5 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Samirə Musayeva: "Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması istiqamətində aktiv işlər görülür" MÜSAHİBƏ

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın “APA-Economics”ə müsahibəsi.

- Samirə xanım, ölkə gündəmində bu gün ən aktual məsələlərdən başlamaq istərdik. COP29 çərçivəsində müzakirə olunan qlobal məsələlərdən biri də karbon qiymətqoyma ilə bağlı idi. Bu baxımdan, Azərbaycanın bu məsələyə mövqeyi necədir və ölkəmizdə karbon qiymətqoyma və karbon vergiləri ilə bağlı hansı dəyişikliklərin edilməsi nəzərdə tutulurmu? Məsələn, növbəti il Azərbaycanda karbon vergisi tətbiq edilə bilərmi?

- Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi kimi prioritet istiqamətlər Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2021-ci ildə təsdiq olumuş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” konseptual sənədində təsbit edilib. Bu prioritetlərdən irəli gələrək, Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında həmçinin ölkənin “yaşıl” enerji məkanına çevrilməsi məqsədinə dair hədəf indikatorlar müəyyən olunub. Bundan əlavə olaraq, iqlim dəyişmələri ilə qlobal mübarizəyə dəstək verilməsi məqsədilə, ölkəmiz bir sıra öhdəlikləri üzərinə götürüb və bu proseslərdə ambisiyalı hədəflər müəyyən edib. Belə ki, Azərbaycan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişindən irəli gələrək özünün “Milli səviyyədə Müəyyən edilmiş Töhfələr” (NDC) sənədini təqdim edib və qlobal miqyasda iqlim dəyişmələrinin qarşısının alınması təşəbbüslərinə töhfə olaraq, 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər istixana effekti yaradan qaz emissiyalarının (İEYQ) 35% həcmində azaldılmasını hədəfləyib. 2021-ci ildə Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı ölkəmiz qlobal iqlim dəyişmələrinə təsirini azaltmaq məqsədilə təşəbbüslərə töhfə olaraq isə 2050-ci ilə qədər isə 40% azaldılmanı hədəf kimi götürüb. Qarabağ, Şərqi Zəngəzur, Naxçıvan “yaşıl” enerji zonaları elan edilib. Hazırda üçüncü nəsil Milli Müəyyən edilmiş Töhfələr (NDC 3.0) üzərində iş aparılır.

Qeyd olunan ambisiyalı hədəflərə və təsdiq olunmuş planların icrasına dəstək məqsədilə Dövlət Vergi Xidməti tərəfindən müxtəlif vergi siyasəti alətləri təhlil edilir və müvafiq qabaqcıl beynəlxalq təcrübələr öyrənilir. Karbon qiymətqoyma məhz bu qəbildən olan iqlim hədəflərinə nail olunmasına töhfə verə biləcək mexanizmdir. Ötən müddət ərzində Dövlət Vergi Xidməti tərəfindən müxtəlif karbon qiymətqoyma alətləri, o cümlədən karbon vergisi, emissiya ticarəti sistemi və karbon tullantılarına qiymətin tətbiq edilməsini mümkün edən digər elementlər nəzərdən keçirilib. Bu istiqamətdə mövcud təcrübələr araşdırılıb, potensial modellərin güclü və zəif tərəfləri müqayisə edilərək onların tətbiqinin praktik aspektləri ətrafında ixtisaslaşmış beynəlxalq təşkilatlar, sahəvi mütəxəssislərin fəaliyət göstərdiyi beyin mərkəzləri, akademik dairələr və digər ölkələrin vergi orqanları ilə məsləhətləşmələr aparılıb. Bu sahədə təcrübə və bilik mübadiləsini daha geniş miqyasda stimullaşdırmaq, habelə ölkəmizin COP29-a hazırlıq prosesində reallaşdırdığı genişmiqyaslı tədbirlər planına töhfə vermək məqsədilə, cari ilin sentyabr ayında DVX-nin və Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) birgə təşkilatçılığı ilə Bakıda “Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forum” keçirilib. Bu xüsusda, 2024-2025-ci illər üzrə İOTA-da prezidentlik səlahiyyətlərinin DVX tərəfindən icra olunacağı vurğulanmalıdır. Karbon qiymətqoyma mövzusu həmçinin COP29 zamanı diqqət mərkəzində saxlanıb. DVX-nın təşəbbüsü ilə COP29-un Mavi Zonasında mövzu ətrafında panel müzakirəsi təşkil olunub. Bundan əlavə, Sərhəddə Karbon Tənzimlənməsi mövzusunda yerli və xarici biznes nümayəndələri üçün dəyirmi masa keçirilib. Tədbirin əsas məqsədi bizneslər üçün sərhəddə karbon tənzimlənməsi mexanizmləri ətrafında məlumatlılıq səviyyəsinin artırılması və bu istiqamətdə vergi orqanının mümkün dəstək tədbirlərini müzakirə etməkdən ibarət idi.

Ölkəmizin “yaşıl artım” gündəliyindən irəli gələrək, milli qanunvericilikdə istixana effekti yaradan qaz emissiyalarına tətbiq olunan birbaşa vergilər və ya emissiya ticarət sistemi sahəsində münasibətləri tənzimləyən normativ bazanın mövcud olmamasına baxmayaraq, ətraf mühitin qorunması sahəsində, o cümlədən bərpaolunan enerji mənbələrindən istifadəni təşviq edən qanunvericilik çərçivəsi mövcuddur. Bundan əlavə olaraq, elektrik və hibrid avtomobillərinin, habelə elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucularının idxal və satışına münasibətdə vergi güzəştləri mövcuddur. Həmçinin, investisiya təşviqi sənədinin tətbiqi, dövlət-özəl tərəfdaşlığı zamanı iqlim dayanıqlığının nəzərə alınması, istehsal tarixi köhnə olan nəqliyyat vasitələrinin ölkəyə idxalının məhdudlaşdırılması və ya idxalı zamanı aksiz vergisinin yüksəldici əmsalla hesablanması və s. kimi tədbirlər də həyata keçirilir.

Bununla yanaşı, beynəlxalq təcrübədə mahiyyəti üzrə ”ekoloji vergilərə” aid edilən yanacağa tətbiq olunan aksiz vergisi, yol vergisi, mədən vergisi kimi mövcud alətlər də ölkəmizdə “ekoloji” vergilərin müxtəlif elementlərinin olduğunu göstərir. Buna baxmayaraq, karbon emissiyalarının birbaşa vergilənməsini nəzərdə tutan vergi siyasəti alətlərinin tətbiqi üzərində müzakirələr hələ davam edir və bu sahədə effektiv beynəlxalq təcrübələr təhlil edilir.

Sualınıza daha konkret cavab vermək üçün, bildirmək istərdim ki, növbəti il üçün Vergi Məcəlləsində qüvvəyə minəcək dəyişikliklər çərçivəsində karbon qiymətqoyma alətləri ilə bağlı mexanizmlərin, o cümlədən istilik effekti yaradan qazları əhatə edəcək karbon vergisinin tətbiqi nəzərdə tutulmayıb. Lakin 2025-ci ildən bu sahədə əlavə təşviqləri nəzərdə tutan müddəalar Vergi Məcəlləsinə dəyişikliklər layihəsində əksini tapıb. Məsələn, nәqliyyat sisteminin ekoloji cәhәtdәn tәmiz olması vә atmosferә atılan tullantıların azaldılması məqsədilə ölkəmizdə yerli avtobus (o cümlədən, elektrik mühərriki ilə işləyən) istehsalına, habelə bərpa olunan enerji mənbələrindən istifadəni stimullaşdırmaq məqsədilə elektrik enerjisi istehsalı layihələri üzrə bir sıra vergi təşviqlərinin tətbiqi Vergi Məcəlləsinin dəyişiklik layihəsinə daxil edilib.

Tərəfimizdən aparılmış araşdırmaların və sahəvi mütəxəssislərlə məsləhətləşmələrin ilkin nəticəsi olaraq qeyd edə bilərəm ki, karbon qiymətqoyma alətlərinin hər birinin öz üstünlükləri və çatışmazlıqları mövcuddur və bu sahədə “qızıl” standart mövcud deyildir. Başqa sözlə, dünya ölkələri tərəfindən karbon qiymətqoyma alətlərinin tətbiqinə dair konsensus və vahid yanaşma formalaşmayıb. Aİ-nin və digər yuridiksiyaların “Sərhəddə karbon qiymətləri” ilə bağlı atdığı addımlar da məhz karbon emissiyaları yüksək olan sənayelərə tətbiq edilən karbon vergiləri və ya emissiya ticarət sistemlərinin həmin sənayelərin rəqabətqabiliyyətinə mənfi təsirini azaltmağa xidmət edən mexanizmlərdir. Başlıca səbəb ondan ibarətdir ki, hər ölkənin və yurisdiksiyanın özünəməxsus fərqləndirici xüsusiyyətləri mövcuddur. Bu səbəbdən də karbon qiymətqoyma alətlərinin tətbiqi məsələsinə həssas yanaşılmalı, data analitikasına əsaslanan mülahizələr formalaşdırılmalı və sözügedən mexanizmlərin fiskal, sosial və iqtisadi təsirlərinin genişmiqyaslı təhlili aparılmalıdır. Eyni zamanda karbon qiymətqoyma siyasəti formalaşdırılarkən nəzərdən keçirilən mexanizmlər ölkənin iqlim siyasəti və bu sahədə mövcud beynəlxalq öhdəlikləri, ixrac strukturu, bu cür mexanizmlərin mikro-kiçik bizneslərə, sosial-iqtisadi sahəyə təsirləri nəzərə alınmalıdır. Biz “yaşıl” iqtisadiyyata “ədalətli” keçidi təmin etməyə hədəfləyən və geniş təhlilə əsasən vergi siyasəti tədbirləri həyata keçirəcəyik.

- Növbəti il bəzi xidmət sahələri üzrə mikro sahibkarların gəlirlərinə vergi güzəştləri tətbiq ediləcək. Bu sahələr hansılardır?

- Ötən ilin 1 yanvar tarixindən Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirinin 75 faizi gəlir vergisindən azad edilib. Bir sıra fərdi peşə fəaliyyəti ilə məşğul olan fiziki şəxslər var ki, onlar əhaliyə deyil, digər vergi ödəyicilərinə xidmət göstərdiklərindən sadələşdirilmiş verginin ödəyicisi ola bilmirlər. Həmin şəxslər fərdi qaydada fəaliyyət göstərdikləri üçün Vergi Məcəlləsinin 102.1.30-cu maddəsində nəzərdə tutulan güzəştdən də istifadə edə bilmirlər. Bu səbəbdən cari ilin büdcə-vergi siyasəti çərçivəsində hazırlanmış “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində aşağı gəlirli bəzi xidmət sahələri üzrə (tərcümə, reklam, araşdırma və tədqiqat sahəsində fəaliyyət, hüquq, sərbəst auditor, mühasibat və maliyyə sahəsi üzrə məsləhət xidmətləri, jurnalistlərin fəaliyyəti, kuryer fəaliyyəti, turizm bələdçisi) fəaliyyət göstərən fiziki şəxslərə münasibətdə gəlir vergisindən güzəşt nəzərdə tutulub.

- Növbəti il biznesin vergi yükünü optimallaşdırmaq üçün hansı sahələrə vergi güzəştlərinin və azadolmalarının verilməsi nəzərdə tutulur?

- Vergi Məcəlləsinə edilən dəyişikliklərin əsas istiqamətlərindən birini sahibkarların vergi yükünün optimallaşdırılması təşkil edir. Cari ilin büdcə-vergi siyasəti çərçivəsində də investisiya mühitinin və sahibkarlıq fəaliyyətinin təşviq edilməsi, sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması məqsədilə dövlət-özəl tərəfdaşlığı layihələri üzrə investorlara və ölkənin logistik potensialının səmərəli istifadəsi üçün xarici dövlətlərin yük avtomobillərinə, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinə vergi güzəşt və azadolmalarının tətbiqi nəzərdə tutulub.

Dövlət - özəl sektor tərəfdaşlığı layihələrinin icrası məqsədilə “Dövlət - özəl tərəfdaşlığı haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən “İnvestisiya fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan təşviq tədbirləri, habelə vergi və digər dövlət ödənişləri üzrə güzəştlər, əlavə maliyyə dəstəyi, təminatlar, azadolmalar və kompensasiyalar dövlət-özəl tərəfdaşlığı layihələri üçün dövlət dəstəyinin formaları olaraq nəzərdə tutulub. Bu baxımdan, dövlət - özəl sektor tərəfdaşlığı və elektrik enerjisi istehsalı layihələri çərçivəsində xidmətlərin göstərilməsi, eləcə də həmin xidmətlərin göstərilməsi ilə bağlı infrastrukturun yaradılması və idarəedilməsi ilə əlaqədar layihələrin icrası ilə bağlı vergi azadolmalarının tətbiqi təklif edilir.

Ölkə ərazisində istehsal olunan avtobusların satışının, habelə təsdiqedici sənəd əsasında istehsal məqsədilə avtobusların ehtiyat hissələrinin idxalının ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Eyni zamanda, Azərbaycan dəmir yolu sistemində həyata keçirilən islahatlar, o cümlədən beynəlxalq və regional nəqliyyat dəhlizi layihələri, infrastrukturun müasirləşdirilməsi və nəqliyyat sektorunun istifadə imkanlarının stimullaşdırılması üçün məqsədyönlü addımlar nəticəsində dəmir yol nəqliyyatı ölkə iqtisadiyyatının inkişafına əhəmiyyətli dərəcədə təsir edən amillərdən birinə çevrilib. Bu baxımdan xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələrinin yol vergisindən azad edilmələri ilə bağlı Vergi Məcəlləsinə təklif edilmiş dəyişikliklər dəmir yolları vasitəsilə daşımaların artmasına xidmət edəcək. Bunlarla yanaşı, layihədə ölkə daxilində avtobusların istehsalının təşviqi, tibb turizminin inkişafı, habelə mədəniyyət və incəsənət sahələrində tətbiq olunan vergi güzəştlərinin genişləndirilməsi və digər istiqamətlər üzrə sahibkarlıq fəaliyyətinin dəstlənməsi məqsədilə bir sıra təşviq alətləri də nəzərdə tutulub.

- Azərbaycana xarici investisiyaları cəlb etmək və stimullaşdırmaq üçün DVX tərəfindən hansı tədbirlər görülüb və hansı addımlar atılacaq?

- Ölkəmizdə davamlı makroiqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığını şərtləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında, 57 ölkə ilə ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlər imzalayıb. Bir sıra ölkələrlə qarşılıqlı inzibati yardım və məlumat mübadiləsi haqqında müvafiq sazişlər mövcuddur. Ölkəmiz bu günlərdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”unun ən yüksək “compliant” (uyğundur) reytinq balını əldə edib. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli biznes mühiti, güzəştlər, imtiyazlar və stimullar ölkə iqtisadiyyatına qoyulan investisiyaların artmasını, yeni istehsal sahələri və iş yerlərinin yaradılmasını təmin edib. Beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir.

Eyni zamanda qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ölkə iqtisadiyyatına birbaşa xarici investisiyaları cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin, yerli məhsullarla özünütəminetmə səviyyəsinin yüksəldilməsi, ixracın və məşğulluq səviyyəsinin artırılması sənaye siyasətinin əsas prioritetləri hesab olunur.

Digər tərəfdən investisiya təşviqi sənədi, sənaye zonaları, texnoparklar, Ələt Azad İqtisadi Zonası, işğaldan azad edilmiş ərazilərin rezidentlərinə verilən vergi azadolmaları və s. kimi təşviq alətləri investisiya fəaliyyətinin canlanmasında əlverişli mexanizmlərdir. Belə ki, investisiyaların təşviqinin stimullaşdırılması məqsədilə 2016-cı ildən başlayaraq investisiya təşviqi sənədini almış hüquqi şəxslərin və fərdi sahibkarların həmin sənədi aldığı tarixdən 7 il müddətinə əldə etdikləri mənfəətin (gəlirin) 50 faizi mənfəət (gəlir) vergisindən, bu fəaliyyətdə istifadə etdikləri müvafiq əmlaka görə əmlak vergisindən, istifadə etdikləri torpaqlara görə torpaq vergisindən azad edilib.

Sənaye və texnologiya parklarına investisiya qoyuluşlarının stimullaşdırılması məqsədilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir (əmək haqqından tutulan gəlir vergisi istisna olmaqla), sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslərin isə sənaye və texnologiyalar parkındakı fəaliyyətdən əldə etdikləri gəlir qanunvericiliyə uyğun olaraq sənaye və texnologiyalar parkında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq olaraq gəlir və mənfəət vergilərindən azad edilib.

“Ələt azad iqtisadi zonası haqqında” Qanuna əsasən, Azad Zona səlahiyyətli qurumu, inzibati müəssisələri və səlahiyyətli qurumun qəbul etdiyi daxili qaydalarda müəyyən edilən hallarda Azad Zonada fəaliyyət göstərən hüquqi şəxslər buradakı fəaliyyətlərinə aid bütün vergilərdən azaddırlar.

İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azaddırlar.

Beləliklə, gördüyünüz kimi, investisiya fəaliyyətinin cəlbediciliyinin artırılması üçün kifayət qədər geniş təşviqlər sistemi mövcuddur.

Cari ilin büdcə-vergi siyasəti çərçivəsində xarici investisiyaları cəlb etmək və stimullaşdırmaq üçün aparılan islahatların davamı kimi gələcəkdə görüləcək tədbirlərlə bağlı qeyd edə bilərəm ki, dövlət − özəl sektor tərəfdaşlığı layihələrinə və bərpa olunan enerji mənbələrindən istifadə edilməklə elektrik enerjisi istehsalı layihələri üzrə istehsalçı olan fərdi sahibkarlara və hüquqi şəxslərə vergi güzəştlərinin verilməsi nəzərdə tutulur.

Dövlət - özəl sektor tərəfdaşlığı çərçivəsində vergi təşviqlərinin verilməsi ölkənin investisiya mühitinin təkmilləşdirilməsinə, iqtisadiyyatın ayrı-ayrı sahələrinə cəlb olunmuş özəl investisiyaların dəstəklənməsinə, birbaşa xarici investisiyaların həcminin artırılmasına, o cümlədən dövlət-özəl tərəfdaşlığı layihələrinin və özəl sektor tərəfindən həyata keçirilən elektrik enerjisi istehsalı layihələrinin dəstəklənməsinə öz töhfəsini vermiş olacaq.

- İşğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Keçən dövr ərzində azad edilmiş ərazilərdə fəaliyyət göstərən neçə sahibkara vergi güzəşti tətbiq edilib? İşğaldan azad edilmiş ərazinin rezidenti statusuna malik olan vergi ödəyiciləri tərəfindən nə qədər vergi daxilolmaları olub?

- “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə iqtisadi və əmək resurslarının səmərəli idarə olunması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəldilməsi məqsədilə vergi, sosial sığorta və digər güzəştlərin tətbiqi, habelə həmin ərazilərdə özəl təşəbbüslərin stimullaşdırılması, investisiya təşviqi mexanizmlərinin təkmilləşdirilməsi, istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərinin müəyyən edilməsi tapşırılmışdı.

Müvafiq sərəncamının icrasının təmin edilməsi məqsədilə işğaldan azad edilmiş ərazilərdə investisiya cəlbediciliyinin artırılması və sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün optimal güzəştlər və stimullaşdırıcı mexanizmlər hazırlanaraq Vergi Məcəlləsinə müvafiq dəyişikliklər edildi. Burada əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsi idi. 2023-cü il ərzində işğaldan azad edilmiş ərazinin rezidenti statusuna malik olan 12 vergi ödəyicisi Vergi Məcəlləsinin 227.1-ci maddəsində nəzərdə tutulan güzəştlərdən yararlanaraq ümumilikdə dövlət büdcəsinə 2023-cü il ərzində 3,4 milyon manat, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində isə 3,7 milyon manat vergi daxilolmasını təmin edib.

- Yeni Vergi Məcəlləsinin hazırlanması istiqamətində işlər hansı mərhələdədir?

- Son illərdə aparılan uğurlu islahatlar, aparıcı dünya praktikası ilə uzlaşan yeni vergi sisteminə keçid, vergi boşluğunun minimallaşdırılması, ölkəyə investisiya cəlb etmək üçün Vergi Məcəlləsinin stabilliyinin artırılması, vergi nəzarətinin asanlaşdırılması, vergi sisteminin səmərəliliyinin artırılması mövcud Vergi Məcəlləsinin daha da rəqabətqabiliyyətli və anlaşılan olmasını, bir sıra məsələlərin detallı tənzimlənməsini və mövcud maddələrin tərkib elementlərinin təkmilləşdirilməsini zəruri edir.

Qeyd edilən zərurətdən irəli gələrək hazırda Vergi Məcəlləsinin yeni strukturunun hazırlanması istiqamətində aktiv işlər həyata keçirilir. Bu baxımdan bu sahədə qabaqcıl beynəlxalq təcrübələr öyrənilir, aparıcı məsləhətçi şirkətlərə və biznes subyektlərinə bu prosesdə aktiv iştirak və təkliflərin təqdim edilməsi üçün məktublar da ünvanlanıb.

Eyni zamanda, qeyd olunan istiqamətdə görülən işlərin icrasının planlı və əhatəli formada həyata keçirilməsi, habelə prosesdə dövlət-biznes münasibətlərində ictimai iştirakçılığın təmini məqsədilə Vergi Məcəlləsində tənzimlənməyən, həmçinin tənzimlənən, lakin ziddiyətli və yaxud aydın olmayan məqamlar üzrə təkliflərin toplanılması üçün Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılaraq biznes cəmiyyətindən və vətəndaşlardan da təkliflər toplanılıb.

Göründüyü kimi, hazırda Vergi Məcəlləsinin strukturunun hazırlanması ilə bağlı aktiv işlər həyata keçirilir və məlumdur ki, bu proses kifayət qədər vaxt tələb edən çoxşaxəli prosesdir. Belə ki, bu proses çərçivəsində sektorlar üzrə sahibkar qrupları ilə, aparıcı biznes subyektləri və məsləhətçi şirkətlərlə müzakirələrin aparılması, toplanmış təkliflərin və qaldırılmış məsələlərin təhlili və emalı həyata keçiriləcək və beynəlxalq təcrübənin ən uğurlu nümunələri tətbiq ediləcək.

Bu proses çərçivəsində DVX-nın əsas məqsədi və hədəfi vergi ödəyiciləri üçün praktik olan və əlverişli vergi mühitinin daha da inkişaf etdirilməsinə xidmət edən yeni Vergi Məcəlləsinin hazırlanmasıdır. Bu baxımdan sahibkarları və ictimaiyyəti də bu prosesdə aktiv olaraq DVX-ya dəstək olmağa dəvət edirik.

Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiFiziki şəxslərin əmlak vergisinə görə güzəştinin hesablanması