12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi güzəştindən yararlanmaq üçün mikro sahibkarlara verilən şans

Cari il yanvarın 1-dən Vergi Məcəlləsində edilmiş dəyişikliyə görə, mikro sahibkarlıq subyektlərinin mənfəət (gəlir) vergisi ilə bağlı 75% faiz güzəştdən yararlanıb-yararlanmaması ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bununla bağlı yaranmış bir sıra məsələlərə aydınlıq gətirmək üçün “vergiler.az”ın suallarını sərbəst auditor Altay Cəfərov cavablandırıb: 
 

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsində göstərilib ki, müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı 3 nəfərdən az olmayan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olmayan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi gəlir (mənfəət) vergisindən azaddır. Müvafiq il üzrə orta aylıq muzdlu işçi sayı təqvim ili ərzində muzdlu işçilərin sayının cəmlənərək 12-yə bölünməsi yolu ilə müəyyən edilir.

Vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə bu maddədə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə hüquqi şəxsin mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş mənfəət vergisinin 75 faizi həcmində vergi güzəşti müəyyən edilməklə digər sahibkarlıq subyekti olduğu dövrlərdə mənfəət vergisi öhdəliyindən çıxılır. Vergi ödəyicisi tərəfindən əmtəəsiz əməliyyatlar aparıldığı halda, bu maddə ilə müəyyən edilmiş vergi güzəşti əmtəəsiz əməliyyatlardan yaranan gəlirlərə münasibətdə tətbiq edilmir.

Əlavə olaraq qeyd edim ki, Vergi Məcəlləsinin 102.1.30-cü maddəsinin mahiyyəti və nəticəsi də 106.1.20-ci maddə ilə eynidir. Sadəcə, 106.1.20-ci maddə hüquqi şəxslərə, 102.1.30-cu maddə isə fiziki şəxslərə aiddir. Deməli, yuxarıdakı maddədə olan güzəşti əldə etmək üçün birinci tələb orta aylıq işçi sayının 3 nəfərdən az olmamasıdır. Bunun hesablanması üçün baza kimi təqvim ili ərzində olan işçilərin orta sayı götürülür. İkinci tələb isə məcburi dövlət sosial sığorta (MDSS) haqları üzrə borcun olmamasıdır.

Bəs hansı dövr üçün MDSS borcunun olmaması nəzərdə tutulur? Bildirdiyim kimi, orta işçi sayının hesablanması üçün dövr kimi təqvim ili götürülür. Orta işçi sayını müəyyənləşdirmək üçün təqvim ili bitməlidir ki, bundan sonra dəqiqləşdirmə aparılsın. Bundan sonra həm birinci, həm də ikinci tələbə cavab verən mikro sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi mümkün olacaq. Başqa sözlə, MDSS üzrə borc tələbi təqvim ili qurtardıqdan sonra baxılıb təyin ediləcək.

Bəs bu tələbə işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borclar da aiddirmi? Qeyd etdiyimiz kimi, borcun olmaması ilə bağlı tələb yalnız MDSS haqlarına qoyulub. MDSS “Sosial sığorta haqqında” Qanun ilə tənzimlənir və həmin qanun işsizlikdən sığorta və ya icbari tibbi sığorta haqlarına aid edilmir. İşsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının yığılması digər normativ aktlarla tənzimlənilir.

Misal 1: Mikro sahibkarlıq subyekti olan “AA” MMC-nin 2024-cü il dekabrın sonuna olan illik işçilərin ümumi sayı 40 nəfər (yanvar-dekabr aylarında olan ümumi işçilərin cəmi) olub. Həmçinin, şirkət MDSS üzrə birinci və ikinci rüblərə üzrə borcunu noyabr ayında ödəyib. Ancaq MMC 2024-cü il üçün hesabladığı bütün MDSS borclarını 31.12.2024-cü il tarixinə kimi ödəyib və heç bir borcu qalmayıb. Buna rəğmən, şirkətin 31.12.2024-cü il tarixində işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borcu qalıb.

Misal 2: “AA1” MMC də əvvəlki misalda olan vəziyyətdir, sadəcə MDSS üzrə olan yanvar-noyabr borclarını 31.12.2024-cü ilə kimi, dekabr ayının borcunu isə 10.01.2025-ci ildə ödəyib.

Misal 3: “AA2” MMC-də durum 2-ci misalda qeyd olunan formadadır. Lakin MDSS üzrə olan bütün illik borcunu 10.01.2025-ci ildə ödəyib.

Misal 4: “AA3” MMC yanvar-noyabr aylarının borclarını 31.12.2024-cü ilə kimi bitirib, lakin dekabr ayının borcunu 20.01.2025-ci ildə ödəyib. Bəs bu hallarda MMC 75% mənfəət vergisi üzrə güzəştdən istifadə edə bilərmi? Əvvəldən də bildirdiyim kimi, birinci tələb illik orta işçi sayının 3 nəfər olmasıdır. Odur ki, bütün misallarda 40 nəfər :12 ay = 3,33 nəfər orta işçi sayı olduğundan və bu da 3 nəfərdən çox olduğuna görə, birinci tələb tam yerinə yetirilmiş olur.

Birinci misalda MMC rüblər üzrə MDSS borclarını vaxtında ödəmədiyinə baxmayaraq, ona güzəşt tətbiq olunacaq. Çünki hesablamalar üçün dövr kimi illik göstəricilər nəzərə alınır. İlin sonuna MDSS üzrə borcu qalmadığına görə, 75% güzəştdən yararlana biləcək.

İkinci misalda da şirkət 75%-lik güzəştdən yararlana biləcək, çünki yanvar-noyabr borcları 31.12.2024-cü ilədək, dekabr ayının borcunu da hesabat ayından sonrakı ayın 15-nə kimi ödəyib. Qeyd etdiyimiz kimi, MDSS üzrə hesablanan borclar növbəti ayın 15-dək ödənilməlidir. Buna görə, MMC borcunu vaxtında ödəmiş sayılır və 75%-lik güzəştdən istifadə edə bilər.

Üçüncü misalda göstərilən halda, artıq MMC ehtiyatlı olmalıdır. Belə ki, 2024-cü il üçün yaranmış bütün borcları yanvarın 10-da ödəyib. Əvvəlki misalda izah etdiyim kimi, cari ayın borcu növbəti ayın 15-nə kimi ödənilməlidir. Belə olan halda, vergi orqanları vergi ödəyicisinə 75% vergi güzəştinin ona aid olmaması haqqında uyğunsuzluqlar bildirə bilər. Bu zaman vergi ödəyiciləri əsaslı və tutarlı açıqlamalar təqdim etməlidir.

Dördüncü misalda isə MMC 75%-lik vergi güzəştindən yararlana bilməyəcək. Çünki MDSS üzrə borclarını vaxtında ödəməyib. Bu da güzəştin ona tətbiq edilməməsinə əsas verir.

Sonda bildirək ki, artıq hesabat ilinin yarısını keçmisik və vergi ödəyiciləri bu məsələlərdə diqqətli olmalıdırlar. Tövsiyə edilir ki, MDSS üzrə borclar vaxtında ödənilsin ki, qeyd olunan güzətdən istifadə etmək mümkün olsun.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?