vətəndaşların vergi orqanlarına müraciətlərinin təşkili üçün həyata keçirilən təşəbbüslər cəmiyyətdə də müsbət qarşılanır. Bunu vergi orqanları tərəfindən keçirilən məmnuniyyət sorğularının nəticələri də təsdiqləyir. Həyata keçirilən tədbirlər həm dövlət orqanlarının, həm də biznes sektorunun işini daha effektiv edir. Bu proses dövlət-özəl tərəfdaşlığına, şəffaflığın və vergi orqanlarına etimadın artmasına da müsbət təsirlərlə səciyyələnir.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?