Qrant müqaviləsi üzrə əməliyyatlara hansı halda ƏDV sıfır (0) dərəcə ilə tətbiq olunmalıdır?
Qrant müqaviləsi (qərarı) əsasında xaricdən alınan qrantlar hesabına malların idxalı, qrant üzrə resipiyentlərə malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə əməliyyatlara ƏDV sıfır (0) dərəcə ilə tətbiq edilir.
Mövzunu “vergiler.az”a iqtisadçı ekspert Anar Bayramov şərh edir.
Öncə “qrant” və “resipiyent” anlayışlarına verilən açılışa baxaq. “Qrant naqqında” Azərbaycan Respublikası Qanununa əsasən, qrant humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir. Qrant alanla münasibətlərində qrant verən donor və donorla münasibətlərində qrant alan resipiyent sayılır.
Misal 1: “Vergi ekspertləri” İctimai Birliyi (adlar şərtidir) “Asson” Beynəlxalq Təşkilatından 20.000 manat həcmində qrant qazanıb və müvafiq qanunvericiliyə uyğun qeydiyyatını həyata keçirib.
Qrant müqaviləsinin şərtlərinə əsasən, “Vergi ekspertləri” İctimai Birliyi 5.000 manat məbləğində kompüterlər alacaq. Həmçinin, xüsusi qruplar-benefisiarlar üçün təlimlər keçəcək. Kompüterlərin alınması zamanı ƏDV 0 (sıfır) dərəcə ilə tətbiq olunacaq. Həmçinin “Park” oteldə keçirilən tədbir üçün ödənilən 800 manata da ƏDV 0 (sıfir) dərəcə ilə tətbiq olunacaq. Çünki hər iki əməliyyat qrant hesabına həyata keçirilib.
Misal 2: “Vergi ekspertləri” İctimai Birliyi qrant hesabına yox, özünün maliyyə vəsaiti hesabına “Park” oteldə seminar keçirir. Seminar üçün zalın icarəsinin 800 manat olmasına baxmayaraq, bu dəfə otel artıq həmin məbləğə 144 manat (800 x 18 faiz) ƏDV tətbiq edəcək. Çünki bu tədbir qrant layihəsi çərçivəsində həyata keçirilmir.
Bəs resipiyent hansı sənədləri vergi orqanına təqdim etməlidir?
Xarici səfirliklərə münasibətdə bunun üçün Xarici İşlər Nazirliyinin hazırladığı bildiriş forması vergi orqanına təqdim olunmalıdır ki, əməliyyat 0 (sıfır) dərəcə ilə ƏDV-yə cəlb olunsun. Qrant müqaviləsinə gəldikdə isə Nazirlər Kabinetinin 5 iyun 2015-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilən “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”na əsasən, müqavilələrin (qərarların) qeydə alınması kommersiya qurumlarına, publik hüquqi şəxslərə münasibətdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, dini qurumlara münasibətdə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, digər qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Qeydiyyat orqanı tərəfindən təqdim olunan bildiriş əsasında vergi ödəyiciləri əməliyyatlara 0 (sıfır) dərəcə ilə ƏDV tətbiq edə bilirlər.
Mənbə: Anar Bayramov: “Vergi uçotu” kitabı