11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi xidmətlərinin səmərəli həllər əsasında formalaşdırılmasında rəqəmsallaşmanın rolu MƏQALƏ

Texnologiyaların sürətli inkişafı iqtisadiyyatın müxtəlif sektorlarında vacib dəyişikliklərlə səciyyələnərək biznesin fəaliyyətinə və xidmətlərin təqdim edilməsinə əhəmiyyətli təsirlərlə müşayiət olunur. Rəqəmsal transformasiya, demək olar ki, bütün vergi sistemləri üçün müasir çağırışdır və bu, vergi orqanları tərəfindən təqdim edilən xidmətlərin sürətlə elektronlaşdırılmasında özünü daha çox büruzə verir. Vergi administrasiyaları tərəfindən aparılan rəqəmsallaşma prosesi vergi bəyannamələrinin təqdim edilməsindən tutmuş vergi ödəyiciləri ilə ünsiyyət, vergi nəzarəti, öhdəliklərin icrası və maarifləndirməyə qədər geniş sahələri əhatə edir. Ölkəmiz də bu prosesdə fəal iştirakçıdır və vergi orqanları tərəfindən təqdim edilən xidmətlərin elektronlaşdırılması istiqamətində işlər son illər daha da sürətləndirilib. Xüsusilə qeyd etmək lazımdır ki, 70-dən çox xidmətin elektronlaşdırılması vergi sisteminə bir çox üstünlüklər gətirib. Bu istiqamətdə ən mühüm xidmətlərdən biri də ƏDV ilə bağlı əməliyyatların elektronlaşdırılmasıdır.

ƏDV inzibatçılığında rəqəmsal həllərin tətbiqi

Vergi orqanları tərəfindən ölkəmizdə “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, iqtisadi münasibətlərdə şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyətində qanunauyğunluğun gücləndirilməsinə yönəlik tədbirlər çərçivəsində ƏDV inzibatçılığı ilə bağlı bir sıra rəqəmsal mexanizmlər tətbiq edilib. Bunlar arasında ƏDV depozit hesabı, elektron vergi hesab-fakturaları, ƏDV-nin qaytarılması üçün “Vahid elektron platforma” və ixracatçılar üçün ƏDV-nin sürətli qaytarılması kimi həlləri göstərmək olar.

Vergi orqanları tərəfindən ƏDV inzibatçılığı ilə bağlı
bir sıra rəqəmsal mexanizmlər tətbiq edilib

ƏDV depozit hesabının və elektron qaimə-fakturanın tətbiqi ƏDV öhdəliklərinin rahat və təhlükəsiz rejimdə təmin edilməsi, vergi ödəyicisi üçün ƏDV ödənişinin uçotunu aparmaq imkanının yaradılması, müxtəlif parametrlər üzrə elektron arxiv və axtarış sisteminin qurulması, bütün ödənişlərə, vergi bəyannamələri üzrə minimum dövriyyəyə və ƏDV-nin əvəzləşdirilməsinə nəzarət, ƏDV hesab-fakturası əsasında risklərin və elektron qaimə-fakturaların təhlili kimi proseslərin həyata keçirilməsinə şərait yaradır. ƏDV depozit hesabı ƏDV-dən yayınmaların qarşısının alınmasını və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsini reallaşdırır. Bu sistem vasitəsilə vergi ödəyicisinə verilmiş elektron qaimə - faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, depozit hesabda uçotun aparılması, ƏDV-nin hərəkəti, əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi işlərinin yerinə yetirilməsi təmin olunur. ƏDV depozit hesabı vasitəsilə vergi ödəyiciləri bir sıra əməliyyatları apara bilərlər.

https://www.youtube.com/watch?v=wFpggTzxolY

Vergi ödəyicisi ƏDV depoziti hesabında olan vəsaitindən istifadə etməklə vergilərlə bağlı dövlət büdcəsinə, ƏDV ilə bağlı dövlət gömrük orqanlarının xəzinədarlıq orqanlarında açılmış müvafiq depozit hesabına, o cümlədən digər vergi ödəyicilərinin ƏDV sub-uçot hesablarına ödənişləri həyata keçirir. Eyni zamanda, vergi orqanı vergi ödəyicisinin ƏDV depoziti hesabından yalnız ƏDV üzrə vergi borclarının dövlət büdcəsinə alınmasını təmin edir.

E-qaimələrin tətbiqinin həm vergi orqanları,
həm də vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var

Elektron qaimə-fakturanın tətbiqi isə qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatın pərakəndə satış kimi rəsmiləşdirilməsi faktlarının qarşısının alınmasına və vergidən yayınma hallarının azalmasına xidmət edən effektiv mexanizmdir. Bu sistem beynəlxalq təcrübədə də uğurlu həll hesab edilir və vergi sistemlərinin rəqəmsal transformasiyasının nümunəvi modellərindən birini təşkil edir. Vergi qanunvericiliyinin tələblərinə əsasən, e-qaimələrin tətbiqi uçot məlumatlarının qeydə alınması sahəsində dəyişikliklərə səbəb olmaqla, uçot-məlumat bazasının şəffaflığının təmin edilməsinə, eləcə də qeydiyyata alınan əməliyyatların artımına səbəb olub. E-qaimələrin tətbiqinin həm vergi orqanları, həm də vergi ödəyiciləri üçün bir sıra üstünlükləri var. E-qaimə inzibatçılıq xərclərinin azaldılmasında, məlumat mübadiləsinin çevikliyinin artırılmasında və aparılan əməliyyatlarda şəffaflıq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır.

https://www.youtube.com/shorts/UDihBRVIFzA

ƏDV ödənişləri zamanı stimullaşdırıcı yanaşma

Pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, o cümlədən özəl tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən göstərilən mal və xidmətlərə, habelə mehmanxanalarda yerləşdirmə və yerləşdirmə xidmətlərinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi və bu prosesin tamamilə elektron formada həyata keçirilməsi dövlət qurumları tərəfindən həyata keçirilən səmərəli layihələr üzrə innovativ brend hesab edilə bilər. “www.edvgerial.az” kütləvi maraq cəlb edərək çoxsaylı müraciət edilən internet resursudur. Bu layihə ictimai iştirakçılığı təmin etməklə iqtisadiyyatımız qarşısında müəyyənləşdirilmiş hədəflərin bir neçəsinə eyni zamanda çatmağa imkan yaratdı. 2019-cu ildən etibarən iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində dövriyyələrin dürüst bəyan edilməsi, alış-veriş zamanı çeklərin tələb edilməsi və nağdsız ödənişlərə üstünlük verilməsi üçün intensiv tədbirlər həyata keçirildi. “ƏDV geri al” layihəsi göstərilən hər üç istiqamətdə hədəflərə çatmağa imkan verdi. Bu layihə həm də stimullaşdırıcı alətə çevrilib və onun əhatə dairəsi getdikcə genişləndirilir. Hazırda Azərbaycanda fərdi istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində binaların tikintisi ilə məşğul olan şəxslərdən nağdsız ödənişlər yolu ilə alınmış yaşayış və qeyri-yaşayış obyektlərinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması da tətbiq edilir.

ƏDV-nin bir hissəsinin geri qaytarılması mexanizmi və bu prosesin tamamilə
elektron formada həyata keçirilməsi dövlət qurumları tərəfindən həyata keçirilən
səmərəli layihələr üzrə innovativ brend hesab edilə bilər

Rəqəmsallaşma vergi administrasiyalarının təqdim etdiyi xidmətlərin səmərəliliyini, şəffaflığını və əlçatanlığını artırmaq və vergi sistemlərini təkmilləşdirmək üçün böyük potensiala malikdir. Bu proses vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı etimadın yaradılmasına da müsbət təsir edir. Bu islahatlar nəticəsində formalaşan əlverişli biznes mühitinə vergi ödəyicilərinin loyallığı artır və ölkədə etibarlı, şəffaf və stimullaşdırıcı biznes ekosistemi yaranır.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?