18 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi?

Mən fərdi foto, audio-video xidmətləri sahəsində fəaliyyət göstərirəm və sabit qəbz əsasında vergi ödəyirəm. Bilmək istəyirəm ki, vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki və hüquqi şəxslərə göstərdiyim xidmətlərə əsasən təqdim etdiyim elektron qaimə-fakturalara görə sabit qəbz ödəyicisi olmaq hüququmu itirirəm, ya yox? Ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olarsa mən ƏDV ödəyicisi oluram?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, fərdi qaydada muzdlu işçi cəlb etmədən foto fəaliyyəti göstərib gəlir əldə edən şəxslər vergi öhdəliklərini “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” almaqla yerinə yetirirlər.

Buna əsasən, həmin şəxslər vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli və bu fəaliyyəti həyata keçirməyə başlayanadək Dövlət Vergi Xidmətindən könüllü olaraq növbəti ay, rüb, yarımil və ya il üçün "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz" almalıdırlar. Bu sənəd vergi ödəyicisi yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir. Həmin şəxslər sabit qəbz almaq üçün yazılı müraciət etdikdə sadələşdirilmiş verginin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsini təsdiq edən ödəniş sənədini müraciətinə əlavə edir, elektron qaydada müraciət etdikdə isə ödənişi müraciətin edildiyi zaman elektron qaydada həyata keçirir.

Əlavə olaraq qeyd edilib ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) görülən işlərdən və göstərilən xidmətlərdən başqa, işlərin görülməsini və xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malik deyillər.

Vergi Məcəlləsinin 218.4.4-cü maddəsinə əsasən, fəaliyyət zamanı işçi cəlb edən fiziki şəxslər istisna olmaqla, bu Məcəllənin 220.10-cu maddəsində nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan fiziki şəxslər sadələşdirilmiş verginin ödəyicisi hesab edilirlər.

Sorğuya əsasən, fərdi qaydada foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində məşğul olan şəxslər (muzdlu işçi cəlb etmədən) mütləq qaydada sadələşdirilmiş vergi ödəyicisidir.

Bildirilib ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Burada diqqət etməli olduğunuz məqam vergi tutulan əməliyyatlarının həcminin 200.000 min manatı keçməsidir. Sabit qəbz ilə fəaliyyət göstərən şəxslərin əldə etdikləri gəlirləri onların vergi tutulan əməliyyatları hesab edilmir.

Sorğuya əsasən, fərdi qaydada foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində məşğul olan şəxslər (muzdlu işçi cəlb etmədən) ƏDV ödəyici kimi ərizə verməyə borcu deyillər.

Əsas: Vergi Məcəlləsinin 155- ci ,218-ci, 220-ci maddələri.

VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı?