Biznesə başlama prosesinin sadələşdirilməsi davam edir MƏQALƏ
- 2008-ci il yanvarın 1-dən biznes subyektlərinin “bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatına start verilib.
- Əsas məqsəd sahibkarların və vətəndaşların məmnunluğunun artırılmasıdır.
- Biznesin qeydiyyatı sisteminin optimallaşdırılması və təkmilləşdirilməsi üzrə işlər davamlı xarakter daşıyır.
Ölkəmizdə sahibkarlığın dəstəklənməsi, biznes mühitinin formalaşdırılması, vergi sisteminin hədəflərinə xidmət edən dinamik struktura malik müasir inzibatçılığın qurulması məqsədilə həyata keçirilən islahatlar çərçivəsində vergi orqanları tərəfindən qeydiyyat və uçot sisteminin daha da təkmilləşdirilməsinə xüsusi önəm verilir. Biznesə başlama prosedurlarının sadələşdirilməsi vaxta qənaət, şəffaflığın təmin olunması, sənəd sayının minimuma endirilməsi və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bu hədəflərə çatmaq üçün biznesin qeydiyyatı prosesinin tam olaraq onlayn qaydada aparılması, elektron sistemin sadələşdirilməsi, bütün proseslərin cəmi bir prosedurla əvəz edilməsi, qeydiyyat məlumatlarının elektron rejimdə digər dövlət qurumlarına ötürülməsi zəruridir.
Vahid qeydiyyat orqanının müəyyən edilməsi
Prezident İlham Əliyevin 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə 2008-ci il yanvarın 1-dən biznes subyektlərinin “bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatına start verilib. 2007-ci il dekabrın 29-da dövlət başçısının iştirakı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin “bir pəncərə” prinsipi üzrə vahid dövlət qeydiyyatı sisteminin təqdimatı keçirilib. Bu, Azərbaycanda biznesin qeydiyyatı sahəsində aparılmış islahatların başlanğıcı, eyni zamanda ölkəmizdə “bir pəncərə” sisteminin ilk tətbiqi hesab olunur.
Əvvəllər Azərbaycanda hüquqi şəxsin qeydiyyatı bir neçə orqan tərəfindən həyata keçirilirdisə, “bir pəncərə”nin tətbiqi ilə vahid qeydiyyat orqanı kimi Dövlət Vergi Xidməti müəyyən edilib. Bu prinsipə əsasən, biznesin qeydiyyatı prosedurlarının sayı 13-dən 5-ə, sərf edilən müddət isə 53 gündən 7 günə endirilib, sırf qeydiyyatın aparılmasına sərf olunan müddət isə 3 günədək azaldılıb. Bu, müddətin 20 dəfə, prosedur qaydalarının 3-5 dəfə, təqdim edilən kağız formatlı sənədlərin isə dəfələrlə azalması deməkdir. “Bir pəncərə”nin davamı olaraq, biznesin qeydiyyatı sahəsində növbəti islahat “e-qeydiyyat”ın tətbiqidir ki, bununla da biznesə başlama prosedurları əhəmiyyətli dərəcədə asanlaşıb. 2011-ci ilin iyulundan fərdi sahibkarların, 2012-ci ilin fevral ayından isə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatı elektron üsulla aparılmaqdadır.
Biznesin qeydiyyatında yeni üsul – “fin kod+mobil nömrə”
2019-cu ildən etibarən hüquqi şəxsin qeydiyyatı prosedurlarının sayı 3-dən 1-ə, müddəti isə 20 dəqiqəyədək azaldılıb, biznesə başlamaq üçün maliyyə vəsaiti və sənəd sayı sıfıra endirilib. Qeydiyyat sənədləri yalnız vergi ödəyicisinin elektron kabinetinə onlayn qaydada göndərilir, bununla da həmin sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə zərurət yaranmır. Bu onlayn qeydiyyat sisteminin həyata keçirilməsində əsas məqsəd biznesə başlamaqla bağlı prosedurların sadələşdirilməsi, vaxta qənaət, əlverişli biznes mühiti, şəffaflığın təmin olunması, sahibkarların və vətəndaşların məmnunluğunun artırılmasıdır. Qeyd olunan sistem, həmçinin, sahibkarlığın dəstəklənməsi ilə bağlı aparılan islahatların davamıdır (https://www.taxes.gov.az/az/post/1306).
Biznesin qeydiyyatı beynəlxalq müstəvidə də təqdir olunur
Bir neçə il əvvəl “Doing Business” qiymətləndirilməsində 190 ölkə arasında Azərbaycan “Biznesə başlama” indikatoru üzrə 9-cu sırada qərarlaşmışdı. “Etalon qanunvericiliyə yaxınlıq” indeksi 97,75 faiz təşkil etmişdi ki, bu da ölkəmizin həmin sahədə dünyada kifayət qədər yüksək standartlara malik olduğunu göstərir. Əldə olunan nailiyyətlərdən biri də 2021-ci ildə Dövlət Vergi Xidmətinin dünya üzrə kommersiya qeydiyyatçılarının 60-a yaxın qurumunu özündə birləşdirən Korporativ Qeydiyyatçılar Forumunun (CRF) İnnovasiya Mükafatına layiq görülməsi olub. Xatırladaq ki, CRF tərəfindən 2020-ci ilin may ayında iki nominasiya - CRF İnnovasiya Mükafatı (Mükəmməllik - Excellence) və CRF İnnovasiya Mükafatı (Təqdir - Commendation) üzrə müsabiqə elan edilmişdi. “Bir prosedurla dövlət qeydiyyatı” (State registration with single procedure) layihəsi ilə müsabiqəyə qatılan Dövlət Vergi Xidməti “Təqdir” kateqoriyasında qalib gəlmişdi. Bu, qeyd olunan sahədə ölkəmizdə qabaqcıl təcrübənin tətbiqini bir daha təsdiqləyir.
Müasir vergi xidmətləri göstərmək təşəbbüsləri davam edir
Azəbaycanda biznesin qeydiyyatı sisteminin optimallaşdırılması və təkmilləşdirilməsi üzrə işlər davamlı xarakter daşıyır. Dünya Bankı Qrupunun “Əlverişli Biznes Mühiti” layihəsinin “Biznesə daxilolma” indikatoru üzrə qəbul edilmiş Yol Xəritəsi çərçivəsində biznesin təsis edilməsi praktikasının qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsi və tətbiqi üzrə məqsədyönlü addımlar atılır, bu istiqamətdə islahatlar davam etdirilir.
Xatırladaq ki, Yol Xəritəsi 2 alt indikator üzrə 6 komponentdən və 34 tədbirdən ibarət Fəaliyyət Planını əhatə edir. Burada icrası nəzərdə tutulan məsələlərin reallaşdırılması məqsədilə yaradılmış İşçi qrup bir sıra layihələr üzərində çalışır. Belə ki, MMC-lərin qeydiyyat məlumatlarında dəyişikliyin elektron qaydada aparılması ilə bağlı proqram təminatının hazırlanması, kommersiya qurumlarının benefisiar mülkiyyətçisi (mülkiyyətçiləri) barədə məlumatların dövlət qeydiyyatına alınması və həmin məlumatların dövlət reyestrinin aparılması, kommersiya hüquqi şəxslərin digər təşkilati-hüquqi formalarının elektron dövlət qeydiyyatının aparılması imkanının yaradılması, riskli vergi ödəyicilərinin hüquqi şəxs təsis etmək hüququnun qanunvericiliklə məhdudlaşdırılması kimi tədbirlərin həyata keçirilməsi, “E-notariat” informasiya sistemi çərçivəsində leqallaşdırılmış sənədlərin e-nüsxələrinin müştərinin aidiyyəti ünvanına çatdırılması xidmətinin təşkili ilə bağlı proqram təminatının yaradılması və s. yeniliklərin tətbiqi nəzərdə tutulur.
Gülay NƏBİYEVA