Hər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi?
İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlərin tətbiqi (DTA-03) ilə bağlı bəzi məsələlərə aydınlıq gətirilməsini xahiş edirik. Qeyri-rezident aviadaşıyıcı ilə bağlanmış müqavilə əsasında rəsmiləşdirilmiş aviabiletlərə görə həftəlik ödənişlər həyata keçirilir. Müqavilə cari ilin sonunadək qüvvədədir. İlk proforma-invoys əsasında DTA-03 ərizəsi təqdim edilib və müsbət qərar alınıb. DTA-03 qərarında müqavilənin qüvvədə olduğu dövr və müraciət zamanı təqdim edilmiş proforma-invoys üzrə məbləğ öz əksini tapıb. Bununla əlaqədar aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş edirik:
1.Alınmış DTA-03 qərarı müqavilə çərçivəsindəki sonrakı həftəlik ödənişlərə də şamil olunurmu? Yoxsa hər yeni invoys (ödəniş) üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidir?
2.Əgər hər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsinin təqdim edilməsi tələb olunursa, müqavilə üzrə il ərzində həyata keçirilməsi planlaşdırılan, lakin dəqiq məbləği əvvəlcədən məlum olmayan ödənişlər üçün qarşı tərəfin təqdim etdiyi proforma-invoys əsasında, göstərilən təxmini ümumi məbləğ üzrə DTA-03 ərizəsinin təqdim edilməsi mümkündürmü?
3.Bu halda sonradan faktiki göstərilmiş xidmətə görə təqdim edilən invoys və təhvil-təslim aktında qeyd olunan məbləğin proforma-invoysda göstərilən məbləğdən fərqlənməsi DTA-03 qərarının tətbiqinə hər hansı təsir göstərirmi?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən birinci suala cavab olaraq bildirilib ki, DTA-03 ərizəsi əsasında ərizədə qeyd olunan gəlir məbləği, ödənişlərin aparıldığı (aparılacağı tarix) dövr üzrə gəlir ödəyənə və müvafiq qeyri-rezidentə razılıq məktubu göndərilir. Əvvəlki DTA-03 ərizəsi əsasında alınmış razılıq məktubunda təsdiq edilmiş məbləğ və ödənişlərin aparıldığı (aparılacağı) dövr yalnız həmin müraciətdəki (invoyslardakı) məbləği və ödəniş dövrünü əhatə edirsə, bu zaman əlavə məbləğ (invoyslar) və əlavə ödəniş dövrü üçün yeni ərizə təqdim edilməlidir.
İkinci suala gəlincə, qeyd olunub ki, qeyri-rezidentdən alınmış rezidentlik sertifikatı üzrə təxmini məbləğ üçün ödənişlərin dövrü cari ilin və ya gələn ilin sonu göstərilən (Qaydaların 8.6-cı bəndi nəzərə alınmaqla) DTA-03 ərizəsi təqdim edilə bilər.
Üçüncü suala cavab olaraq bildirilib ki, əvvəlki DTA-03 ərizəsi əsasında alınmış razılıq məktubunda təsdiq edilmiş məbləğ və ödənişlərin aparıldığı (aparılacağı) dövr yalnız həmin müraciətdəki (invoyslardakı) məbləği və ödəniş dövrünü əhatə edirsə, bu zaman əlavə məbləğ (invoyslar) və əlavə ödəniş dövrü üçün yeni ərizə təqdim edilməlidir.
