24 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Əvvəlki illərdə yaranmış zərərlər mənfəətlə əvəz edilərsə, divident vermək olarmı?

Mövzunu “vergiler.az”a sərbəst auditor Altay Cəfərov şərh edir. 

Təsisçilərə və payçılara dividentlərin ödənilməsi iqtisadiyyatda şəffaflığın təmin olunmasının davam etdiyi bir vaxtda praktiki olaraq çox istifadə edilir. İlk baxışdan bu əməliyyatların rəsmiləşdirlməsi sadə görünsə də müəyyən incəliklər vardır ki, onlara riayət olunmalıdır. Bir çox hallarda müəssisələrdə fəaliyyətin nəticəsi olaraq cari ildə mənfəət formalaşır, amma əvvəlki illərdə yaranmış zərərlər mənfəət vergisi hesablanması zamanı nəzərə alınır və bu zaman dividentlərin ödənilməsinin prosedurları maraq doğurur. Bəs zərərlər mənfəətlə bağlanırsa, bu halda əvvəlki illərə görə yaranmış xalis mənfəət hesabına divident vermək olarmı?

Misallar üzərində məsələyə aydınlıq gətirək:

Misal 1: “AA” MMC 2022-ci ili 50.000 manat zərərlə başa vurub. Həmçinin, 2023-cü ildə də şirkətdə 80.000 manat vergidən əvvəlki mənfəəti formalaşıb. Bu halda MMC hansı məbləğdə divident ödənişi edə bilər?

Bunu aydınlaşdırmaq üçün Vergi Məcəlləsinə nəzər yetirməliyik:

Məcəllənin 121.1-ci maddəsində göstərilir ki, müəssisənin gəlirlərdən çıxarılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir. Sadə formada desək, zərərlər məhdudiyyət qoyulmadan növbəti 5 ilin mənfəəti hesabına kompensasiya edilir. Odur ki, “AA” MMC-də 2023-cü il üçün mənfəət vergisi hesablayanda 2022-ci ilin zərərləri çıxılacaq:

80.000 – 50.000 = 30.000 manat;

30.000 x 20% = 6.000 manat.

Deməli, şirkətə 6.000 manat mənfəət vergisi hesablanacaq. Nəticə olaraq, görünür ki, 01.01.2024-cü il üçün MMC-nin xalis (bölüşdürülməmiş) mənfəəti 24.000 manat olacaq və şirkət bu məbləğdə divident ödənişi edə bilər:

(80.000 – 50.000 – 6.000) = 24.000 manat.

Misal 2: “BB” MMC 2022-ci ili 50.000 manat mənfəətlə başa vurub. 2023-cü ildə isə şirkətin 80.000 manat zərəri formalaşıb. Bu halda MMC hansı məbləğdə divident ödənişi edə bilər?

Şirkətin 01.01.2024-cü il tarixinə yaranmış xalis mənfəətini (zərərini) hesablasaq, 30.000 manat zərərin formalaşdığını görürük:

50.000 – 80.000 = -30.000 manat.

Ona görə də müəssisə 2024-cü ildə əvvəlki illərin nəticələrinə görə heç bir dividentin ödənilməsini həyata keçirə bilməz.

Misal 3: Şirkət 2021-ci ili 40.000 manat, 2022-ci ili isə 50.000 manat xalis mənfəətlə başa vurub. Ancaq 2023-cü ili 100.000 manat zərərlə yekunlaşdırıb.

Belə vəziyyətdə şirkət 2023-cü ildə, həmçinin 2024-cü ildə də divident ödəyə bilərmi?

Bəli, şirkət 2023-cü il ərzində əvvəlki illərin xalis mənfəəti hesabına divident ödənişi apara bilər. Çünki faktiki olaraq 2021-ci və 2022-ci illər üzrə yığılmış bölüşdürülməmiş mənfəəti 90.000 manat olub:
40.000 + 50.000 = 90.000 manat.

Bunu 2023-cü ildə azad formada təsisçilərə ödəyə bilərdi. Ancaq 2023-cü ilin maliyyə nəticələrinə görə şirkətin fəaliyyəti 100.000 manat ziyanla başa gəldiyindən, artıq 2024-cü ildə divident kimi ödəniş apara bilməz. Nəzərə alsaq ki, şirkət 2023-cü ildə heç bir divident ödənişi həyata keçirməyib, yenə də 2024-cü ildə təsisçilərə divident ödənişi edə bilməz. Çünki 2021, 2022, 2023-cü illərin nəticələrinə əsasən şirkətin 10.000 manat zərəri formalaşmış olur:

(40.000 + 50.000) – 100.000 = -10.000 manat.

Vergi ödəyiciləri divident ödənişlərində diqqətli olmalıdır ki, hər hansı bir formalaşmamış dividentin ödənişi sonradan vergi orqanlarının yoxlamaları zamanı əlavə vergilərin hesablanmasına və maliyyə sanksiyalarının tətbiq edilməsinə gətirib çıxarmasın.

VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiFərdi qaydada foto, audio-video xidmətləri göstərən şəxs ƏDV ödəyicisi ola bilərmi? VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiFərdi şəkildə hüquqi xidmət göstərən fiziki şəxslərin öhdəlikləri VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır?