12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlıq fəaliyyətinə dəstək dayanıqlı iqtisadi artımı stimullaşdırır MƏQALƏ

  • Münbit biznes mühitinin yaradılması istiqamətində atılan addımlar sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradıb;

  • İşğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün çoxsaylı güzəştlər verilib;

  • Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq.

Azərbaycanda sahibkarlıq fəaliyyəti və özəl sektorun dəstəklənməsi dövlətin iqtisadi siyasətinin mühüm tərkib hissələrindən biridir. Bunun üçün hökumət tərəfindən mütəmadi olaraq kompleks tədbirlər həyata keçirilir: dövlət qurumları və biznes sektoru arasında qarşılıqlı münasibətlərin inkişafına yönələn tədbirlər görülür, qanunvericilik bazası və inzibati prosedurlar təkmilləşdirilir, özəl sektorun dəstəklənməsinin dövlət mexanizmləri formalaşdırılır.

Əlverişli biznes mühiti iqtisadi aktivliyi təmin edir

Son illərdə kiçik və orta sahibkarların güzəştli kreditlərlə təmin olunması, sahibkarların fəaliyyətinə müdaxilələrin qarşısının alınması, özəl sektorda inkişafa mane olan süni problemlərin həlli istiqamətində mühüm addımlar atılıb. 2022-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 140 milyon manat kredit verilməsi nəzərdə tutulsa da, ayrılan kreditlərin məbləği 145,9 milyon manat olub. Bununla da proqnoz 104% icra olunub. Bu kreditlərin 104,2 milyon manatı kiçik və orta sahibkarlıq subyektlərinə verilib. Verilən kreditlərin 70%-i regionların payına düşür.

Sahibkarlığın və özəl sektorun inkişafını stimullaşdırmaq kimi məqsədlər vergi orqanları qarşısında da mühüm vəzifələr formalaşdırıb. Sahibkarların vergi yükünün azaldılması, vergi güzəştlərinin tətbiqi və vergi ödəyiciləri üçün inzibatçılığın sadələşdirilməsi istiqamətində görülmüş işlər məhz bu vəzifələrin icrasına xidmət edir. Münbit biznes mühitinin yaradılması istiqamətində atılan addımlar sahibkarlığın inkişafı üçün yeni imkanlar yaradıb. 2023-cü ildən etibarən vergi qanunvericiliyində qüvvəyə minmiş dəyişikliklər sahibkarların fəaliyyətinin genişlənməsi üçün əsaslı stimullar yaradıb.

Məlum olduğu kimi, son illər dünya iqtisadiyyatında baş verən proseslər fonunda idxal olunan bir sıra kənd təsərrüfatı məhsullarının qiymətlərində artım müşahidə olunur. Bunları nəzərə alaraq, Vergi Məcəlləsində edilmiş dəyişikliklərdə aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqləri verilib. Dəyişikliklərə əsasən, siyahısı Nazirlər Kabineti tərəfindən təsdiq olunan idxal mallarını yerli istehsal (emal) malları ilə əvəz edəcək qida (ərzaq) məhsullarının istehsalını həyata keçirən şəxslər müvafiq siyahının təsdiq olunduğu ildən etibarən 7 il müddətinə əldə etdikləri gəlirin (mənfəətin) 50 faizi həcmində gəlir (mənfəət) vergisindən, habelə həmin fəaliyyət prosesində istifadə etdikləri əmlaka və torpağa görə əmlak və torpaq vergilərindən azad ediliblər.

Bir sıra məhsulların istehsalı ilə məşğul olan sahibkarlar Vergi Məcəlləsində investisiya təşviqi sənədi üzrə nəzərdə tutulmuş vergi güzəştlərindən faydalanırdılar. Bununla belə, investisiya təşviqi sənədi yeni fəaliyyətə başlayan vergi ödəyicilərinə verildiyindən və sahibkarlıq fəaliyyəti göstərən vergi ödəyicilərinin əksəriyyəti yeni fəaliyyətə başlayan vergi ödəyiciləri olmadığından, onlar təşviq alətindən faydala bilmirdilər. Bu kimi halları nəzərə alaraq, həmin müəssisələrə də investisiya təşviqi sənədinə malik olan vergi ödəyicilərinə bərabər həcmdə vergi güzəşti verilib. Nəticədə həm yeni fəaliyyətə başlayan, həm də fəaliyyətdə olan müəssisələr eyni həcmdə vergi güzəştləri əldə ediblər.

Bu ildən etibarən informasiya texnologiyaları sahəsi də vergi güzəştlərindən yararlanmaq imkanı əldə edib.

Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlar üçün də çoxsaylı güzəştlər verilib. 2023-cü ildən başlayaraq, bölgədə sahibkarlıq fəaliyyətinin cəlbediciliyini təmin etmək məqsədilə işğaldan azad olunmuş ərazilərdə rezidentlər 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib, onların sosial sığorta ödənişləri dövlət büdcəsi hesabına subsidiyalaşdırılır. Həmçinin özəl təşəbbüslərin stimullaşdırılması məqsədilə həmin ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştləri müəyyən edilib, idxal 10 il müddətində ƏDV-dən azad edilib, digər zəruri addımlar atılıb. Yeri gəlmişkən, İqtisadiyyat Nazirliyinə işğaldan azad olunmuş ərazilərdə fəaliyyətlə əlaqədar 1400-dən çox müraciət daxil olub və investorların bu ərazilərə yüksək marağı müşahidə olunur.

Özəl sektorun güclənməsi sosial-iqtisadi inkişaf strategiyasının əsas istiqamətidir

Azərbaycanda özəl sektorun güclənməsi iqtisadi artıma da töhfə verir. 2022-ci ildə dövlət büdcəsinə vergi daxilolmaları 82% artıb və 15,5 milyard manat təşkil edib. Bu, müstəqilliyimiz dövründə qeydə alınmış rekord məbləğdir. 2022-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) dəyəri 4,6% artaraq 133,8 milyard manat, o cümlədən qeyri-neft-qaz sektorunda 9,1% artaraq 69,8 milyard manat təşkil edib.

Hökumətin müəyyən etdiyi bir sıra fiskal imtiyazlar və güzəştlər fonunda iqtisadi aktivliyin artması və maliyyə resurslarının şaxələnməsi dayanıqlı iqtisadiyyatın bərqərar olmasına müsbət təsir edir. Milli iqtisadiyyatın 2030-cu ilə kimi inkişaf istiqamətlərindən biri də məhz dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşdırılmasıdır. “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının artırılması hesabına davamlı və yüksək iqtisadi artım təmin olunacaq. Keyfiyyətli məhsul və xidmətlər ixracı hesabına ölkə iqtisadiyyatı qlobal dəyər zəncirinə inteqrasiya ediləcək. Bu məqsədlə daha sağlam və rəqabətli biznes mühiti yaradılacaq, dövlət sahibkarlığın inkişafına geniş dəstək verəcək. Dövlətə məxsus olan hüquqi şəxslərin effektivliyi artırılacaq, onların hesabatlılığı gücləndiriləcək. Nəticədə ölkə iqtisadiyyatı hər il orta hesabla 3‒4%, qeyri-neft/qaz ÜDM-i isə illik orta hesabla 5% artacaq. Özəl sektorun iqtisadiyyatda payı 88%-ə çatdırılacaq. Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi əhalinin məşğulluğunun, onun sosial imkanlarının daha da artmasına, sosial müdafiəsi ilə bağlı məsələlərin öz həllini tapmasına davamlı töhfələr verəcək.

Gülay NƏBİYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?