Sonuncu əməkhaqqı, yoxsa məzuniyyət haqqı? Müqayisəli təhlil MƏQALƏ
Әmək Məcəlləsinin 111-ci maddəsinin 1-ci bəndinə əsasən, məzuniyyətdə olduğu müddət ərzində işçinin iş yeri, vəzifəsi (peşəsi) və bu Məcəllədə nəzərdə tutulmuş hallarda, sonuncu əməkhaqqından az olmamaqla, orta əməkhaqqı saxlanılır, habelə işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinin pozulması və işçinin intizam məsuliyyətinə cəlb edilməsi yolverilməzdir. Bu müddət işçinin əmək stajına, həmçinin ixtisası üzrə stajına daxil edilir.
İqtisadçı ekspert Anar Bayramov həmin müddəaya bu il əlavə edilmiş “sonuncu əməkhaqqından az olmamaqla” ifadəsinin mahiyyətini “vergiler.az”a açıqlayıb.
İşçinin məzuniyyətdə olduğu dövr üzrə ödəniləcək məbləğ aşağıdakı iki göstərici ilə müqayisə edilir:
- Orta әmәkhaqqı әsasında hesablanmış mәzuniyyәt haqqı;
- İşçi mәzuniyyәtә çıxmadığı halda, yәni mәzuniyyәt dövrünә tәsadüf edәn tarixlәrdә normal qaydada işlәdiyi tәqdirdә alacağı әmәkhaqqı.
Qaydaya əsasən, əgər birinci göstərici ikinci göstəricidən çox olarsa, məzuniyyət haqqı birinci göstərici üzrə ödənilir. Әks halda, ikinci göstərici əsas götürülür.
Misal 1: İşçi 6-13 fevral 2026-cı il tarixlərində (8 təqvim günü) əmək məzuniyyətindən istifadə edəcək. Fərz edək ki, işçinin son 12 ay ərzində əməkhaqqı sabit olub və aylıq 1.000 manat təşkil edib.
Әmək Məcəlləsinin 140-ci maddəsinin tələblərinə əsasən, son 12 ay üzrə bir təqvim günü üçün məzuniyyət haqqı belə hesablanacaq:
(12.000 : 12) : 30,4 gün = 32,89 manat.
8 təqvim günündən istifadə edən işçinin məzuniyyət haqqı:
32,89 x 8 təqvim günü = 263,16 manat
6-13 fevral 2026-cı ili əhatə edən məzuniyyət dövrünə 6 iş günü düşür (beşgünlük iş rejimi, fevral ayında ümumilikdə 20 iş günü). İşçi məzuniyyətə çıxmadığı halda alacağı əməkhaqqı:
(1.000 : 20) x 6 iş günü (məzuniyyət dövrünə təsadüf edən iş günlərin sayı) = 300 manat.
Mәzuniyyәt üçün orta әmәkhaqqı məbləği - 263,15 manat mәzuniyyәt dövründәki iş günlәrә görә sonuncu әmәkhaqqıdan (300 manat) az olduğu üçün işçiyə 6–13 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət haqqı 300 manat məbləğində ödənilməlidir.
Misal 2: Eyni göstəricilərə malik işçi 6–9 fevral 2026-cı il tarixlərində (4 təqvim günü) əmək məzuniyyətindən istifadə edəcək. Son 12 ay üzrə bir təqvim günü üçün məzuniyyət haqqı 32,89 manat olacaq:
(12.000 : 12) : 30,4 = 32,89 manat.
6–9 fevral 2026-cı il tarixləri üzrə məzuniyyət üçün orta əməkhaqqı:
32,89 x 4 = 131,58 manat.
Bu dövrə 2 iş günü düşür (6 və 9 fevral 2026-cı il tarixləri). Ona uyğun olaraq, işçi məzuniyyətə çıxmadığı halda, alacağı əməkhaqqı məbləği 100 manat olacaq:
(1.000 : 20) x 2 = 100 manat.
Bu halda mәzuniyyәt üçün orta әmәkhaqqı məbləği – 131,58 manat
Mәzuniyyәt dövründәki iş günlәrә görә sonuncu әmәkhaqqıdan (100 manat) çox olduğu üçün işçiyə orta əməkhaqqı əsasında hesablanmış məzuniyyət haqqı (131,58 manat) ödənilir.
Qeyd edək ki, əgər işçinin həmin aylarda əməkhaqqının tərkib hissəsi olan əlavələri varsa, o zaman həmin əlavələr nəzərə alınmaqla sonuncu əməkhaqqı müəyyən edilməlidir.
Bəzi hallarda işçinin məzuniyyət müddəti 2 ayı əhatə edir. Bəs bu zaman hesablama necə həyata keçiriləcək?
Misal 3: İşçi 19 fevral 2026-cı il tarixindən 10 mart 2026-cı il tarixinə qədər əmək məzuniyyətindən istifadə edir. İlk olaraq işçinin son 12 ay üzrə (fevral 2025–yanvar 2026) nəzərə alınan gəlirləri toplanır.
Toplanan məbləğ 12-yə bölünür, sonra 30,4-ə bölünərək bir təqvim günü üçün məzuniyyət haqqı müəyyən edilir. Məzuniyyət dövrü fevral ayında 10, mart ayında isə 9 təqvim günü olmaqla ümumilikdə 19 gün təşkil edir (8 mart nəzərə alınmır). Əgər 1 günlük məzuniyyət haqqı 50 manat müəyyən edilsə, işçinin məzuniyyət haqqı 50 x 19 = 950 manat olacaq.
Məzuniyyət dövründəki iş günlərinə görə hesablanan əməkhaqqı:
Fevral ayında: 400 manat;
Mart ayında: 500 manat.
Mәzuniyyәt haqqının sonuncu әmәkhaqqı ilә müqayisәsi:
- Orta məzuniyyət haqqı: 950 manat;
- Məzuniyyət dövründəki iş günlərinə görə əməkhaqqı: 900 manat;
950 manat (mәzuniyyәt üçün orta әmәkhaqqı) > 900 manat (mәzuniyyәt dövründәki iş günlәrә görә sonuncu әmәkhaqqı).
Nəticədə işəgötürən tərəfindən işçiyə Әmək Məcəlləsinin 140-cı maddəsinə əsasən hesablanan 950 manat məzuniyyət haqqı ödəniləcək.
Misal 4: İşçi 19 fevral 2026-cı il tarixindən 10 mart 2026-cı il tarixinə qədər əmək məzuniyyətindən istifadə edir. İlk olaraq işçinin son 12 ay üzrə (fevral 2025–yanvar 2026) nəzərə alınan gəlirləri toplanır.
Toplanan məbləğ 12-yə bölünür, sonra 30,4-ə bölünərək bir təqvim günü üçün məzuniyyət haqqı müəyyən edilir. Məzuniyyət dövrü fevral ayında 10, mart ayında isə 9 təqvim günü olmaqla ümumilikdə 19 gün təşkil edir (8 mart nəzərə alınmır). Əgər 1 günlük məzuniyyət haqqı 40 manat müəyyən edilibsə, məzuniyyət haqqı: 40 × 19 = 760 manat olacaq.
İş günlərinə görə əməkhaqqı:
fevral – 400 manat;
mart – 500 manat.
Mәzuniyyәt haqqının sonuncu әmәkhaqqı ilә müqayisәsi:
Orta məzuniyyət haqqı: 760 manat;
İş günlərinə görə əməkhaqqı: 900 manat;
760 manat (mәzunuyyәt üçün orta әmәkhaqqı) < 900 manat (mәzuniyyәt dövründәki iş günlәrә görә sonuncu әmәkhaqqı).
Bu halda işçiyə 900 manat məbləğində məzuniyyət haqqı ödənəcək, çünki sonuncu əməkhaqqı daha yüksəkdir.



.jpg)