14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi inzibatçılığında dezinformasiyanı məhdudlaşdıran alətlər MƏQALƏ

Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru qeyd etmişdi ki, saxta xəbərlər “virusdan daha sürətli və daha asan yayılır, üstəlik də virus qədər təhlükəlidir”. ÜST-nin infodemiya adlandırdığı bu anlayış rəqəmsal mühitlərdə müxtəlif qurumların adından saxta məlumatların yayılmasıdır ki, bu da milyonlarla insana maddi və mənəvi zərər verir.

Son illər qlobal müstəvidə bu prosesin həlli yolu kimi müxtəlif təkliflər səsləndirilir. Alternativlərdən biri də iqtisadiyyat üzrə Nobel laureatı Paul Romerin təklifidir və bu, rəqəmsal reklamların vergiyə cəlb edilməsi yolu ilə məhdudlaşdırılmasından ibarətdir. Bu təklif bir çox mütəxəssislər tərəfindən dəstəklənir və problemin həlli üçün başlanğıc addım hesab edilir. P.Romerin fikrincə, rəqəmsal reklamlar üçün vergi “Pigouvian” vergilərinin formalaşdığı prinsiplər əsasında tətbiq edilə bilər (Böyük Britaniyadan olan iqtisadçı Artur C.Piqounun adını daşıyan “Pigouvian” vergisi cəmiyyət üçün mənfi təsirlər yaradan fəaliyyətlərə və ya müəssisələrə qarşı hesablanan vergi növüdür. Bu, mənfi xarici təsir yaradan bazar əməliyyatı üzrə vergi və ya əməliyyatda bilavasitə iştirak etməyən şəxslər tərəfindən ödənilən əlavə xərclər kimi də izah edilir – müəl.). Təklif edilir ki, vergi platformaların saxta xəbər kimi etiketlənmiş məzmunla əlaqəli reklamlarından əldə edilən gəlirlərinə tətbiq edilsin. Rəqəmsal reklam vergisinin platformaların dezinformasiyadan əldə etdiyi gəlirləri və saxta məzmun yaradıcılarının pul mükafatlarını azaldacağı ehtimal edilir. Çünki həmin platformaların real sahibləri öz gəlirlərinin daha kiçik bir hissəsini tərəfdaşları ilə bölüşəcəklər. P.Romer bu yolla sosial təsirlərə malik məzmunların effektiv şəkildə azalacağını hesab edir.

Alternativlərdən biri də iqtisadiyyat üzrə Nobel laureatı Paul Romerin təklifidir və
bu, rəqəmsal reklamların vergiyə cəlb edilməsi yolu ilə məhdudlaşdırılmasından ibarətdir

Dezinformasiya ilə mübarizə təcrübəsi

COVID-19 dönəmindən başlayan dezinformasiyanın yayılması prosesi sonrakı dövrlərdə daha da aktivləşərək dövlət orqanlarını da əhatə edib. Saxta məlumatlar vergi orqanlarının özləri üçün də ciddi təhdidə çevrilib. Bir çox ölkələr bununla mübarizə aparır və öz təcrübələrini təkmilləşdirməyə çalışırlar. Böyük Britaniyanın Vergi və Gömrük Administrasiyası (HMRC) vergi ödəyiciləri ilə kommunikasiya üçün rəqəmsal platformalarda daha aktiv iş prinsiplərini təşviq etməyə başlayıb. HMRC mütəxəssisləri Ceyms Beykr və Liam Hobson Avropadaxili Vergi Administrasiyaları Təşkilatı (IOTA) tərəfindən "Vergi inzibatçılığında dezinformasiya təhdidlərinin tanınması və aradan qaldırılması" mövzusuna həsr olunmuş seminarda qurumun bu sahədə təcrübəsini bölüşüblər. Bildirilib ki, vergi orqanları adından dezinformasiyanın yayılması HMRC tərəfindən də qeydə alınıb və bu proses çərçivəsində HMRC-nin “X” sosial şəbəkə hesabı ay ərzində 45 min dəfə müxtəlif məlumatların yayılması ilə bağlı görüntülənib (tag edilib). Bu paylaşımlar arasında kifayət qədər yanlış informasiyalar mövcuddur. Cəmiyyətin sosial mediadan əldə edilmiş məlumatlara inanması isə vəziyyəti daha da qəlizləşdirib. Bu baxımdan HMRC-nin mütəxəssisləri sosial şəbəkələrdə düzgün məzmun daşıyan məlumatların intensiv yerləşdirilməsini diqqətdə saxlayırlar. Bunun üçün sosial media alətlərindən riskləri müəyyənləşdirmək üçün geniş istifadə edilir. Media və rəqəmsal bacarıqlar sahəsində mütəxəssislərlə məsələnin həlli yolu istiqamətində daimi müzakirələr və təcrübə mübadiləsi aparılır.

Dezinformasiyanı müəyyən etmək üçün vergi ödəyiciləri ilə kommunikasiyanın daha səmərəli qurulmasına yönəlmiş tədbirlər həyata keçirilir. Vergi ödəyiciləri ilə əlaqələrin effektivliyini müəyyən etmək üçün sorğular yaradılır və nəticələri təhlil edilir. Sosial medianı təhlil etmək üçün NewsWhip, Pulsar, Brandwatch kimi alətlərdən istifadə edilir. Bundan başqa, sosial şəbəkələrlə işləyən xüsusi işçi qrupu yaradılıb. Onlar sosial media paylaşımları, HMRC-nin qeyd edildiyi postları izləyir, bu sahədə riskləri təhlil edir, nəticələr əsasında perspektiv addımlar barədə tədbirlər planının tərtib edilməsinə töhfə verirlər. Dezinformasiyanın qarşısını almaq üçün süni intellektin imkanları, məşhur simaların saxta xəbərlərlə mübazirəyə cəlb edilməsi, saxta xəbərlərə dərhal reaksiya verərək doğru məzmunların yayılmasını təmin etmək kimi metodlar da tətbiq edilir. Bəzən vergi üzrə ekspertlər sosial şəbəkələrdə HMRC adından yayılmış saxta xəbərləri paylaşaraq onun həqiqətəuyğun olmadığını bildirir, doğru arqumenti təqdim edir və bununla vergi orqanlarının işinə dəstək vermiş olurlar. Bu zaman HMRC də öz sosial şəbəkələrində bu postu bir daha paylaşır.

Vergi orqanları adından dezinformasiyanın yayılması HMRC tərəfindən də
qeydə alınıb və bu proses çərçivəsində HMRC-nin “X” sosial şəbəkə hesabı ay
ərzində 45 min dəfə müxtəlif məlumatların yayılması ilə bağlı görüntülənib

Fərqli ölkələrdə müxtəlif təcrübələr tətbiq edilsə də, bu sahədə ümumi yanaşma vergi ödəyicilərinin məlumatlılığını artırmaq və rəqəmsal platformalarda fəaliyyəti təkmilləşdirməkdir. Dezinformasiyanın yayılması qurumların nüfuzuna birbaşa təsir edən prosesdir. Bu səbəbdən mürəkkəb informasiya məkanında rəqabətqabiliyyətliliyi təmin etmək, səmərəli kommunikasiya metodlarını inkişaf etdirmək və bununla saxta xəbərlərin əhatəsini və zərərlərini azaltmağa nail olmaq məqsədəuyğun görünür. Bu prosesdə cəmiyyət üzvləri də diqqətli olmalı və əmin olmadıqları platformalarda məlumatlarını paylaşmaqdan çəkinməlidirlər.

Gülay NƏBİYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?