Vergilər Nazirliyində tələbələr üçün təlim təşkil olunub
Vergilər Nazirliyində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün "Media və vergi" mövzusunda təlimə start verilib. Nazirliyin Media və Kommunikasiya Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi gənc jurnalistlərin vergi sistemi haqqında ilkin biliklərə yiyələnməsini stimullaşdırmaq, vergi mövzusunda xəbər, təhlil və araşdırmaların kütləvi informasiya vasitələrində daha keyfiyyətli və düzgün işıqlandırılmasını dəstəkləməkdir.
Beş gün davam edəcək təlim zamanı vergi sisteminin müxtəlif sahələrini əhatə edən mövzular üzrə məruzələr təqdim olunacaq. Bundan başqa, vergi ilə bağlı xəbər və analitik təhlillərin hazırlanması, informasiya böhranı zamanı vəziyyətdən çıxış yolları, vergi sahəsində məlumatlandırma və maarifləndirmə, sosial media marketinqi, media ilə iş prinsipləri, PR işinin düzgün təşkili ilə bağlı təqdimatlar ediləcək, praktik məşğələlər keçiriləcək.
Mayın 13-də aparılan ilk təlim "Azərbaycanda vergilərin yaranması və təkamül tarixi, iqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu, müstəqil Azərbaycanın büdcə və vergi sistemi" mövzusuna həsr edilib. Nazirliyin Tədris Mərkəzinin baş müəllimi Fariz Yadigarov mövzu ilə bağlı tələbə-jurnalistlər qarşısında çıxış edib, onların suallarını cavablandırıb.
Xatırladaq ki, Vergilər Nazirliyi vergilərin ödənilməsi, cəmiyyətdə könüllü vergiödəmə vərdişlərinin formalaşdırılması məqsədilə mütəmadi olaraq məlumatlandırma və maarifləndirmə işləri aparır. Xüsusilə gənc nəslin, o cümlədən tələbələrin vergilər barədə bilik və anlayışlarının artırılması istiqamətində müxtəlif tədbirlər, konfrans və seminarlar təşkil olunur, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə məlumatlar verilir, müsabiqə və olimpiadalar keçirilir.
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri üçün təşkil edilən təlim yeni nəsil media təmsilçiləri ilə Vergilər Nazirliyi arasında gələcək əməkdaşlığın təməlini qoyacaq. Təlimin sonunda tələbələrə xüsusi sertifikatlar təqdim olunacaq.