15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Xamis Seyranov: “Hədəfimiz yeni və ən müasir ölçmə üsullarının tətbiqinə nail olmaqdır” MÜSAHİBƏ

Ölçmə vasitələrindən istifadə edən hər bir subyekt üçün metroloji xidmət olduqca vacibdir. Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) baş direktoru Xamis Seyranov “vergiler.az”a müsahibəsində metrologiya sahəsinin inkişaf tendensiyaları və bu istiqamətdə görülən işlər barədə danışıb. 

- Xamis müəllim, müasir keyfiyyət infrastrukturunda metrologiyanın əhəmiyyəti nədən ibarətdir? Bu sahənin təkmilləşdirilməsi və yeni ölçmə imkanlarının artırılması istiqamətində Azərbaycan Metrologiya İnstitutu tərəfindən hansı işlər görülür?

- Müasir dövrdə insan fəaliyyətinin bütün sahələrində inkişaf dinamikası həm də ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. İqtisadi subyektlərin istehsal etdikləri məhsul, iş və ya xidmət meyarları ölçmə vasitələrinin göstəricilərinə əsasən təyin olunur və nəticədə məhsulun keyfiyyəti müəyyən edilir. Nəzərə alsaq ki, keyfiyyət bazar uğrunda mübarizədə ən önəmli amillərdəndir, məhz bu baxımdan qlobal bazar şəraitində beynəlxalq və daxili ticarətdə metrologiyanın rolu böyükdür. Metroloji infrastruktur olmadan etibarlı ölçmələr həyata keçirilə bilməz. İqtisadi subyektlərin istifadəsində olan ölçmə vasitələrinin metroloji xarakteristikası metroloji izlənilmə ilə müəyyən edilir. Metroloji izlənilmə isə dövlət kəmiyyət vahidi etalonlarından ötürülən kəmiyyət vahidləri ilə təmin edilməlidir. Qeyd edilənlərə uyğun olaraq, ölçmə vasitələrindən istifadə edən hər bir subyekt üçün metroloji xidmət olduqca vacibdir.

Məlum olduğu kimi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” publik hüquqi şəxsi Azərbaycan Prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanına uyğun olaraq, dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunmasını, qorunub saxlanılmasını və dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini təmin edən qurum kimi fəaliyyət göstərir və ölkədə müvafiq sahənin inkişafına yönəlmiş addımlar atır.

Metroloji infrastruktur olmadan etibarlı ölçmələr həyata keçirilə
bilməz. İqtisadi subyektlərin istifadəsində olan ölçmə vasitələrinin
metroloji xarakteristikası metroloji izlənilmə ilə müəyyən
edilir. Metroloji izlənilmə isə dövlət kəmiyyət vahidi
etalonlarından ötürülən kəmiyyət vahidləri ilə təmin edilməlidir

Belə ki, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın Tədbirlər Planında ölkədə məhsul və xidmət istehsalının müasir keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi istiqamətində metroloji xidmətin kəmiyyət və keyfiyyətinin yüksəldilməsi, yeni ölçmə imkanlarının artırılması məqsədilə AzMİ-də müvafiq laboratoriya şəbəkəsinin qurulmasına başlanılıb. İlk növbədə ölçmə imkanlarının artırılması zəruri hesab edilən sahələr üzrə aparılmış təhlillər nəticəsində inşaat, nəqliyyat, hərbi sənaye, səhiyyə, istehsal və digər sahələrdə ölçmələrin dəqiqliyinin təmin edilməsi üçün 20 yeni laboratoriyanın yaradılması, mövcud 7 etalon laboratoriyasının təkmilləşdirilməsi istiqamətində işlər həyata keçirilir. Bu məqsədlə AzMİ ilə Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) arasında imzalanmış müqaviləyə əsasən, 2024-cü il ərzində ilkin olaraq 12 etalon laboratoriyasının yaradılması planlaşdırılır. Ümumilikdə 27 laboratoriyanin qurulması və təkmilləşdirilməsi üzrə işlərin 2026-cı ildə başa çatdırılması nəzərdə tutulub.

Bundan əlavə, metrologiya sahəsində zəngin bilik və peşəkar kadr potensialına malik qardaş ölkənin bu sahədə təcrübəsinin öyrənilməsi və Azərbaycanda tətbiqi üçün ikitərəfli əlaqələr çərçivəsində Türkiyənin Gebze şəhərində AzMİ əməkdaşları üçün təlimlər nəzərdə tutulub. Artıq cari ilin birinci yarımilliyində 10 əməkdaşın ilkin təlimi yekunlaşıb, ilin sonuna qədər daha 14 nəfərin təlimə göndərilməsi təmin ediləcək.

Görülən tədbirlər iqtisadi subyektlərin metroloji ehtiyaclarının qarşılanması, cihaz və avadanlıqlara olan tələbatın ödənilməsi, həmçinin metroloji xidməti həyata keçirən əməkdaşların bilik və səriştələrinin artırılmasına geniş imkanlar yaradacaq.

- Metrologiya sahəsində beynəlxalq əməkdaşlıqdan bəhs etdiniz. Bu məqsədlə sahə üzrə ekspert və məsləhətçilər cəlb edilirmi? Dünya praktikasında bu istiqamətdə tətbiq edilən hansı ən müasir təcrübələri misal çəkə bilərsiniz ki, onların yaxın zamanda ölkəmizdə icrası nəzərdə tutulur?

- Metrologiya üzrə beynəlxalq əməkdaşlıq inkişafa aparan əsas yollardan biridir. Bu xüsusda, təcrübə mübadiləsinə böyük önəm verilir. Hazırda AzMİ assosiativ üzv qismində Çəkilər və Ölçülər üzrə Baş Konfransın (General Conference on Weights and Measures - CGPM), müxbir üzv qismində Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilatın (International Organization of Legal Metrology - OIML), həqiqi üzv qismində MDB-nin “Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şura”sının, Avrasiya Ölkələrinin Dövlət Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatının (The Euro-Asian Cooperation of National Metrological Institutions - COOMET), İslam Əməkdaşlıq Təşkilatının (Organization of Islamic Cooperation) İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutun Metrologiya Şurasının (Standards and Metrology Institute for Islamic Countries - SMIIC), həmçinin “Milli etalonların və milli metrologiya müəssisələri tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” Beynəlxalq Sazişin (Certificate in Investment Performance Measurement Mutual Recognition Arrangement - CIPM MRA) iştirakçısıdır.

İnstitutun 30-a yaxın əməkdaşı regional və beynəlxalq təşkilatların texniki komitələrində və metrologiya sahəsi üzrə işçi qruplarda çıxış edir. Belə ki, istismar edilən metroloji infrastruktur elm və texnologiyanın sürətli inkişafı nəticəsində daim dəyişikliyə məruz qaldığından, bu sahədə zəngin bilik və texniki imkanlara sahib olan ölkələrdə tətbiq edilən ölçmə metodikaları böyük maraq doğurur. Təbii ki, AzMİ-nin hədəfi yeni və ən müasir ölçmə üsullarının ölkəmizdə tətbiqinə nail olmaqdır. Bununla bağlı daim beynəlxalq təcrübəyə müraciət edilir.

Hazırda İnstitutun müvafiq etalon laboratoriyalarında saxlanılan və tətbiq edilən kütlə, təzyiq, elektrik, temperatur, ionlaşdırıcı şüalanma, sıxlıq və özlülük kəmiyyət vahidləri dövlət etalonlarının beynəlxalq səviyyədə tanınmaları üçün COOMET çərçivəsində beynəlxalq tutuşdurmalarda iştirakı təmin edilib və müsbət nəticələr əldə olunub. AzMİ-nin kalibrlənmə və ölçmə imkanları (Calibration and Measurement Capabilities – CMC) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büronun (Bureau International des Poids et Mesures - BIPM) məlumat bazasında dərc edilib. Hazırda AzMİ CMC sətirlərinin ümumi sayı 35-ə çatdırılıb. BİPM saytında dərc olunmuş CMC sətirlər kalibrlənmə və ölçmələri yerinə yetirmək üçün laboratoriyanın ən yüksək səviyyəli texniki səriştəsinə istinad edir, həmçinin ölçmələrin dəqiqlik səviyyəsini əks etdirir. CMC-nin dərc olunması dövlət etalonlarının digər ölkələrin etalonları ilə ekvivalentlik dərəcəsinin müəyyən edilməsinə, milli etalonların və AzMİ tərəfindən verilən kalibrlənmə haqqında sertifikatların beynəlxalq səviyyədə tanınmasına, iqtisadiyyatımızın müxtəlif sahələrində metroloji izlənilmənin təmin olunmasına və ticarətdə texniki maneələrin aradan qaldırılmasına imkan yaradır.

Sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın müstəqil
tərəfin nəzarətinə ötürülməsi həm istehlakçının, həm də qaz
təchizatçısının mənafelərinin müdafiəsinin gücləndirilməsinə xidmət edir

- Məlumdur ki, bu ildən etibarən qaz sayğaclarına metroloji xidməti AzMİ təmin edir. Bu istiqamətdə görülən və görüləcək işlər barədə nə deyə bilərsiniz?

- Qeyd etdiyiniz kimi, “Azəriqaz” İstehsalat Birliyi ilə AzMİ arasında 2023-cü ildə bağlanılmış müqaviləyə əsasən, Birliyə məxsus olmuş Qaz sayğaclarının müayinəsi laboratoriyası cari ilin 1 yanvar tarixindən İnstitutun idarəetməsinə verilib. Bununla da sayğacların müayinəsi prosesi müstəqil tərəfə ötürülüb. Laboratoriyada ölçmə vasitələrinin yoxlanılması, sənaye tipli sayğacların, həcm korrektorlarının təmiri və kalibrlənməsi, qaz sayğaclarına edilən kənar müdaxilə hallarının müəyyən və təsdiq edilməsi ilə bağlı işlər həyata keçirilir. Müəssisədə abonentlərin sayğacların təmiri ilə bağlı müraciətləri də qəbul olunur. Laboratoriyada cihazı təqdim edən tərəfin (və ya onun nümayəndəsinin) iştirakı ilə videomüşahidə altında sayğac tam sökülərək ehtiyat hissələrinə baxış keçirilir, dəyişdirilməsi vacib olan hissələr müəyyən olunaraq qüsur aktı tərtib edilir. Abonent qüsur aktında qeyd olunan ehtiyat hissələri laboratoriyaya təqdim etdikdən sonra təmir prosesi həyata keçirilir. Təmir bitdikdən sonra sayğac təkrar sınaq qurğusunda yoxlanılır, metroloji tələblərə uyğunluğu dəqiqləşdirilir və yekunda AzMİ-nin barkodu ilə plomblanaraq istismara qaytarılması üçün aidiyyəti üzrə təhvil verilir.

Qeyd edim ki, sayğacların müayinəsinin həyata keçirildiyi laboratoriyanın müstəqil tərəfin nəzarətinə ötürülməsi həm istehlakçının, həm də qaz təchizatçısının mənafelərinin müdafiəsinin gücləndirilməsinə xidmət edir. Belə ki, müvafiq laboratoriyanın AzMİ-nin idarəetməsində olması ilə ölçmə vasitələrinin yoxlanılması işlərinin metroloji tələblərə uyğun həyata keçirilməsinə nəzarət artırılacaq və ölçmələrin nəticələrinin etibarlılığına nail olunacaq. Bu da öz növbəsində ümumi proseslərin təkmilləşdirilməsinə və səmərəliliyin artırılmasına, məişət istehlakçılarının və sahibkarların hüquqlarının qorunmasına töhfə verəcək.

Qaz sayğaclarından bəhs etmişkən, bir məsələni xüsusilə diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, Gəncə Cihazqayırma Zavodunda bir sıra ölçmə vasitələri olan sayğaclar, o cümlədən qaz sayğacları istehsal olunur. Bu sayğaclar zavodun nəzdindəki sınaq laboratoriyasında test edilərək keyfiyyəti təsdiq edilir. Fəaliyyətin optimallaşdırılması və zavodda istehsal olunmuş sayğacların Bakı şəhərində yerləşən laboratoriyada yoxlanılması ilə bağlı logistika xərclərinin və vaxt itkisinin qarşısının alınması məqsədilə AzMİ əməkdaşları sözügedən sınaq laboratoriyasına təhkim ediliblər. Burada istehsal olunan sayğacların metroloji tələblərə uyğunluğu İnstitut əməkdaşlarının nəzarəti altında yoxlanılır və birbaşa istismara buraxılır.

- Artıq AzMİ tərəfindən göstərilən xidmətlərin rəqəmsallaşdırılması prosesinə başlanılıb. İlkin mərhələdə hansı xidmətlərin elektron formada təqdim edilməsi planlaşdırılır?

- İlk növbədə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən hazırlanaraq son dövrlərdə istismara verilən “Keyfiyyət portalı”nı vurğulamaq istərdim. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyası”na uyğun olaraq, keyfiyyətə nəzarət sahəsində göstərilən xidmətlərin rəqəmsallaşdırılması və vahid elektron portalın yaradılması, o cümlədən “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı”na əsasən, texniki tənzimləmə və standartlaşdırma üzrə vahid elektron informasiya sisteminin qurulması nəzərdə tutulub. Artıq keyfiyyət infrastrukturu sahəsində göstərilən xidmətlərin şəffaflığını və operativliyini təmin etmək məqsədilə fəaliyyətin elektronlaşdırılması, informasiya sistemlərinin formalaşdırılması, rəqəmsal texnologiyaların tətbiqi ilə innovativ idarəetmənin təmin edilməsi üçün vahid elektron informasiya sistemi – e-keyfiyyet.gov.az istifadəyə verilib.

Bu işlərin davamı kimi, AzMİ tərəfindən göstərilən xidmətlərin elektronlaşdırılması məqsədilə “Keyfiyyət portalı”nda “Metrologiya alt modulu (MAM)” yaradılıb. Bu modul vasitəsilə ilkin mərhələdə İnstitut tərəfindən göstərilən xidmətlərin, o cümlədən ölçmə vasitələrinin yoxlanılması haqqında şəhadətnamələrin, kalibrlənməsi haqqında sertifikatların, ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmə metodikalarının (metodlarının) attestasiyası haqqında şəhadətnamələrin, eləcə də sınaq avadanlıqlarının metroloji attestasiyası və yararsızlıq haqqında bildirişlərin verilməsi tam rəqəmsallaşdırılıb.

Yeni informasiya sistemi vasitəsilə elektron imza və ya “Asan İmza”dan istifadə etməklə şəxsi kabinetin yaradılması nəticəsində müraciətlərin elektron qaydada ünvanlanması və nəticələri barədə məlumatların elektron qaydada əldə edilməsi, o cümlədən müraciətlərin elektron izlənilməsi, QR kodlar vasitəsilə təqdim edilmiş sənədlərin tanınması nəticəsində sahibkarlıq subyektlərində quruma etimadın artırılması, xidmətlərin göstərilməsi zamanı şəffaflığın təmin edilməsi, akkreditasiya sahəsindən kənar xidmətlərin göstərilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması risklərinin qarşısının alınması, sənədlərin reyestrinin aparılması mümkün olacaq.

AzMİ tərəfindən istehlakçıların mənafelərinin qorunması və
məlumatlandırılması məqsədilə onların daha çox istifadə etdiyi
sahələrdə ölçmə vasitələri üzərində QR kodların tətbiqinə başlanılıb

- Rəqəmsallaşmanın ən yaxşı nümunələrindən biri də ölçmə vasitələri üzərində QR kodların yerləşdirilməsidir. Bu, istehlakçılara nə vəd edir?

- AzMİ tərəfindən istehlakçıların mənafelərinin qorunması və məlumatlandırılması məqsədilə onların daha çox istifadə etdiyi sahələrdə ölçmə vasitələri üzərində QR kodların tətbiqinə başlanılıb. Artıq bir müddətdir ki, “Araz” supermarketlər şəbəkəsi və Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tərəzilərin üzərinə QR kodlar yerləşdirilib. Məlumdur ki, dövlət tənzimlənməsi sahələrində istifadəsi nəzərdə tutulmuş tərəzilər istismara verilənədək və təmirdən sonra ilkin yoxlamadan, istismar prosesində isə dövri yoxlamadan keçirilir. Qeyd olunan sahələrdə tərəzilərdən istifadə edən şəxslər həmin avadanlıqları, dövriliyə uyğun olaraq, yoxlamaya təqdim etməlidirlər. Bu xüsusda, tərəzilərin metroloji qayda və normalara uyğunluğu müəyyən edildikdən sonra ölçmə vasitələrinin üzərinə yerləşdirilən QR kodlarla onların metroloji xarakteristikalarının dəqiqliyinə təminat verilir. Belə ki, istehlakçılar QR kodları oxudaraq həmin ölçmə vasitəsinin xətasızlığı barədə şəhadətnamə ilə tanış olurlar.

Hazırda AzMİ tərəfindən “SOCAR Petroleum” QSC-yə məxsus yanacaqdoldurma məntəqələrində yanacaq paylayan kolonkaların üzərində də QR kodların yerləşdirilməsi və cihazın düzgünlüyü barədə məlumatlılıq təmin edilib. İnstitut bu istiqamətdə fəaliyyətini genişləndirərək digər mühüm əhəmiyyətli istehlak sahələrində də müvafiq kodların tətbiq olunmasını davam etdirəcək.

Hüseyn VƏLİYEV

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?