12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Vergi ödəyicisi fəaliyyətini müvəqqəti dayandırarsa...

Vergi ödəyicisinin fəaliyyətini müvəqqəti dayandırması ilə bağlı bir sıra qaydalara əməl etmək tələb olunur. Mövzunu iqtisadçı ekspert Anar Bayramov şərh edir.

Vergi Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir.
Bu məsələdə vergi ödəyicilərinin nəzərə almalı olduğu məqam ondan ibarətdir ki, vergi ödəyicisi mütləq fəaliyyətini və əməliyyatlarını dayandırdığı tarixə qədər olan dövrlə bağlı hesabat təqdim etməlidirlər. Misal üçün, tutaq ki, vergi ödəyicisi 10 avqust 2021-ci ildə fəaliyyətinin dayandırılması ilə bağlı vergi orqanına müraciət edib. Vergi mükəlləfiyyətlərinə uyğun olaraq vergi ödəyicisinin bəyannamələri təqdim etməsi aşağıdakı şəkildə olacaq:

Birinci hal: Gəlir vergisi ödəyicisi olan fiziki şəxs fəaliyyətini 10 avqust 2021-ci il tarixdə dayandırdıqda Vergi Məcəlləsinin 149.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində, yəni 10 sentyabr 2021-ci il tarixə kimi 2021-ci il üzrə gəlir vergisi bəyannaməsi verməlidir.

Həmin vergi ödəyicisinin 2021-ci ilin bitməsini və ya həmin ilin 3-cü rübünün başa çatmasını gözləməsinə ehtiyac yoxdur.

İkinci hal: Mənfəət vergisi ödəyicisi olan hüquqi şəxs fəaliyyətini 10 avqust 2021-ci ildə dayandırdıqda da Vergi Məcəlləsinin 149.3-cü maddəsinə uyğun olaraq 30 gün müddətində, yəni 10 sentyabr 2021-ci il tarixə kimi 2021-ci il üzrə mənfəət vergisi bəyannaməsini təqdim etməlidir.

Zəruri qeyd: Həm gəlir, həm də mənfəət vergisi bəyannaməsi ilin əvvəlindən 10 avqust 2021-ci ilə - vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Üçüncü hal: Sadələşdirilmiş vergi ödəyicisi olan fiziki və ya hüquqi şəxs fəaliyyətini 10 avqust 2021-ci il tarixdə dayandırırsa, bəyannamənin 30 gün müddətində təqdimi tələbi onlara tətbiq edilmir. Vergi Məcəlləsinin 221.3-cü maddəsinə əsasən, vergi ödəyicisi fəaliyyətini dayandırdıqda, bəyannamə vergi orqanına Məcəllədə müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə təqdim edilməlidir. Ona görə də vergi ödəyicisi hesabatı rübdən sonrakı ayın 20-dən (misalımızda 20 oktyabr 2021-ci il) gec olmayaraq vergi orqanına təqdim etməlidir.
Amma nəzərə almaq lazımdır ki, bu zaman vergi ödəyici üçün hesabat dövrü müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.

Ona görə də 2021-ci ilin 3-cü rüb hesabatında 1 iyul – 10 avqust 2021-ci il tarixə olan dövr haqqında məlumat verməlidir.

Zəruri qeyd: Gəlir, mənfəət və ya sadələşdirilmiş vergi ödəyiciləri fəaliyyətini dayandırdığı halda vahid bəyannaməni - “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” növbəti rübdən sonrakı ayın 20-dək təqdim etməlidir.

Vergi ödəyicisinin mükəlləfiyyətindən asılı olmayaraq 30 gündən yox, Vergi Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq, rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verməyə borcludurlar.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?