23 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

İddia müddəti bitmiş debitor borc məbləğinin vergiyə cəlb edilməsi

Vergi Məcəlləsinin 166.1.3-cü maddəsinə əsasən, təqdim edilmiş mallar (işlər, xidmətlər) üzrə yaranan debitor borclar üzrə iddia müddətinin bitdiyi vaxt ƏDV tutulan əməliyyatın vaxtı müəyyən edilir. Bəs iddia müddətinin bitməsi ƏDV və mənfəət vergisinin hesablanmasına necə tətbiq olunur?

“vergiler.az”ın sualına vergi eksperti Cavid Vəlizadə aydınlıq gətirir.

Vergi Məcəlləsinin 111-ci maddəsinə əsasən, əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə olunan ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Ümidsiz borc məbləğinin gəlirdən çıxılmasına vergi ödəyicisinin mühasibat kitablarında ümidsiz borc məbləğinin dəyəri olmayan borc kimi silindiyi vaxt yol verilir.

İddia müddətinin başlanması və dayandırılması, habelə iddia müddətinin bitməsi isə Mülki Məcəllə ilə tənzimlənir. Həmin Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

İddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır. İddia hüququ isə şəxsin öz hüququnun pozulmasını bildiyi və bilməli olduğu gündən əmələ gəlir. Müqavilə tələbləri üzrə (yəni debitorlar üzrə ) iddia müddəti 3 il qeyd edilib.

Misal 1: “BB” MMC-nin “AA” MMC-yə verəcək debitor borc məbləği 500.000 manatdır. “BB” MMC borclarını ödəmədiyinə görə, qarşı tərəf iddia müddəti bitməmiş (yəni 3 il) məhkəməyə müraciət edir. Məhkəmə “BB” MMC-nin ödəmə qabiliyyətinin olmadığından bu məbləğin “AA” MMC-nin ümidsiz borcu olması barədə qərar çıxarır.

Bu zaman “AA” MMC-nin ƏDV üzrə öhdəliyi 90.000 manat təşkil edəcək:

500.000 x 18% = 90.000 manat.

Ötən illərdə bu məbləğ gəlirdə tanındığı halda, 500.000 manat ümidsiz borc kimi cari ilin xərcinə qeyd ediləcək və mənfəət vergisinin hesablanmasında nəzərə alınacaq.

Qeyd edək ki, iddia müddəti ərzində debitor borcun alınması ilə əlaqədar məhkəməyə müraciət etdiyi halda, borclar məhkəmə qərarı ilə ümidsiz borc hesab olunduqda qanunla müəyyən edilmiş qaydada silinə bilər.

Misal 2: “BB” MMC “AA” MMC-nin debitorudur. “BB” MMC-nin “AA” MMC-yə verəcək debitor borc məbləği 500.000 manatdır. “AA” MMC borclarını vaxtında tələb etməyib və iddia müddəti keçdiyindən məhkəməyə müraciət edə bilməyib. Bu zaman “AA” MMC ƏDV üzrə öhdəliyi 90.000 manat təşkil edəcək:

500.000 x 18% = 90.000 manat.

Ötən illərdə bu məbləğ gəlir kimi tanındığı halda, 500.000 manat ümidsiz borc kimi cari ilin xərclərində qeyd edə bilməyəcək. Çünki məhkəmənin qərarı olmadan bu borc ümidsiz borc kimi tanınmır. Ona görə də mənfəət vergisi hesablanarkən həmin məbləğ gəlirdən çıxıla bilməz.

Nümunələrdən göründüyü kimi, hər iki halda ƏDV dövlət büdcəsinə ödənilməlidir. Ümidsiz borcların xərc kimi qeyd edilməsi isə məhkəmənin qərarından asılıdır.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?