15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Səmərəli vergi inzibatçılığı iqtisadi inkişafın təməl prinsiplərindəndir MƏQALƏ

  • 2023-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat həcmində vergi daxil olub;

  • Nağdsız ödəniş edən istehlakçılara daha çox ƏDV məbləği geri qaytarılır ki, bu da layihənin vətəndaşlar üçün getdikcə daha sərfəli və gəlirli olmasını ifadə edir;

  • Cəmiyyətdə vergi ödəməyin könüllü xarakter alması dövlət büdcəsinin gəlirlərinin artmasına töhfələr verir.

2019-cu ildən etibarən Azərbaycanda “kölgə iqtisadiyyatı”nın miqyasının azaldılması, vergi uçotunun bərpası və biznes sektorunda dövriyyələrin leqallaşdırılması istiqamətində əldə olunmuş müsbət nəticələr ardıcıl xarakter alıb. Bu tendensiya dayanıqlı iqtisadi artım üçün də əlverişli imkanlar yaradıb. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də (https://president.az/az/articles/view/50474) qeyd edilir ki, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsi artırılmalıdır. Vergi və gömrük siyasəti dövlət büdcəsinin xərclərinin təmin olunması üçün adekvat imkanlar yaratmaqla yanaşı, sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına, biznes mühitində qanuni fəaliyyətin bərqərar olmasına xidmət edir. Əldə olunmuş nəticələr maliyyə dayanıqlığını daha da möhkəmləndirməyə, iqtisadi inkişaf sahəsində dövlət siyasətinin prioritetlərini və məqsədlərini təmin etməyə imkan yaradıb. BMT-nin 2022-ci ildə təqdim etdiyi “Dayanıqlı İnkişaf üzrə Hesabat”ında Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına dair indeks üzrə Azərbaycan regionda ən yaxşı nəticə göstərərək, 163 ölkə arasında 50-ci yerdə qərarlaşıb. Bu baxımdan, dayanıqlı inkişafın müəyyən edilməsində iqtisadi göstəricilər vacib amildir və ölkəmizdə bu sahədə atılan addımlar davamlı xarakter daşıyır.

Vergi daxilolmaları 75 faizə yaxın artıb

Sahibkarlar üçün biznes mühitinin təkmilləşdirilməsi, biznesin leqal fəaliyyətinin genişlənməsi, yeni yanaşmalar, vergi ödəyiciləri ilə təmassız münasibətlər və rəqəmsal xidmətlərin əhatəsinin genişləndirilməsi büdcə gəlirlərinin artmasına müsbət təsir edir. 2023-cü ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) xətti ilə dövlət büdcəsinə 4 milyard 899,5 milyon manat həcmində vergi daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 74,8 faiz və ya 2,1 milyard manat artım deməkdir. (https://www.taxes.gov.az/az/post/2446) Qeyri-neft-qaz sektorunda daxilolmalar 2 milyard 618 milyon manat təşkil edib. 2022-ci ilin I rübü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 16,4 faiz çox olub. DVX-nin xətti ilə bu ilin üç ayı ərzində proqnozdan əlavə 1,1 milyard manatdan çox vəsait toplanıb.

Vergi daxilolmalarındakı artım iqtisadi baxımdan müxtəlif amillərlə bağlıdır. İlk növbədə, ölkədə aparılan iqtisadi islahatların uğurlu nəticələri qeyd edilməlidir. İqtisadiyyatın “ağardılması” sahəsində ardıcıl addımlar atılır, uçotun daha dəqiq aparılması, vergidən yayınma hallarının qarşısının alınması, “kölgə iqtisadiyyatı”nın azaldılması kimi tədbirlər özünü bilavasitə vergi daxilolmalarında daha qabarıq büruzə verir. Bu istiqamətdə atılan ardıcıl addımlardan biri nağdsız ödənişlərin artırılması üçün müəyyən stimullaşdırıcı tədbirlərin görülməsidir. Burada “ƏDV geri al” layihəsinin uğurlu icrasını xüsusi qeyd etmək lazımdır. Cari ildən etibarən nağdsız ödəniş edən istehlakçılara daha çox ƏDV məbləği geri qaytarılır ki, bu da layihənin vətəndaşlar üçün getdikcə daha sərfəli və gəlirli olmasını ifadə edir. “ƏDV geri al” layihəsi vasitəsilə, adi vətəndaşlar belə, vergilərin yığılmasında, uçotun düzgün aparılmasında, ödənişlərin rəsmiləşdirilməsində, “kölgə iqtisadiyyatı”nın aradan qaldırılmasında aktiv tərəf kimi prosesə cəlb olunub. Ticarət və xidmət obyektlərinin yeni nəsil nəzarət-kassa aparatları ilə təchiz edilməsi də vergi daxilolmalarına müsbət təsir edir. Həmçinin, ölkədə vergi mədəniyyətinin formalaşması sahibkarların qanunvericiliyin tələblərinə könüllü əməl etməsinə gətirib çıxarır və bu, vergi daxilolmalarında xüsusi payı olan amillərdəndir.

Büdcə gəlirlərinin artması vətəndaşların rifahını yüksəldir

Cəmiyyətdə vergi ödəməyin könüllü xarakter alması dövlət büdcəsinin gəlirlərinin artmasına və nəticə olaraq sosial məqsədlərə, insanların yüksək həyat səviyyəsinin təmin edilməsinə və maddi rifahının yaxşılaşmasına töhfələr verir. Ötən il vergi və gömrük daxilolmaları üzrə yığımlar proqnozdan 4,8 milyard manatdan çox olub və bu da dövlət büdcəsinə yenidən baxılmasına (dürüstləşməyə), sosial və investisiya yönümlü xərclərin artımına imkan verib. Məlum olduğu kimi, 2022-ci ildə minimum əməkhaqqı 20 faiz artırılaraq 250 manatdan 300 manata çatdırılıb, minimum pensiya məbləğində 20 faiz, sosial müavinətlər və Prezident təqaüdlərində 26 faiz artım qeydə alınıb. Aylıq müavinətlərin orta məbləği üzrə artım 33 faiz təşkil edib. Ümumilikdə, ötən il ərzində 3,4 milyon nəfəri əhatə edən və əlavə illik maliyyə yükü 2,1 milyard manat olan sosial islahat paketi həyata keçirilib, dövlət büdcəsi xərclərinin 11 milyard 577 milyon manatı və ya 36 faizi sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilib. Bütün bu tədbirlər əhalinin sağlam həyat tərzini təmin etmək, rifah halını yaxşılaşdırmaq və bütövlükdə ölkənin dayanıqlı inkişafı üçün vacib amillərdir. Həyata keçirilən islahatlar və davamlı iqtisadi artım bu sahədə daha böyük nailiyyətlər üçün nikbin proqnozlar yaradır.

Gülay NƏBİYEVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?