11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Fariz Cəfərov: “Azərbaycanda "Yeni Nəsil Texnologiyalar Mərkəzi"nin yaradılması nəzərdə tutulur” MÜSAHİBƏ

Süni intellektin yaratdığı imkanlar iqtisadiyyatda prosesləri avtomatlaşdırmağa imkan verməklə yanaşı, ölkələrin iqtisadiyyatının da inkişafını təmin edir. Süni intellekt texnologiyalarının tətbiqi zamanla biznes və müəssisələrin daha da böyüməsində mühüm rol oynayacaq.

Artıq bir çox dünya ölkələrində olduğu kimi, Azərbaycanda da süni intellekt müxtəlif bizneslərin idarəedilməsində tətbiq edilir. Müsbət məqam isə bu tendensiyanın getdikcə artması, süni intellektin imkanlarından istifadəyə olan marağın çoxalmasıdır.

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) icraçı direktoru Fariz Cəfərov süni intellektlə bağlı “vergiler.az”ın bəzi suallarını cavablandırıb.

- Sürətli texnoloji inkişaf dövrünü yaşayan dünya ölkələrində dördüncü sənaye inqilabı texnologiyaları, xüsusilə də süni intellektə keçid sürətlənir. Bu tendensiya qlobal miqyasda hansı yeni fürsətlərə yol açır?

- Bu ilin yanvar ayında Dünya İqtisadi Forumunun (DİF) “Əmək bazarının gələcəyi 2023” (“Future of jobs” 2023) hesabatı dərc olunub. Həmin sənədə əsasən, yaxın 5 ildə ən çox tələb olunan bacarıqlar analitik təfəkkür, yaradıcı düşüncə, süni intellekt və böyük verilənlər sahəsində olacaq. Həmçinin, liderlik, sosial təsir keyfiyyətləri və ömürboyu öyrənmə təhsil formasına tələbatın artacağı gözlənilir.
Həmin hesabata görə, hər 10 işçidən 6-sı 5 ildən bir öz bacarıqlarını inkişaf etdirmək üçün təlimlərə ehtiyac duyacaq. Hazırda qlobal miqyasda təlim ehtiyacı olan işçilərin yalnız yarısının adekvat təlim imkanlarına çıxışının olduğu görünür. Bu isə bir daha təsdiq edir ki, dördüncü sənaye inqilabı bütün dünya ölkələri üçün yeni çağırışlar yaradır.

Hesabatda süni intellektin yaradacağı iş yerlərinin onun ləğv edəcəyi iş yerlərinin sayından daha çox olacağı vurğulanır. Belə ki, növbəti iki ildə 85 milyon iş yerinin əhəmiyyətini itirəcəyi, 97 milyon iş yerinin isə yaranacağı ehtimal olunur.

Süni intellekt texnologiyalarının yaratdığı fürsətlər iqtisadiyyatların daha məhsuldar, innovativ və rəqabətqabiliyyətli olmasını təmin etməklə, genişmiqyaslı iqtisadi inkişafı təşviq etmək imkanlarına malikdir. Bu texnologiyaların tətbiqi prosesləri optimallaşdırırmaqla məhsuldarlığı artırır, xərclərin azaldılmasına dəstək olmaqla səmərəliliyin yüksəlməsinə səbəb olur. Süni intellekt sənaye, ticarət, maliyyə, səhiyyə, kənd təsərrüfatı, enerji, təhsil və bir çox başqa sahələrdə ciddi dəyər yaratmaq imkanına malikdir.

Bir maraqlı faktı da qeyd edim ki, bazarda süni intellekt texnologiyalarının dəyəri 2023-cü ildə təxminən 200 milyard ABŞ dolları təşkil edirdisə, 2030-cu ilədək bu rəqəmin 1,8 trilyon ABŞ dollarından çox olacağı gözlənilir.

Süni intellekt texnologiyalarının yaratdığı fürsətlər iqtisadiyyatların
daha məhsuldar, innovativ və rəqabətqabiliyyətli olmasını təmin
etməklə, genişmiqyaslı iqtisadi inkişafı təşviq etmək imkanlarına malikdir

- Azərbaycanda dördüncü sənaye inqilabı texnologiyalarının effektiv tətbiqi ilə bağlı hansı fəaliyyətlər həyata keçirilir?

- Şübhəsiz ki, dünyada dördüncü sənaye inqilabının gətirdiyi dəyişikliklər bizdən də yan keçmir. Bu trendlərə hazır olmaq üçün dünyada bu istiqamətdə baş verən prosesləri təhlil etmək və müvafiq fəaliyyətlərin həyata keçirilməsinə dəstək vermək Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin əsas vəzifələrindən biridir.

Qeyd edək ki, ölkəmizdə bu istiqamətdə 2024-2030-cu illəri əhatə edən Rəqəmsal İqtisadiyyatın İnkişafı üzrə Strategiya hazırlanıb. Strategiyanın 3 əsas istiqaməti var: müəssisələrin rəqəmsal transformasiyası hesabına ÜDM-in artımının sürətləndirilməsi, rəqəmsal cəmiyyətə keçidi təmin etmək üçün vətəndaşların sahəvi bilik və bacarıqlara əlçatanlığının artırılması, həmçinin dövlət əməliyyatlarının səmərəliliyi və effektivliyinin artırılması üçün data əsaslı idarəetmənin təmin olunması.

Strategiya çərçivəsində şirkətlərdə dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqi prosesinə dəstək, KOB-ların zəruri proqram təminatına çıxışına yardım, həmçinin müvafiq bacarıqlara malik insan kapitalının formalaşdırılması və s. kimi strateji əhəmiyyətli təşəbbüslərin icrası nəzərdə tutulur.

Həmçinin müxtəlif sektorlarda rəqəmsal transformasiya, praktiki öyrənmə və innovasiyanın inkubasiyası üzrə kompleks şəkildə dəstək göstərmək üçün beynəlxalq təcrübəyə uyğun "Yeni Nəsil Texnologiyalar Mərkəzi"nin yaradılması nəzərdə tutulur. Mərkəzin xidmətlərindən faydalanan müəssisələrin öz işçilərinin məhsuldarlığında 15-30%, müxtəlif sektorlar və tətbiqlər üzrə məhsuldarlıqda isə 30%-ə qədər artım əldə edəcəyi proqnozlaşdırılır. 4SİM Dünya İqtisadi Forumu (DİF) ilə süni intellekt və maşın öyrənməsi, əşyaların interneti və şəhər transformasiyası, həmçinin rəqəmsal ticarət kimi üç fərqli istiqamətdə sıx əməkdaşlıq edir.

Mərkəzimiz həmçinin DİF-in iki mühüm icmasının ekspertlər şurasının üzvüdür. Bunlardan biri Süni İntellekt üzrə İdarəetmə Alyansı (“AI Governance Alliance”), digəri isə Dövlət xidmətlərində texnologiyaların tətbiqi təşəbbüsüdür (“GovTech Network”).

Mərkəz olaraq DİF-lə yanaşı, bir sıra beynəlxalq təşkilatlar, xarici dövlətlərin beyin mərkəzləri və dövlət qurumları ilə əməkdaşlıq çərçivəsində 4Sİ texnologiyaları, xüsusilə də süni intellektin iqtisadiyyatın müxətlif sektorlarında tətbiqinə dair uğurlu təcrübə mübadiləsi aparılır, prioritet sahələr üzrə təşəbbüs və layihələr icra edilir.

Azərbaycanda xüsusilə süni intellekt istiqamətində bir sıra həllərin
tətbiqi müşahidə olunur. Belə ki, gömrük, vergi, energetika, kənd təsərrüfatı,
çağrı xidmətləri, bank sektoru və s. sahələrdə müxtəlif layihələr icra edilir

- Son dövrlərdə iqtisadiyyatımızın hansı sahələrində dördüncü sənaye inqilabı texnologiyalarının tətbiqinin daha da intensivləşdiyi müşahidə olunur?

- Son dövrlərdə, Azərbaycanda xüsusilə süni intellekt istiqamətində bir sıra həllərin tətbiqi müşahidə olunur. Belə ki, gömrük, vergi, energetika, kənd təsərrüfatı, çağrı xidmətləri, bank sektoru və s. sahələrdə müxtəlif layihələr icra edilir.

Bu istiqamətdə həmçinin, 4SİM-in hazırda icra etdiyi layihələrdən olan yerli qanunvericiliklə bağlı vətəndaş suallarını cavablayan Generativ Süni İntellekt əsaslı “4SİM çatbotu” pilot layihəsi, həmçinin 6 fərqli sahədə (kənd təsərrüfatı, səhiyyə, media, enerji, təhsil, limanlar) 4Sİ texnologiyalarının tətbiqi ilə bağlı 100 uğurlu həlli özündə ehtiva edən “Milli İqtisadiyyatda 4Sİ texnologiyalarının tətbiqi” adlı araşdırma sənədini nümunə gətirmək olar.

Hazırda Azərbaycan dilində “Generativ Süni İntellekt“ sisteminin yaradılması istiqamətində fəaliyyətlər nəzərdə tutulur. Generativ süni intellekt mətn, şəkillər və s. kimi strukturlaşdırılmamış yeni məzmunun yaradılmasına imkan verən sistemdir. Hazırda vətəndaşlarımız digər dillərdə, əsasən ingilis dilində generativ süni intellekt sistemlərindən istifadə edirlər. Bu süni intellekt sistemləri tərcümə əsasında çalışsalar da, Azərbaycan dilində məzmunun dəqiqlik faizi aşağıdır. Azərbaycan dilində “Generativ Süni İntellekt“ sisteminin əsasında istər dövlət qurumları, istərsə də özəl sektor nümayəndələri yeni həllər yaratmaq imkanı əldə edəcəklər.

Azərbaycan dilində “Generativ Süni İntellekt“ sisteminin
əsasında istər dövlət qurumları, istərsə də özəl sektor
nümayəndələri yeni həllər yaratmaq imkanı əldə edəcəklər

- Təxminən 1 il öncə “Coursera” platforması ilə əməkdaşlığa başladınız. Bu layihə vətəndaşlarımız üçün hansı fürsətləri yaratdı?

- Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondu və ABŞ-nin “Coursera” şirkəti ilə 15 sentyabr 2023-cü ildə pilot layihə kimi başladığımız “4Sİ Akademiyası” layihəsinin məqsədi ölkədə dördüncü sənaye inqilabı texnologiyaları sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi və əmək bazarında bu sahə üzrə ixtisaslı kadrların hazırlanmasına dəstək olmaqdır. “4Sİ Akademiyası” çərçivəsində istifadəçilərə dünyada ən populyar təhsil platforması olan “Coursera”da Yel, Dyuk, Miçiqan, London, İllinois, Virciniya kimi 40 universitet və “Microsoft”, “İBM”, “Meta” və “Google” kimi şirkətlərin 800-ə yaxın kursu ödənişsiz təqdim olunur.

Layihə çərçivəsində bu günə kimi 8000 nəfər kurslardan faydalana bilib və onlar 2700-dən çox sertifikat əldə ediblər. Layihə bitənədək daha 2000 istifadəçi platformadan yararlana biləcək.

Bu ilin sonuna doğru biz “Coursera” ilə 200 min vətəndaşımızı əhatə edəcək “Milli Proqram” layihəsinə başlamağı nəzərdə tuturuq. “Milli Proqram” çərçivəsində dünyanın 275 ən nüfuzlu universitetinin və onlarla aparıcı texnologiya şirkətlərinin 4Sİ texnologiyaları, süni intellekt, maşın öyrənməsi, böyük verilənlər, data analitikası, blokçeyn və bulud texnologiyaları, proqramlaşdırma dilləri, eləcə də liderlik, şəxsi inkişaf və kommunikasiya kimi bacarıqlar da daxil olmaqla, ümumilikdə 8000-ə qədər sahəvi kurs və proqramları istifadəçilər üçün əlçatan olacaq.

Fürsətdən istifadə edib onu da əlavə etmək istərdim ki, nəzərdə tutulan kurs və təlimlər Azərbaycan dilində səsli və altyazı şəklində hazırlanmaqdadır. “Coursera” şirkəti ilə bu günə kimi 2600-dən çox kurs artıq tərcümə olunub və bu istiqamətdə əməkdaşlığımızı davam etdiririk. Digər bir yenilik isə ondan ibarətdir ki, “Coursera”nın işəgötürənlərlə tədris alanları əlaqələndirən “Talent Pipeline” platformasına giriş imkanı olacaq. Belə ki, işəgötürənlər onlara lazım olan sahələr üzrə müvafiq kurs və təlim keçmiş istifadəçilərlə bağlı məlumatlara çıxış və onlara iş təklif etmək imkanı əldə edəcəklər.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?