15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlığın innovativ inkişafı üçün yeni vergi güzəştləri MƏQALƏ

İnformasiya cəmiyyətinə keçidin təmin edilməsi, innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulması dayanıqlı inkişafa xidmət edən mühüm təşəbbüslərdən biridir. Bu baxımdan, İKT-nin tətbiqi və elektron xidmətlərin, həmçinin informasiya təhlükəsizliyi sahəsində fəaliyyətin genişləndirilməsi, cəmiyyətin informasiya məhsul və xidmətlərinə tələbatının dolğun ödənilməsi, rəqabətqabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması və bu sahədə kadr ehtiyatlarının yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. İKT davamlı iqtisadi inkişafa nail olmaq üçün son dərəcə mühüm vasitə hesab olunur.

Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsində, həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl texnologiyaların tətbiq edilməsində mühüm təşəbbüslər həyata keçirir. Bu sahədə sürətli inkişafa töhfə verən əsas faktorlardan biri dövlət dəstəyidir. Bu, həm sahibkarlıq subyektləri, həm də əmək bazarında fəaliyyət göstərən insan resursları üçün əhəmiyyətlidir.

Azərbaycan hökuməti həm İKT sektorunun inkişaf etdirilməsində,
həm də iqtisadiyyatın bir çox sahələrində yeni və qabaqcıl
texnologiyaların tətbiq edilməsində mühüm təşəbbüslər həyata keçirir

İnkişafa yol açan əsas stimullar

İKT sektorunun inkişaf etdirilməsi, bu sahədə hüquqi və fiziki şəxslərin fəaliyyətlərinin dəstəklənməsi və stimullaşdırılması, ölkədə rəqəmsal inkişafın təşviq olunması, xarici investisiyaların cəlbediciliyinin təmin edilməsi, yüksək ixtisaslı mütəxəssislərin və kadrların cəlb olunması məqsədilə Vergi Məcəlləsində və “Sosial sığorta haqqında” Qanunda 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər edilib. Həmin dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə - gəlir (mənfəət), əmlak və torpaq vergiləri, dividendlər, texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalına münasibətdə ƏDV-dən azad edilib. Adıçəkilən şəxslərə vergi güzəştləri onların həm texnopark, həm də texnoparkdan kənar fəaliyyətinə şamil edilir. Sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslərdə işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 3 il müddətinə - 8.000 manatadək aylıq gəlir olduqda 0 faiz, 8.000 manatdan artıq gəlirlərə münasibətdə 5 faiz və 01.01.2026-cı il tarixdən 7 il müddətinə aylıq gəlirin 5 faizi məbləğində tutulacaq.

“Sosial sığorta haqqında” Qanunda dəyişikliyə əsasən, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər 2023-cü il yanvarın 1-dən 10 il müddətinə məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad edilir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istisna olmaqla, texnologiyalar parkının rezidenti (o cümlədən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən şəxslər), onun podratçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı, habelə bu şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən fiziki şəxslərə isə 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı, öz seçimlərindən asılı olaraq, minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlər üzrə qüvvədə olan qanunda göstərilən qaydada (14.3-cü və 14.4-cü maddələrə) ödənilməsi müəyyən edilib. Sığortaolunanlar bununla əlaqədar hər il yanvar ayının 15-dək öz seçimləri barədə yazılı məlumatı sığortaedənə təqdim etməlidirlər və təqvim ilinin sonunadək həmin seçim dəyişdirilmir. Növbəti təqvim ili üçün sığortaolunan qeyd olunan müddətdə seçimi barədə yazılı məlumatı təqdim etmədikdə, sığortaedən əvvəlki ildə həmin sığortaolunanın seçimini tətbiq edir. Bu tədbirlər “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər Proqramı”na uyğun olaraq, informasiya və kommunikasiya texnologiyalarının inkişafını özündə ehtiva edir.

Sahibkarların innovasiya sahəsində fəaliyyətlərinin daha da səmərəli olması
iqtisadiyyatımızın müasir dövrdə inkişafını səciyyələndirən əsas amillərdəndir

Sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşma

Sahibkarların innovasiya sahəsində fəaliyyətlərinin daha da səmərəli olması iqtisadiyyatımızın müasir dövrdə inkişafını səciyyələndirən əsas amillərdəndir. Ölkəmizdə İKT üzrə hər il təxminən 3.500 mütəxəssis hazırlanır. Qlobal sferada yeni çağırışları nəzərə alaraq, gənclər arasında bu sahəyə maraq getdikcə artır. Qanunvericilikdə nəzərdə tutulmuş hallar əmək bazarında fəaliyyət göstərən insan resurslarının stimullaşmasına və ixtisaslaşmasına şərait yaradan, beyin köçünün qarşısının alınmasına və ölkə üçün qalıcı insan kapitalına çevrilməsinə töhfə verəcək sosial imtiyazlar da yaradır. Qəbul edilmiş dəyişikliklər İKT məhsullarının innovativliyinin və keyfiyyətinin artırılmasına da dəstək verəcək. Perspektiv həyat dərin rəqəmsallaşma, yeni texnologiyaların aktiv tətbiqi və innovativ həllərin sürətli inkişafı ilə səciyyəvi olacaq. Bu baxımdan, cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistemin qurulması zəruridir. Dünyada gedən sürətli texnoloji tərəqqiyə çevik uyğunlaşma üçün perspektivlərin yaradılması diqqət mərkəzində olmalıdır.

Gülay NƏBİYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?