12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dayanıqlı iqtisadiyyat üçün səmərəli islahatlar MƏQALƏ

Ölkəmizin sosial-iqtisadi inkişafı istiqamətində müəyyənləşdirilmiş hədəflərin gerçəkləşdirilməsi üzrə islahatlar davam edir. Təbii ki, iqtisadi artımın əsas hərəkətverici sahələrinin müəyyənləşdirilməsi və təşviqi də diqqət mərkəzindədir. Hazırda “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”ndan (https://president.az/az/articles/view/56725) irəli gələn məsələlərin icrası başlıca fəaliyyət istiqamətidir. Bu baxımdan sahibkarlara dəstəyin və innovativ iqtisadi inkişafın təmin edilməsi, o cümlədən biznes mühitinin təkmilləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir.

Sahibkarlar üçün yeni stimullar

“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq, 2022-ci il ərzində bir sıra istiqamətlər üzrə layihələr hazırlanıb və reallaşdırılıb. Bu işlərin bir qisminə işğaldan azad edilmiş ərazilər üzrə, həmçinin aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə bir sıra vergi təşviqlərinin verilməsi daxildir. Sahibkarlara işğaldan azad edilmiş ərazilərdə fəaliyyət üçün geniş imkanlar yaradılıb. İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib. Digər tədbirlərə isə rəqəmsallaşma sahəsində yeniliklər daxildir. Rəqəmsallaşma sosial-iqtisadi inkişafın əsas hərəkətverici amillərindən biridir. “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqəmsallaşmanın əhəmiyyəti xüsusi vurğulanır. Sənəddə rəqəmsallaşmanın artırılmasını nəzərdə tutan bir çox məsələlərə yer verilib. Bu istiqamətdə nağdsız ödənişlərin təşviqi, rəqəmsal əməliyyatların artırılması və elektron nəzarət sistemlərinin geniş tətbiqini təmin edən “ƏDV geri al” layihəsinin tətbiq dairəsi genişləndirilib. Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarının yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi və həmin şəxslər tərəfindən verilən çeklər əsasında istehlakçılara ƏDV-nin geri qaytarılması, nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması ilə bağlı vergi qanunvericiliyinə dəyişiklik edilib. Bu dəyişikliklər sırasına işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması da daxildir.

İnkişafın yeni mərhələsinə keçid

Cəmiyyətin rifahı, ölkə iqtisadiyyatının qlobal dəyər yaratma zəncirinə inteqrasiyası, innovativ istiqamətin və milli iqtisadiyyatın maliyyə dayanıqlılığının gücləndirilməsi kimi məqsədlərə xidmət edən Strategiyanın icrası ilə ölkəmizdə dayanıqlı iqtisadi artım təmin ediləcək. Ölkəmizin iqtisadi-maliyyə imkanları, müasir dövrün reallıqları, qlobal çağırışlar nəzərə alınmaqla hazırlanan sənəddə qarşıdakı strateji mərhələ üçün inkişaf hədəfləri müəyyənləşdirilib. Sənəddə qeyd olunur ki, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaq. Keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcək. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, sahibkarlığın inkişafına dövlət geniş dəstək verəcək. Nəticədə ölkə iqtisadiyyatı hər il orta hesabla 3-4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq. Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq. Dayanıqlı iqtisadi artım üçün ölkədə makroiqtisadi sabitlik təmin olunacaq və maliyyə sektorunun bütün seqmentlərinin sabitliyi gücləndiriləcək. Bütün bu islahatlar isə iqtisadiyyatımızın daha da güclənməsinə və sosial müdafiə sisteminin müasir standartlara uyğunlaşdırılmasına əhəmiyyətli təkan verəcək.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?