Azərbaycanın vergi sistemi şəffaflıq və məlumat mübadiləsi üzrə yüksək reytinqə malikdir MƏQALƏ
Müasir beynəlxalq iqtisadi əlaqələr və ölkələr arasında birgə fəaliyyətin səmərəli qurulması qlobal rifah, sülh və əmin-amanlığın bərqərar olması üçün mühüm prioritetdir. Sosial və iqtisadi əhəmiyyəti yüksək olan vergitutma mexanizminin təkmilləşdirilməsi də əksər ölkələrin iqtisadi gündəliyində duran əsas istiqamətlərdəndir. Bu baxımdan 100-dən çox ölkə ilə işləyən, öz standartları, etibarlı statistika və təhlilləri, dialoq platformaları ilə daha yaxşı vergi siyasətlərinin formalaşmasına kömək edən ekosistemə malik İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) tərəfindən yaradılmış “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum” vergidən yayınma ilə mübarizə aparmaq üçün faydalı imkanlar yaradır. Azərbaycan 2013-cü ildən “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”a üzv olmaqla şəffaflıq və məlumat mübadiləsi üzrə beynəlxalq standartların tətbiqi və qiymətləndirmə prosesində iştirakı öhdəliyini öz üzərinə götürüb.
Şəffaflıq və məlumat mübadiləsi üçün fəal əməkdaşlıq
“Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”un əsas fəaliyyəti vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi, qlobal vergi əməkdaşlığı vasitəsilə vergidən yayınmanı aradan qaldırmaqdan ibarətdir. Qlobal Forum beynəlxalq vergi şəffaflığı standartlarının tətbiqini təmin edir. Burada monitorinq, paralel təcrübələrin nəzərdən keçirilməsi və potensialın artırılması kimi üsullar istifadə edilir. İndiyədək Qlobal Forum tərəfindən 2010-2016-cı və 2016-2024-cü illəri əhatə edən qiymətləndirmənin iki mərhələsi həyata keçirilib. Birinci mərhələ çərçivəsində 125 yurisdiksiya əhatə olunub. Azərbaycan Respublikası üzrə qiymətləndirmənin ikinci mərhələsinin 2023-cü ilin sentyabr ayında başlanıldığı elan edilib və bu il həmin mərhələ çərçivəsində qiymətləndirici ekspertlərin ölkəmizə səfəri baş tutub. Ekspertlər səfər çərçivəsində ölkəmizin qanunvericiliyi və təcrübəsi ilə əyani tanış olublar. Qiymətləndirmə Qrupunun (PRG) 48-ci iclasında qiymətləndirmənin ikinci mərhələsi üzrə elan edilmiş nəticələrə əsasən, Azərbaycan Respublikası ən yüksək “compliant” (uyğundur) reytinq balına layiq görülüb.
“Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”
beynəlxalq vergi şəffaflığı standartlarının tətbiqini təmin edir
Qlobal Forumun vergi məqsədləri üçün yeni çağırışların həllində rolu
Sürətli qloballaşma dövründə vergi ödəyicilərinin beynəlxalq əlaqələrinin genişlənməsi maliyyə resurslarının hərəkətini də intensivləşdirib. Lakin bu proses fayda gətirməklə yanaşı, vergidən yayınmanı da asanlaşdırıb. Bu baxımdan maliyyə sabitliyi üçün gəlirlərin bəyan edilməsi çox əhəmiyyətlidir. Əks təqdirdə bu, zəruri dövlət xidmətlərinin göstərilməsi üçün əldə edilən gəlirləri azaltmaqla yanaşı, əhalinin vergi sisteminə inamını sarsıdır və beynəlxalq maliyyə mərkəzlərinin nüfuzuna xələl gətirir. Qlobal miqyasda vergi orqanları arasında daha sıx əlaqələri və iş təcrübələrini təşviq etməklə bu risklərin aradan qaldırılması üçün effektiv tədbirləri təmin etmək vacibdir. “Vergi məqsədləri üçün şəffaflıq və məlumat mübadiləsi üzrə Qlobal Forum”un da fəaliyyətində bu məqsəd əsaslı formada öz əksini tapır.
Vergi məqsədləri üçün beynəlxalq standartların tətbiqi
171 yurisdiksiyanı birləşdirən Qlobal Forum ofşor vergidən yayınma ilə mübarizə üçün çoxtərəfli həllər təklif edir. Başlıca məqsəd şəffaflığın artırılması və vergi məqsədləri üçün məlumat mübadiləsini təmin etməkdir. Forum bunu bir-birini tamamlayan iki beynəlxalq standartın effektiv tətbiqini təşviq etməklə həyata keçirir. Bu standartların hər ikisi bütün dünya üzrə vergi orqanları arasında daha sıx əməkdaşlığı nəzərdə tutur. Razılaşdırılan və həyata keçirilən birinci standart sorğu əsasında məlumatın beynəlxalq mübadiləsini nəzərdə tutur ki, burada vergi orqanı vergi araşdırmasının aparılması üçün konkret məlumat tələb edə bilər. İkinci isə qeyri-rezidentlərin maliyyə hesablarına dair əvvəlcədən müəyyən edilmiş məlumat toplusunun hər il avtomatik olaraq mübadiləsini nəzərdə tutur. Bu mübadilə məlumatın məxfi saxlanılması və lazımi qaydada mühafizəsi və bunu təmin etmək üçün yurisdiksiyalara xüsusi tələblərin qoyulması ilə dəstəklənir. Qlobal Forum bu standartların dünya miqyasında tətbiqinə nəzarət edir və standartların effektiv şəkildə həyata keçirilməsini təmin etmək üçün ekspert rəyləri toplayır. O, həmçinin üzvlərinin bu məsələləri müzakirə etmələri üçün platforma rolunu oynayır və standartların tətbiqində dəstək olmaq üçün üzvlərə bacarıqların artırılması və texniki yardım göstərir.
Bir yurisdiksiya tam ekspert baxışından keçdikdən sonra “Compliant”
(standartlara uyğundur), “Largely compliant” (standartlara əsasən uyğundur),
“Partially compliant” (standartlara qismən uyğundur), “Non-compliant”
(standartlara uyğun deyil) kimi dörd fərqli reytinq verilə bilər
Bərabər əsaslarda fəaliyyət
Üzv yurisdiksiyaların hamısı Qlobal Forumun prioritetlərinin müəyyən edilməsində və onun iş planının işlənib hazırlanmasında və həyata keçirilməsində bərabər əsaslarla fəaliyyət göstərir. Bu, İƏİT-də yerləşən müstəqil Katiblik tərəfindən dəstəklənir. Qlobal Forum üzvlərin şəffaflıq və vergi məqsədləri üçün məlumat mübadiləsi ilə bağlı beynəlxalq standartların tətbiqinin effektivliyini bir növ ekspertiza edir. Çatışmazlıqlar aşkar edildikdə onların həlli üçün tövsiyələr verir. Üzv yurisdiksiyalar Qlobal Forumun standartların tətbiqi üzrə üzvləri maarifləndirmək və inkişaf etməkdə olan ölkələrin standartlardan tam yararlana bilməsini təmin etmək üçün intensiv yardım göstərməsi potensialının yaradılmasına əlavə dəstək verir. Qlobal Forum beynəlxalq ictimaiyyətin ofşor vergidən yayınma ilə mübarizəyə yanaşmasında uyğunluğu təmin etmək üçün bir neçə beynəlxalq təşkilatı müşahidəçi qismində cəlb edir. O, inkişaf etməkdə olan ölkələrə dəstəyin göstərilməsinin təşviqi üçün onların bir çoxu ilə çox yaxından işləyir. Qlobal Forum sorğu üzrə məlumat mübadiləsi standartının həyata keçirilməsini qiymətləndirmək üçün ekspert rəyləri toplayır və yurisdiksiyaların uyğunluğunu qiymətləndirir. Bir yurisdiksiya tam ekspert baxışından keçdikdən sonra “Compliant” (standartlara uyğundur), “Largely compliant” (standartlara əsasən uyğundur), “Partially compliant” (standartlara qismən uyğundur), “Non-compliant” (standartlara uyğun deyil) kimi dörd fərqli reytinq verilə bilər. 2019-cu ildən isə ölkələr üzrə qiymətləndirmələr daha dərindən həyata keçirilir və həmin tarixdən indiyədək ən yüksək “Compliant” reytinqini 4 ölkədən sonra məhz Azərbaycan Respublikası əldə edib. Qiymətləndirmə prosesi çərçivəsində bir sıra qanunvericilik aktlarının və beynəlxalq müqavilələrin müddəaları, ölkədə hüquqi şəxslərin qeydiyyatı və ləğv olunması prosesləri, vergi orqanlarında qeydiyyat məlumatlarının mövcudluğu və aktuallığı, hüquqi şəxslər tərəfindən vergi bəyannamələrinin verilməsi təcrübəsi təhlil edilib. Ölkəmizin bu reytinqi qazanması yerli vergi sistemində aparılan islahatların beynəlxalq müstəvidə də yüksək qiymətləndirildiyini və rəqabətədavamlı vergi sisteminin bərqərar olduğunu bir daha təsdiqləyir.
Gülay NƏBİYEVA