16 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi öhdəliklərinin yerinə yetirilməsi üçün səmərəli mexanizmlər yaradılır MƏQALƏ

Vergi borclarının alınmasının səmərəli mexanizmlərlə tənzimlənməsi bir çox ölkələrin vergi sistemləri üçün vacib çağırışlardandır. Çünki büdcə gəlirləri vergilərin ödənilməsi zamanı intizamın təmin edilməsindən çox asılıdır. Qloballaşma şəraitində birbaşa olaraq gəlirlərin büdcəyə yönləndirilməsinə müvəffəq olmaq üçün vergi administrasiyaları arasında əməkdaşlıq getdikcə zəruri xarakter daşıyır. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə mövcud təcrübələrin paylaşılması və qabaqcıl mexanizmlərin tətbiqi istiqamətində bir sıra sənədlər hazırlayıb ki, burada bir çox ölkələr üçün faydalı təhlillər yer alır.

Vergi borclarının idarə edilməsi istiqamətində müasir təcrübə

Son iki il ərzində müxtəlif ölkələrdə vergi borclarının alınması işinin təkmilləşdirilməsi istiqamətində müəyyən yeniliklər edilib. Bu yeniliklər daha çox rəqəmsallaşmanın genişləndirilməsi, vergi ödəyiciləri ilə müştərək işin təşkili və maarifləndirmənin artırılması istiqamətlərini əhatə edir. Məsələn, Avstraliyada son illər Biznesin Vergi Borcunun Açıqlanması prinsipi tətbiq edilir. Bu mexanizm vergi ödəyicilərinə borclar barədə operativ məlumat əldə etmək və öhdəlikləri idarə etmək üçün Avstraliya Vergi İdarəsi (AVİ) ilə əlaqə saxlamaq imkanı verir. Biznesin Vergi Borcunun Açıqlanması sistemində elektron alətlərin köməyilə vergi borcu olan biznes təmsilçiləri aşkarlanr və onlarla operativ əlaqə yaradılır. 31 dekabr 2022-ci il tarixinədək əlaqə saxlanılan 3 vergi ödəyicisindən 1-nin öz vergi borclarını idarə etmək üçün müvafiq tədbir gördüyü məlum olub.

Vergi borclarının alınması işinin təkmilləşdirilməsi istiqamətində müəyyən
yeniliklər rəqəmsallaşmanın genişləndirilməsi, vergi ödəyiciləri ilə
müştərək işin təşkili və maarifləndirmənin artırılması istiqamətlərini əhatə edir

Son illər Gürcüstanın Gəlirlər Xidməti tərəfindən də vergi borcunun tənzimlənməsi üçün yeni mexanizmlərin tətbiqinə başlanılııb. Məqsəd vergi ödəyicilərinin intizamlılığını artırmaqdır. Mexanizmlərin mahiyyətinə vergi ödəyicilərinin məlumatlılığını artırmaq məqsədilə onlara vergi borcunun ödənilməsi qaydasının ətraflı izah edilməsi üçün şəxsi səhifələrinə elektron mesajların göndərilməsi daxildir. Bundan başqa, borclu və borcu artmaqda olan vergi ödəyicilərinin ümumi bazada aşkarlanması və onlara vergi borcunun ödənilməsi üçün ünvanlı informasiya dəstəyinin verilməsi də vergi borclarının azaldılmasına xidmət edən tədbirlərdəndir. Vergi ödəyicilərinin müraciəti əsasında onlar üçün vergi orqanları tərəfindən ödəniş cədvəlinin hazırlanması da yerinə yetirilir.

Bu ölkənin vergi sisteminin təcrübəsində vergi ödəyicisi üçün “Hazırda yığıla bilməyən status” metodundan istifadə etməklə köhnə borcun azaldılması da var. Burada “Hazırda yığıla bilməyən status”a uyğun borclar sistemdə yerləşdirilir, lakin bu, vergi ödəyicisinin işinin davamlılığına və biznes fəaliyyətinə təsir göstərmir. Borcun silinməsi isə vaxtaşırı həyata keçirilir.

Bütün bu tədbirlər vergi ödəyiciləri ilə əməkdaşlıq prinsipi əsasında borcun idarə edilməsinin daha çevik və effektiv modelinin yaradılmasına imkan verir ki, bu da vergi öhdəliklərinə könüllü əməletmə səviyyəsinin yüksəldilməsinə kömək edir. Çünki bu tədbirlər vergi ödəyicilərinə onların hüquqları, gözlənilən yığım tədbirləri və vergi öhdəlikləri barədə vaxtında məlumat verir.

Slovakiya Respublikasında 2020-ci ildən tətbiq edilən qaydaya görə, borclunun gəliri sürücülük vəsiqəsindən asılı olmadıqda (məsələn, avtobus sürücüsü, yük maşını sürücüsü və ya taksi sürücüsü) onun sürücülük vəsiqəsinə malik olması məhdudlaşdırıla bilər. Vergi ödəyicisinə ilk olaraq bildiriş göndərilir, ona vergi borcunu ödəmək və sürücülük vəsiqəsini ləğv etməmək şansı verilir. Borc ödənildiyi halda sürücülük hüququ bərpa edilir. Bərpa proseduru polis vasitəsilə həyata keçirilir, çünki yalnız polis sürücülük vəsiqəsini geri qaytarmaq hüququna malikdir. Bu metodun vergi borclarının yığılmasına əhəmiyyətli təsir etdiyi qeyd edilir və vurğulanır ki, hətta çox uzun müddət bərpa oluna bilməyən vergi borcları bu yeni təşəbbüsdən sonra borclular tərəfindən qısa zamanda ödənilib.

İspaniyada isə borclu vergi ödəyicilərinə dəstək üçün əmlakların hərraclara çıxarılması işinin təşkilində bir sıra təkmilləşdirmələr aparılıb. Böyük Britaniyada yeni rəqəmsal tətbiqin istifadəyə verilməsi ilə vergi ödəyicilərinə öz borclarına nəzarət etmək və uyğunsuzluqları aradan qaldırmaq imkanı yaradılıb. Özünəxidmət prinsipi üzərində qurulmuş bu sistemin təkmilləşdirilməsi vergi ödəyicilərinin işini xeyli asanlaşdırıb. Bu xidmət vasitəsilə vergi orqanlarının məlumat dəstəyinə ehtiyacı olan vergi ödəyicilərinə kömək edə bilirlər.

Ölkəmizdə vergi inzibatçılığının təkmilləşdirilməsi tədbirləri
arasında vergi borclarının azaldılması istiqamətində
effektiv mexanizmlərin tətbiqi mühüm prioritetlərdəndir

Vergi borclarının tənzimlənməsi üçün yerli təcrübə təkmilləşdirilir

Ölkəmizdə vergi inzibatçılığının təkmilləşdirilməsi tədbirləri arasında vergi borclarının azaldılması istiqamətində effektiv mexanizmlərin tətbiqi mühüm prioritetlərdəndir. Bu ildən etibarən Vergi Məcəlləsində edilmiş dəyişikliklərdən biri vergi borclarının alınmasına möhlət verilməsi mexanizminin təkmilləşdirilməsi ilə bağlıdır (https://vergiler.az/news/taxes/27771.html). Vergi borcuna görə kreditləşdirilən minimum borc məbləğləri müvafiq olaraq 2.000, 20.000 və 100.000 manatdan 500 manata endirilib. Vergi Məcəlləsinin 1 yanvar 2024-cü ilədək qüvvədə olan redaksiyasında mikro və kiçik sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 20.000 manatdan, orta sahibkarlıq subyekti olan vergi ödəyicisinin borcu 100.000 manatdan və iri sahibkarlıq subyektinin borcu 300.000 manatdan yuxarı olarsa, vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin uzadılması məqsədilə vergi ödəyiciləri tərəfindən müraciətə müvafiq sənədlərlə yanaşı, əlavə olaraq bank zəmanəti, zaminlik və ya girov müqaviləsinin, yaxud əmlakın siyahıya alınmasına dair yazılı razılığın əlavə edilməsi tələb edilirdi. Dəyişikliyə əsasən, bu məbləğlər ümumiləşdirilərək sahibkarlıq subyektlərinin kateqoriyasından asılı olmayaraq 300.000 manat müəyyən edilir. Bu da bu alətdən faydalanmaq istəyən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün inzibatçılığın sadələşdirilməsinə imkan verir. Eyni zamanda, vergi borcuna möhlət verilməzdən əvvəl borc məbləğinin 10 faizini ödəməklə, vergi ödəyicisi möhlət aldıqdan sonra qarşılıqlı razılaşmaya uyğun olaraq, vergi borcunu ödəmə niyyətinin olması ilə bağlı iradə ifadəsini nümayiş etdirmiş olacaq. Bu istiqamətdə digər bir dəyişiklik vergi ödəyicilərinin yaranmış borclarını birdəfəyə ödəmək imkanı olmadıqda yaranmış vergi borcuna möhlət verilməsi hüququndan istifadə edə bilməsinin işlək mexanizminin yaradılmasıdır.

Vergi borclarının ödənilməsi mexanizmlərinin təkmilləşdirilməsi borcların əhəmiyyətli şəkildə azaldılmasını təmin edir. Eyni zamanda, vergi mədəniyyəti və könüllü ödəmə səviyyəsini yüksəldir. Səmərəli həllər vasitəsilə vergi öhdəliklərinin icrası vergi ödəyicisini potensial risklərdən qoruyaraq büdcəyə daxilolmaları yerinə yetirməsinə imkan verir. Nəticədə vergi ödəyicisi üçün vergi inzibatçılığının rahatlığını təmin edən əlverişli biznes mühiti bərqərar olur.

Gülay NƏBİYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?