Qeyri-rezidentin gəliri ilə bağlı vergi öhdəliyi necə tənzimlənir?
Qeyri-rezident tərəfindən qiymətli kağızların xarici ölkədə saxlanılması xidməti ƏDV öhdəliyi yaradır, yoxsa Azərbaycan mənbəyindən əldə olunan gəlir sayılmadığı üçün ƏDV-dən azaddır? Yerli Bankın qeyri-rezident təşkilata depozitar xidmətlər üçün (qiymətli kağızların qeyri-rezident olduğu ölkədə saxlanılması) ödədiyi komissiya haqqından ÖMV və ƏDV tutulmalıdırmı?
Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 13.2.14.2-ci maddəsinə əsasən, müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar maliyyə xidmətlərinə aid edilmişdir.
Bununla yanaşı, Vergi Məcəlləsinin 13.2.14.4-cü maddəsinin müddəalarına əsasən, sənədli qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir.
Vergi Məcəlləsinin 13.2.16.15-ci maddəsinə əsasən, idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir - bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilmişdirsə, Azərbaycan mənbəyindən gəlirlərə aid edilir.
Qeyri-rezidentin gəlirindən ödəmə mənbəyində vergi tutulması Vergi Məcəlləsinin 125.1-ci maddəsi ilə tənzimlənir. Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, Vergi Məcəlləsinin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən digər gəlirlərindən ödəmə mənbəyində xərclər çıxılmadan 10 faiz dərəcə ilə vergi tutulur.
Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, məsləhət, hüquq, mühasibat, mühəndis və ya reklam xidmətlərinin, həmçinin məlumatların işlənilməsi üzrə xidmətlərin və digər analoji xidmətlərin göstərilməsi bilavasitə həmin xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu yerdə ƏDV-yə cəlb edilir.
Vergi Məcəlləsinin 168.1.6-cı maddəsinə əsasən işi yerinə yetirən və ya xidmət göstərən şəxsin fəaliyyəti həyata keçirdiyi yer ƏDV-nin məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.
Əlavə olaraq bildiririk ki, sorğuda qeyd olunan əməliyyatla bağlı işin faktiki halları, o cümlədən göstərilən xidmətlərin mahiyyəti və komissiya məbləğinin necə müəyyən olunması barədə məlumatlar və təsdiqedici sənədlərlə (müqavilə, ödəniş sənədləri və s.) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət olunması tövsiyə olunur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci və 168-ci maddələri.