3 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Məlumatların üzləşdirilməsi qaydaları təkmilləşdirilib

“vergiler.az” mövzu ilə bağlı iqtisadçı ekspert Anar Bayramovun şərhini təqdim edir.

Vergi Məcəlləsinin 16.6-ci maddəsində göstərilir ki, sığorta və təkrarsığorta şirkətləri tərəfindən hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə məxsus sığortalanmış (təkrarsığortalanmış) əsas vəsaitlər barədə məlumat rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir.

Bu maddənin məqsədi vergi ödəyicisinin əmlakı ilə bağlı mövcud məlumatların sığorta şirkətləri tərəfindən əldə olunan məlumatlarla üzləşdirilməsidir. Mümkündür ki, vergi ödəyicisi əmlakının sığortalanmasını həyata keçirsə də, həmin aktivlər üzrə hər hansı əmlak vergisi öhdəliyini bəyan etməsin. O səbəbdən də vergi orqanı sığortaçıların təqdim etdiyi əlaqəli məlumatdan istifadə etməklə vergi ödəyicisinə əlavə verginin hesablanması barədə bildiriş göndərə bilər.

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 16.6-ci maddəsi üzrə iki dəyişiklik edilib. Birinci, sığorta şirkətləri hüquqi şəxslərə, onların filial və nümayəndəlikləri ilə yanaşı, fərdi sahibkarlara məxsus sığortalanmış (təkrarsığortalanmış) əsas vəsaitlər barədə məlumatı rüb bitdikdən sonra növbəti ayın 20-dək vergi orqanına təqdim etməlidir. Çünki 1 yanvar 2022-ci ildən etibarən Vergi Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla, fiziki şəxslərin əmlak vergisi dövlət vergilərinə aid edilib.

Vergi Məcəlləsinin 198.1-ci maddəsinə edilən dəyişikliyə əsasən, binalara, su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi bələdiyyə vergilərinə şamil edilir. Fiziki şəxslərin digər daşınar əmlaklara görə əmlak vergisi dövlət vergilərinə şamil edildiyi üçün ödənişlər yerli büdcəyə yox, dövlət büdcəsinə ödənilir. O səbəbdən də fərdi sahibkarların əmlakı haqqında məlumatların vergi orqanına göndərilməsi sığorta şirkətlərinin vəzifələrinə aid edilib.

Misal: Fərdi sahibkar olan vergi ödəyicisi vergi orqanına təqdim etdiyi əmlak bəyannaməsində 2 ədəd istehsal avandanlığının olduğunu qeyd edib. Sığorta şirkəti tərəfindən təqdim edilən məlumatda isə həmin fərdi sahibkarın 3 ədəd istehsal avandanlığının sığorta olunması göstərilib. Sığortaçıdan alınan və vergi ödəyicisindən əldə edilən məlumatlar arasında uyğunsuzluq olduğu üçün vergi orqanı vergi ödəyicisinə bu barədə bildiriş göndərəcək.

Vergi Məcəlləsinin 16.6-ci maddəsində ikinci dəyişiklik isə təkrarsığortçı anlayışının oradan çıxarılmasıdır. “Sığorta fəaliyyəti haqqında” Qanuna əsasən, təkrarsığortaçı dedikdə, təkrarsığorta fəaliyyətinə lisenziyası olan, ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf başa düşülür.

Qanundan göründüyü kimi, təkrarsığortaçı əmlakı sığorta olunan vergi ödəyicisi ilə deyil, sığorta şirkət ilə əməkdaşlıq etdiyi üçün bu məlumatların vergi orqanına göndərilməsinin əhəmiyyəti yoxdur. Çünki hər hansı əlavə informasiya yaratmır. O səbəbdən də Vergi Məcəlləsinin 16.6-ci maddəsindən "təkrarsığortaçılar” və “təkrarsığortalanmış” sözləri çıxarılıb.

Bəs kart təşkilatları hansı yeni məlumatları vergi orqanına göndərəcək?

2020-ci ilin uğurlu fəaliyyətlərindən biri də fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı kart təşkilatlarının üzərinə hesabatlılıq vəzifəsi qoyulmasıdır. Vergi Məcəlləsinin 16.7-ci maddəsinə uyğun olaraq, kart təşkilatları tərəfindən bu Məcəllənin 165.5-ci maddəsinə uyğun olaraq nağdsız qaydada aparılmış ödənişlər barədə məlumat ay bitdikdən sonra növbəti ayın 20-dək vergi orqanına göndərilir.

1 yanvar 2023-cü il tarixdən Vergi Məcəlləsinin 228-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilən ƏDV-nin 30 faizi, nağd qaydada ödənilən ƏDV-nin 5 faizi geri qaytarılır. Bu səbəbdən də Vergi Məcəlləsinə 16.7-ci maddə ilə yanaşı, 228-ci maddə əlavə olunub.

Mənbə: Anar Bayramov. “Vergi qanunvericiliyi və şərhlər toplusu”

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması