Qeyri-rezidentin bəzi ödənişlərindən ödəmə mənbəyində vergi tutulması
Vergi Məcəlləsinin 125.1-ci maddəsinə əsasən, qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan ümumi gəlirindən ödəmə mənbəyində xərclər çıxılmadan aşağıdakı dərəcələrlə vergi tutulur:
- dividend - bu Məcəllənin 122-ci maddəsinə uyğun olaraq;
- faizlər - bu Məcəllənin 123-cü maddəsinə uyğun olaraq;
- rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri - 4 faiz;
- Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələri - 6 faiz.
Azərbaycan Respublikasının hüdudlarından kənarda digər dövlətlərdəki təyinat (göndərilmə) məntəqələri arasında, habelə Azərbaycan Respublikasının ərazisindən tranzit qaydada həyata keçirilən daşımalara görə rezident müəssisənin və ya sahibkarın ödəmələri bu maddə üzrə vergitutuma obyekti deyildir;
- bu Məcəllənin 125.1.1-ci – 125.1.4-cü, 125.1.6-cı – 125.1.8-ci və 125.1-1-ci maddələrində göstərilən gəlirlər istisna olmaqla, hüquqi şəxslərin və vergi ödəyicisi kimi uçota alınmış fiziki şəxslərin işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələri – 10 faiz;
- rezident müəssisəsinin və ya sahibkarın muzdlu işlə əlaqədar ödədiyi gəlir - bu Məcəllənin 101-ci maddəsində göstərilən dərəcələrlə;
- icarə haqları və royalti (bu Məcəllənin 125.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla) - bu Məcəllənin 124-cü maddəsinə uyğun olaraq;
- idman mərc oyunlarından, lotereyalardan, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlardan (mükafatlardan) iştirakla bağlı ödənilən pul vəsaiti (pul qoyuluşu) çıxılmaqla qalan məbləğdən – bu Məcəllənin 101.5-cı maddəsinə uyğun olaraq.
Bakı Karyera Mərkəzinin direktoru, vergi eksperti Təhməz Qaçayev qanunvericiliyin tələbini “vergiler.az”a şərh edir.
Misal: Rezident müəssisənin aşağıdakı ödəmələri olub:
2000 manat - icarə haqqı üzrə fərdi sahibkara;
3000 manat - faiz rezident müəssisəyə;
4000 manat - qeyri -rezidentin daimi nümayəndəsinə icarə haqqı;
5000 manat - riskin sığortası üzrə qeyri-rezident müəssisəyə;
6000 manat - malların Türkiyə-Gürcüstan arasında daşınmasına görə qeyri-rezidentə;
8000 manat - onlayn təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş edilib.
Müəssisənin ödəmə mənbəyində tutmalı olduğu vergini müəyyən edək.
Vergi Məcəlləsinin 99.3 və 124.1-ci maddələrinə əsasən, fərdi sahibkarın icarə gəlirlərindən, əgər icarəyə götürən şəxs vergi orqanında uçotda olarsa ödəmə mənbəyində vergi tutulur. Ona görə də ödənişi edən müəssisə həmin ödənişdən 14 faiz dərəcə ilə vergi tutmalıdır:
2000 x 14% = 280 manat.
Vergi Məcəlləsinin 122-ci maddəsinə əsasən, rezident müəssisəyə ödənilən faizdən ödəmə mənbəyində vergi tutulmur. O baxımdan rezident müəssisəyə ödənilən 3000 manat faizdən ödəmə mənbəyində vergi tutulmayacaq.
Vergi Məcəlləsinin 124-cü maddəsinə əsasən, qeyri-rezidentin daimi nümayəndəliyinə ödənilən icarə haqqından ödəmə mənbəyində vergi tutulmur. Misalımıza əsasən rezident müəssisə ödədiyi 4000 manat icarə haqqından ödəmə mənbəyində vergi tutmayacaq.
Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, riskin sığortası üzrə qeyri-rezidentə ödənilən sığorta haqlarından ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergi tutulur. Ödəməni həyata keçirən müəssisə 200 manat məbləğində ödəmə mənbəyində vergi tutmalıdır:
5000 x 4% = 200 manat.
Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən, beynəlxalq daşımalara görə qeyri-rezidentə ödənilən məbləğdən ödəmə mənbəyində 6% dərəcə ilə vergi tutulsa da daşımalar Azərbaycan Respublikasının hüdudlarından kənarda həyata keçirilərkən qeyri-rezidentə ödəniş ödəmə mənbəyində vergi tutma obyekti deyil. Misalımıza uyğun olaraq malların Türkiyə-Gürcüstan arasında daşınmasına görə ödənişdən ödəmə mənbəyində vergi tutmayacaq.
Onlayn təhsil xidmətlərinə görə qeyri-rezidentə ödənilən haqdan isə Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulmalıdır. Deməli müəssisə 8000 manatdan ödəmə mənbəyində 800 manat vergi tutmalıdır:
8000 x 10% = 800 manat.