Əmək qabiliyyətinin müvəqqəti itirilməsi: müavinətin verildiyi və verilmədiyi hallar MƏQALƏ
İşçilərin gündəlik həyatında tez-tez rast gəlinən, ancaq çox vaxt diqqətdən qaçırdığı xəstəlik müavinəti ilə bağlı suallar hələ də aktualdır. İşçilərin böyük əksəriyyəti xəstəlik səbəbindən əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə "hər bir halda müavinətim ödəniləcək" deyə düşünür. Halbuki qanunvericilikdə elə hallar var ki, bu müavinət ya tamamilə verilmir, ya da hüquq olsa belə, müəyyən səbəblərdən gecikir.
İqtisadçı ekspert Emin Səttarov əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin verildiyi və verilmədiyi halları “vergiler.az”a açıqlayır.
Əvvəlcə əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətin ümumiyyətlə verilmədiyi hallara baxaq. İşçi ödənişsiz məzuniyyətdə, təhsil və ya yaradıcılıq məzuniyyətində, yaxud uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyətdə olarkən xəstələnərsə, həmin dövr üçün müavinət ödənilmir. Eyni qayda ilə işçi qəsdən öz sağlamlığına zərər vurarsa və ya özünün törətdiyi cinayət nəticəsində xəsarət alarsa, yenə də müavinət ala bilməyəcək. Qeyd edək ki, burada söhbət məhz işçinin öz təqsirindən gedir. Əgər işçi başqasının hücumunun qurbanıdırsa, yəni xəsarəti ona kənar şəxs vurubsa, bu hala aid deyil və müavinət adi qaydada ödənilir.
Fərdi qaydada çalışan, yəni muzdlu işçi kimi deyil, öz fəaliyyəti ilə gəlir əldə edən şəxslər üçün əlavə şərtlər var. Onlar son 4 rübün ən azı 6 ayında sosial sığorta haqqını lazımi məbləğdə ödəməli, xəstələndiyi tarixə borcu olmamalı və fəaliyyəti dayandırılmamış olmalıdır. Bu üç şərtdən biri pozularsa, müavinət hüququ yaranmır.
Misal 1: İşçi Firəngiz Əliyeva (adlar şərtidir) uşağa qulluqla bağlı qismən ödənişli sosial məzuniyyətdə olarkən xəstələnir və əmək qabiliyyətini müvəqqəti itirir. Onun üçün elektron xəstəlik vərəqi tərtib olunur. Firəngiz bu günlər üçün müavinət gözləyir. Lakin xəstəlik məhz həmin məzuniyyət dövründə baş verdiyi üçün bu günlərə görə müavinət ödənilmir.
Fərz edək ki, xəstəlik məzuniyyət bitəndən sonra da davam edir. Bu halda Firəngiz yalnız işə başlamalı olduğu gündən etibarən qalan günlər üçün ümumi qaydada müavinət ala bilər. Yəni məzuniyyət dövrünə düşən hissə "itir", ondan sonrakı hissə isə "xilas olur".
İndi isə ən çox diqqət yetirilməli məqama: müavinətin verilmədiyi yox, sadəcə, gecikdiyi hallara nəzər yetirək. Əgər işəgötürən lazımi hesabatı vaxtında təqdim etməyibsə və ya təqdim etdiyi hesabatda uyğunsuzluq varsa, müavinətin ödənilməsi dayandırılır. Yəni işçinin öz təqsiri olmadan, sırf hesabat problemi səbəbindən müavinət gözləmədə qalır. Hesabat düzəldiləndən və müvafiq müraciət ediləndən sonra ödəniş bərpa olunur. Eyni məntiqlə, xəstəlik məhz hesabatın verilməli olduğu dövrə düşərsə, müavinət hesabat təqdim edilənədək təxirə salınır.
Göründüyü kimi, əmək qabiliyyətinin itirilməsinə görə (xəstəlik) müavinət avtomatik və şərtsiz təyin edilmir. Onun taleyi həm işçinin statusundan, həm də işəgötürənin öz öhdəliklərini vaxtında yerinə yetirməsindən asılıdır.
Əmək qabiliyyətinin itirilməsinə görə müavinət necə hesablanır?
Çoxumuz "işçi xəstələndi, müavinəti hesablanacaq" deyirik. Ancaq bu hesablamanın arxasında konkret bir düstur zənciri dayanır və hər addımın öz məntiqi var. Gəlin bunu quru düsturlarla yox, canlı bir nümunə ilə addım-addım aydınlaşdıraq.
Əvvəlcə əsas məntiqi qeyd edək. Müavinət işçinin əvvəlki 4 rübdə əldə etdiyi qazancdan hesablanır. Burada "qazanc" dedikdə əməkhaqqının özü yox, həmin dövrdə ödənilmiş məcburi dövlət sosial sığorta haqqının dörd misli nəzərdə tutulur. Yəni sistem sığorta haqqından çıxış edir və onu qazanca çevirir.
Bəs niyə məhz dörd misli? Səbəb sadə riyaziyyatdadır. Muzdlu işçinin əməkhaqqından tutulan sosial sığorta haqqının payı əməkhaqqının təxminən 25 faizini təşkil edir. 25 faizi yenidən 100 faizə, yəni tam əməkhaqqına qaytarmaq üçün onu dördə vurmaq lazımdır, çünki 25 faizin dörd misli 100 faiz edir. Beləliklə, sistem faktiki ödənilmiş sığorta haqqını götürür, dördə vurur və bununla işçinin ilkin qazancını riyazi yolla bərpa edir. Buradan çıxan çox mühüm bir nəticə var: müavinət işçinin real əməkhaqqına yox, məhz onun üçün faktiki ödənilmiş sığorta haqqına bağlıdır. Yəni sığorta haqqı əskik ödənilibsə və ya gecikibsə, qazanc da aşağı olacaq, deməli, müavinət də azalacaq.
Misal 2: İşçi Firəngiz Əliyeva 2026-cı ilin iyul ayında 20 təqvim günü fasiləsiz xəstələnib. Onun əvvəlki 4 rübü 2025-ci ilin iyulundan 2026-cı ilin iyununadək olan dövrü əhatə edir. Bu müddətdə hər ay onun üçün 150 manat sosial sığorta haqqı ödənilib, yəni 12 ay üzrə cəmi 1.800 manat. Eyni zamanda bu dövrdə Firəngizin 10 günlük əvvəlki xəstəliyi olub. Vəzifə maaşı isə 1.200 manatdır.
Ümumi qazanc (ÜQM) - ödənilmiş sığorta haqqının dörd misli:
1800 x 4 = 7200 manat;
Cəmi təqvim günləri (ÜTG): 2025 iyul – 2026 iyun = 365 gün;
Çıxılan günlər (ÇTG): əvvəlki xəstəlik dövrü = 10 gün.
Bu günləri niyə çıxırıq? Çünki həmin günlərdə işçi qazanc əldə etməyib. Əgər onları bölənin içində saxlasaydıq günlük qazanc süni şəkildə aşağı düşərdi. Ona görə də həm qazancdan, həm də gün sayından çıxarılır ki, nəticə ədalətli olsun.
Bölən günlər (BTG): 365 – 10 = 355 gün;
Bir günə düşən orta qazanc (OQM): 7200 : 355 = 20,28 manat;
Müavinətin məbləği: 20,28 x 20 = 405,63 manat.
Qeyd edək ki, hesablanmış müavinət iki həddən heç birini keçə bilməz — vəzifə maaşının iki qatı və minimum pensiyanın 25 misli. Bizim nümunədə 405,63 manat hər iki həddən aşağı olduğu üçün eynilə qalır və işçiyə 100 faiz məbləğində ödənilir.
Bir vacib məqam da ödəyən tərəflə bağlıdır. Əmək qabiliyyətinin itirilməsinə görə müavinət ilk 14 təqvim günü işəgötürənin öz vəsaiti hesabına, qalan günlər isə sosial sığorta vəsaiti hesabına ödənilir. Yəni bizim nümunədə ilk 14 gün işəgötürən, qalan 6 gün isə sığortaçı tərəfindən ödəniləcək.
Göründüyü kimi, müavinətin hesablanması ilk baxışda mürəkkəb görünsə də məntiqi izləyəndə tamamilə aydınlaşır. Ən çox yanlışlıq edilən məqam isə çıxılan günlərin düzgün müəyyən olunmamasıdır - bu, nəticəni birbaşa dəyişir.
