13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Biznes mühitinin yaxşılaşdırılmasında qanunvericilik və inzibatçılıq təşəbbüsləri həyata keçirilir MƏQALƏ

Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiya Dünya Bankının “Əlverişli biznes mühiti” layihəsinin səmərəli icrası ilə bağlı əlaqələndirmə fəaliyyətini bilavasitə həyata keçirir. Məlum olduğu kimi, Dünya Bankının daha əvvəl həyata keçirdiyi “Doing Business” layihəsi 2021-ci ilin sentyabr ayından dayandırıldı və 2022-ci ilin fevral ayından yeni təşəbbüs - “Əlverişli biznes mühiti” layihəsi irəli sürüldü. Bu layihənin əsas məqsədləri ölkələri iqtisadi təşəbbüsə təşviq etmək, sosial-iqtisadi sahədə islahatlar həyata keçirilərkən qarşılıqlı qlobal hesabatlılıq, qlobal rəqabət mühitində bu islahatların keçirilməsini təşviq etməkdir. “Əlverişli biznes mühiti” layihəsi ölkələr qarşısında biznesin bütün yaşam tsiklini əhatə edən islahatların aparılması ilə bağlı tələblər qoyur və müəyyən diaqnostikalar üzrə təşəbbüslər irəli sürür.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) rəis müavini Samirə Musayeva "Rəqəmsal İdarəetmə Platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı” mövzusunda keçirilmiş konfransda çıxışında bu layihə ilə bağlı geniş məlumat verib.

Biznes mühitinin qiymətləndirilməsi

“Əlverişli biznes mühiti” layihəsinə baxsaq, biznesin yaşam tsikli – açılması, fəaliyyət göstərməsi və bağlanması ilə bağlı indikatorların müəyyən olunduğunu, 10 indikator üzrə biznes fəaliyyətinin necə həyata keçirilməsini və hansı islahatların aparılmasını mərhələli şəkildə görə bilərik. Bütövlükdə, biznesin öz fəaliyyətinin ləğvi prosesinin şəffaf, əlçatan, sadə olması, o cümlədən yeni islahatlarda müflisləşmə prosesinin də qiymətləndirilməsi nəzərdə tutulur.

Ölkələrdə biznes mühiti qiymətləndirilərkən hər bir indikator üzrə islahatın effektivliyinin ölçülməsi üçün dəyişməz meyarlar mövcuddur. Bu meyarlar rəqəmsallaşmanın və rəqəmsal texnologiyaların geniş şəkildə tətbiqi və islahatın həyata keçirilməsi zamanı mütləq qaydada ekoloji dayanıqlığın qorunub saxlanmasının təmin edilməsini də məqsəd kimi qarşıya qoyur. Hər bir islahat ölçülərkən, müvafiq sahədə yalnız qanunvericiliyin təkmilləşdirilməsi, yaxud da hüquqi bazanın mövcudluğu yoxlanılmır. Hüquqi bazanın keyfiyyəti və tamlığı şərt olaraq qoyulsa da, biznesin öz fəaliyyətinin bütün mərhələlərində qanunla müəyyən edilmiş geniş, hərtərəfli hüquqlardan və tənzimləmələrdən yerində istifadəsinin əlçatanlığı mühüm amildir. Əvvəlki layihədə daha çox KOB, yerli investisiyalar, biznes nümunəsində və modelində qiymətləndirmə həyata keçirilirdisə, “Əlverişli biznes mühiti” ölkədə biznes mühitinin mövcud vəziyyətini daha geniş şəkildə qiymətləndirir, istər yerli, istərsə də xarici sahibkarlar üçün əlverişli, səmərəli mühitin mövcudluğuna dair tələblər müəyyənləşdirir.

Ötən müddət ərzində Dünya Bankının təqdim etdiyi diaqnostika matrisası əsasında bütün sahələr üzrə qiymətləndirmə aparılıb. Həm qanunvericilik, həm də inzibatçılıq təhlil edilib, elektron xidmətlərin mövcudluğu, onların səmərəliliyinə dair dəyərləndirmələr həyata keçirilib. Bizneslə sıx əməkdaşlığa dair ilkin sorğular nəticəsində təkmilləşmə imkanları 10 indikator üzrə fəaliyyət göstərən 13 İşçi qrupun hər birində qiymətləndirilib. Bütün işçi qruplarda təsdiq olunmuş Yol xəritələri üzrə 2022-2023-cü illərdə 470-dən çox tədbirin icrası nəzərdə tutulur.

“Biznesə daxilolma” İşçi qrupunun ötən dövrdə gördüyü işlər

“Biznesə daxilolma” biznesin fəaliyyət göstərməsi üçün ilkin mərhələ olduğuna görə, bu məqama həm biznes, həm də aidiyyəti dövlət orqanları ilə birlikdə kifayət qədər həssas yanaşılıb. “Biznesə daxilolma”nın keyfiyyəti ölçülərkən qaydaların tamlığı, rəqəmsal xidmətlər, biznesin açılması üçün asanlıq və əlçatanlıq təhlil olunub, səmərəliliyin ölçülməsinə xüsusi diqqət yetirilib. Ümumiyyətlə, “Biznesə daxilolma”da səmərəliliyin artırılması zamanı “Əlverişli biznes mühiti” layihəsi üzrə “0” nöqtəsi kifayət qədər yüksəkdir. Ən son “Doing Business” qiymətləndirilməsində 190 ölkə arasında Azərbaycanın biznesə başlama üzrə mövqeyi 9-cu sırada idi, etalon qanunvericiliyə yaxınlığı isə 96,2 faiz qiymətləndirilmişdi. Korporativ Qeydiyyatçılar Forumu tərəfindən 2021-ci ildə Azərbaycanın biznes qeydiyyatı modeli “Təqdir” kateqoriyasında mükafata layiq görülüb.

Bununla belə, diaqnostika matrisası əsasında qiymətləndirmə aparılarkən kifayət qədər təkmilləşmə imkanları olan sahələr müəyyənləşdirilib, biznesin təsis qaydaları təhlil olunub, elektron qeydiyyat zamanı bir sıra yeni imkanların xarici investisiyalı hüquqi şəxslər üçün də əlçatanlığının təmin edilməsinə dair hüquqi akt layihələri hazırlanaraq hökumətə təqdim olunub.

Normativ bazadakı digər istiqamətlər isə elektron qeydiyyatın sadəliyi və çevikliyi ilə yanaşı, təhlükəsizliyin təmin olunması ilə bağlı təkliflərə aiddir. Qeydiyyat üçün dövlət xidmətləri bir daha diaqnostika edilib, sahibkarlıq subyektlərinin tələbləri nəzərə alınmaqla biznesin elektron qaydada təsis edilməsi ilə yanaşı, bütün bu prosesə aid elektron xidmətlərin qarşılıqlı əlaqələri təhlil olunaraq, təkmilləşmə imkanları müəyyənləşdirilib. Bununla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində bir sıra hüquqi aktlar hazırlanaraq işçi qrupda geniş fikir mübadiləsi aparılıb, sahibkarlıq subyektlərinin rəyləri alınıb və layihələr hazırda hökumətdə müzakirə mərhələsindədir. Biznesə daxilolma prosesində təhlükəsizliyin təmin olunması, xüsusilə hüquqi şəxs yaratmaq istəyən subyektlərin eyniləşdirilməsi üçün daha mütərəqqi alətlərin tətbiqi ilə bağlı təşəbbüs irəli sürülüb və bu istiqamətdə işlər davam etdirilir.

Biznes qeydiyyatı həyata keçirilərkən bir sıra beynəlxalq öhdəliklərin, o cümlədən Maliyyə Tədbirləri üzrə İşçi qrupun (FATF) tövsiyələrinin nəzərə alınması da əhəmiyyət kəsb edirdi. “Əlverişli biznes mühiti” layihəsi bütün beynəlxalq standartların nəzərə alınmasını öhdəlik kimi qoyduğuna görə, benefisiar mülkiyyətçilərin reyestrinin aparılması, risk kateqoriyasına daxil olan şəxslərin, hüquqi şəxsin təsisçisi və yaxud idarəetmə orqanların üzvləri olmasını məhdudlaşdıran hüquqi baza yaradılıb, eyni zamanda elektron qaydada məhdudlaşdırma ilə bağlı işlər həyata keçirilir. Xarici investisiyalı hüquqi şəxslərə bu mərhələdə xüsusi önəm verilib. Baxmayaraq ki, biznes qeydiyyatı yüksək reytinqlərlə bu prosesə başlayıb, lakin xarici investisiyalı kommersiya qurumlarının elektron qeydiyyatında kifayət qədər çətinliklərin olduğu müşahidə edilir. Hazırda elektron leqallaşdırma prosesindən keçmə, növbəti mərhələdə isə elektron imzaların qarşılıqlı olaraq açıq açarlar infrastrukturu vasitəsilə tanınması ilə bağlı müvafiq işlərə başlanılıb, müzakirələr aparılır.

Qeyd olunduğu kimi, biznesə başlama sahəsində qiymətləndirilən əsas meyarlardan biri də qaydaların açıq, sadə və əlçatan olmasıdır. Odur ki, biz bu məlumatların əhatə dairəsini, əlçatanlığını kifayət qədər sadələşdirərək bir neçə dildə veb səhifəmizdə yerləşdirmişik.

Vergi inzibatçılığının keyfiyyətinin və əlçatanlığının artırılması

Sahibkarlıq fəaliyyəti dövründə vergitutma ilə bağlı qaydaların və inzibatçılığın mövcudluğu, düzgün və yerində işləməsi biznesin fəaliyyəti üçün vacib komponentlərdən biridir. Bu sahədə 2022-2023-cü illərdə 54 tədbirin həyata keçirilməsi planlaşdırılır. Həm vergi qanunvericiliyinin, həm də vergi inzibatçılığının keyfiyyətinin və əlçatanlığının artırılması, bütövlükdə vergi yükünün və vergi səmərəliliyinin ölçülməsi istiqamətində işlər görülüb. Əlverişli biznes layihəsində göstərilən meyarlar üzrə ilkin qiymətləndirmələr aparılıb.

Nəticədə nəyə nail olunub? Biznes qaydaları sadə və sabit olmalıdır, birmənalı şərh edilməlidir. Qaydalar hazırlanarkən sahibkarların bununla bağlı fikirləri, təşəbbüsləri və təklifləri nəzərə alınmalıdır. Bu səbəbdən biznes mühiti üzrə rəy və münasibət əldə etməyə imkan verən sorğuların keçirilməsi ilə bağlı müfəssəl qaydalar hazırlanıb, “Sorğular və təkliflər” adlı elektron xidmət istifadəyə verilib.
Vergi ödəyiciləri ilə rəqəmsal yazışma kanallarımızda da intensivlik artıb. Ötən il ərzində sahibkarlarla 17 mindən çox yazışma həyata keçirilib. Assosiasiyalarla və sahibkar birlikləri ilə 320-yə yaxın görüş baş tutub. Bütün bu islahatlar prosesində qarşıya qoyulan məqsədlərə çatmaq üçün hər bir komponent üzrə görüşlərdə biznes nümayəndələri ilə fikir mübadiləsi aparılıb, təkliflər alınıb və təhlillər edilib ki, islahat zamanı bütün məqamlar nəzərə alınsın. Dövlət - biznes münasibətlərindəki ictimai iştirakçılığın davamı olaraq, assosiasiyalarla sıx əməkdaşlıq qurulub. Assosiasiyalar müvafiq sahələr üzrə biznesin bütün problemlərini öyrənib hökumət üzvləri ilə kommunikasiyanı həyata keçirirlər. Ötən il ərzində 73 belə görüş keçirilib. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində mütəmadi şəkildə biznesin maraqlarından irəli gələrək, eyni zamanda ölkədə aparılan iqtisadi islahatlara uyğun olaraq, vergi qanunvericiliyi və vergi qaydaları təkmilləşdirilir.

Həm milli prioritetlərdə, həm sosial inkişaf strategiyasında, həm də bir çox beynəlxalq reytinqlərdə ölkə qarşısında qoyulan əsas öhdəliklərdən biri də ekoloji mühitin qorunması, ekoloji dayanıqlılıq, “yaşıl artım” və “yaşıl enerji”dən istifadə ilə bağlıdır. Bundan irəli gələrək, ötən il Vergi Məcəlləsinə edilmiş və bu ildən qüvvəyə minmiş dəyişikliyə əsasən, istər ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin idxalı və satışı üzrə güzəştlər, istərsə də bərpa olunan enerji mənbələri hesabına əldə edilən enerjinin istifadəsi ilə bağlı vergi təşviqləri qanunvericiliyə gətirilib və bu istiqamətdə təkmilləşdirmə işləri növbəti mərhələdə də həyata keçiriləcək.

Biznesin maraqlarının qorunması üçün bir sıra mühüm addımlar atılıb. Vergi Ombudsmanı təsisat olaraq fəaliyyət göstərsə də, onun daha çevik şəkildə bizneslə kommunikasiyasını təmin etmək üçün aparatı yaradılır və bu sahədə də struktur islahatlar həyata keçirilir. Növbəti mərhələdə Dövlət Vergi Xidməti biznes mühitinin yaxşılaşdırılması - istər biznesə başlama, istərsə də vergi öhdəliklərinin icrası prosesində daha innovativ alətlər tətbiq etməklə, həmçinin sahibkarlıq mühitini təşviq edən qanunvericilik və inzibatçılıq təşəbbüsləri həyata keçirməklə bu sahədə islahatlarda yaxından iştirak edəcək.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?