MDB ölkələri Moskvada əmək miqrasiyasını və qarşılıqlı investisiyaları müzakirə ediblər
Moskvada MDB İqtisadi Şurasının 112-ci iclası keçirilib. İclasın əsas nəticələrindən biri də Birlik ölkələrində ümumi əmək bazarının yaradılmasına dair proqramın təsdiqlənməsi olub.
Tədbirdə Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İclas Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Xocamırat Geldimıradovun sədrliyi ilə keçirilib.
2026–2030-cu illəri əhatə edən ümumi əmək bazarının yaradılmasına dair proqram əmək miqrasiyasının tənzimlənməsinə dair vahid yanaşmaların hazırlanmasını nəzərdə tutur. Əmək miqrantlarının öz peşə bacarıqlarından istifadə edə bilmələrinə, məşğulluq və əməyin mühafizəsi sahəsində hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir.
Şura üzvləri Azərbaycanın ticarət siyasətinə dair icmalı nəzərdən keçiriblər. Avrasiya İnkişaf Bankı 2020–2025-ci illərdə MDB ölkələrinin qarşılıqlı investisiyalarının həcmi, ölkələr və sahələr üzrə bölgüsü barədə məlumat təqdim edib. Dəmir yolu nəqliyyatında tarif siyasəti və qiymətli kağızlar bazarının vəziyyəti də müzakirə olunub.
Şura mülki aviasiyada pilotsuz uçuş sistemlərinin inkişafı və istifadəsi sahəsində əməkdaşlığa dair memorandum layihəsini bəyənib. Layihənin MDB Hökumət Başçıları Şurasının müzakirəsinə çıxarılması nəzərdə tutulur. İclasda onkoloji xəstəliklərlə mübarizə üzrə 2027–2030-cu illər üçün birgə tədbirlər planı da təsdiqlənib.
İclasın yekunlarına dair çıxış edən MDB-nin Baş katibi Sergey Lebedev Birliyə sədrliyinə görə Türkmənistan tərəfinə təşəkkür edib. O deyib: “Sədrliyi təhvil alan özbəkistanlı həmkarlarımı əmin edirəm ki, İcraiyyə Komitəsi Özbəkistan Respublikasının sədrlik konsepsiyasının həyata keçirilməsinə fəal dəstək göstərəcək”.
MDB İqtisadi Şurasının növbəti iclasının 2027-ci il martın 12-də Moskvada keçirilməsi planlaşdırılır.
AZƏRTAC
