29 Noyabr 2020

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İqtisadiyyatın rəqəmsallaşması maliyyə texnologiyalarına yeni imkanlar yaradacaq

Pandemiya dövründə, xüsusilə sərt karantin günlərində aktuallığı artan məsələlərdən biri də iqtisadiyyatın rəqəmsallaşmasıdır. "vergiler.az"ın suallarını "Mastercard"ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ərdəm Çakar cavablandırıb:

- Ərdəm bəy, pandemiya şəraitində nağdsız dövriyyələrdə hansı tendensiya müşahidə edilməkdədir?

- Fiziki əməliyyatların həcmi mart-may ayları arasında azalsa da, məlumatların təhlilinə əsasən əminliklə deyə bilərik ki, bu, müvəqqəti tendensiyadır. Bu müddətdə nağdsız ödəniş metodlarından, xüsusən təmassız və elektron ticarət ödənişlərindən istifadə kəskin şəkildə artıb və bu dəyişikliyin qalıcı olacağı gözlənilir. İqtisadiyyatın bu cür rəqəmsallaşdırılması və nağdsız ödənişlərə transformasiya gələcəkdə mütləq şəkildə bazara daxil olacaq istehlakçılara, ticarətçilərə, banklara və maliyyə texnologiyalarına fayda verərək yeni imkanlar yaradacaq.

- Hazırda istifadə edilən POS-terminallardan istifadə səviyyəsi ilə bağlı nə deyə bilərsiniz?

- POS-terminal infrastrukturu ödəniş landşaftının vacib hissəsidir. Texnologiya yaxşılaşdıqca bu infrastruktur da davamlı olaraq yenilənməlidir. Başlanğıcda tətbiq olunan iz tanıma və sürüşdürmə POS cihazlarından kassaya inteqrasiya olunmuş super müasir təmassız POS cihazlarına qədər olan dövr səyahəti xatırladır. Növbədə USB vasitəslə kompüterə qoşulan və müxtəlif əməliyyatlar icra edən cihaz və mobil POS-terminal kimi müasir cihazlar vardır. POS-terminalların sayının nağdsız əməliyyatların artması ilə nisbətdə artmamasının səbəblərindən biri iqtisadiyyatın dəyişərək daha rəqəmsallaşmasıdır. Bundan əlavə, iqtisadiyyatın rəqəmsallaşması sürətləndikcə elektron ticarət də artır. Tək bir virtual POS-terminal yeniləməyə ehtiyac olmadan minlərlə əməliyyatın öhdəsindən gələ bilir.

- Banklar "Tap on Phone" ("Telefona toxun") sistemindən istifadə etmək üçün hansı imkanlara malikdirlər? Bunun tətbiqi nə vaxt tam mümkün olacaq?

- Bankların satış nöqtəsində ticarətçilərə təklif edə biləcəyi bir çox həllər mövcuddur. İqtisadiyyatın rəqəmsal transformasiyasını dəstəkləmək üçün onları daha da genişləndirməyi planlaşdırırıq. "Tap on Phone" təmassız ödənişlərini həyata keçirməyə imkan verən Mobil POS-terminal cihazları ənənəvi cihazlara nisbətən ucuzdur, lakin əhatə dairəsi təmassız kartlar və mobil telefonlarla məhdudlaşır. Tərəfdaşlarımıza ən yaxşı həlləri tövsiyə etmək üçün bazarı qiymətləndiririk. Bəzi bazarlar müəyyən mərhələləri sıçrayışla keçə bilir. Məqsədimiz Azərbaycanda ən yaxşı həlləri təklif etmək və tək ödəmə metodu ilə məhdudlaşmamaq, QR kod ödəmələri, sosial ödənişlər və s. kimi alternativləri nəzərdən keçirməkdir.

- "Mastercard" əməliyyatları kriptovalyutalarla birləşdirilə bilərmi?

- Bizim ödənişlərimiz rəsmi valyutalarla dəstəklənir. "Blockchain" texnologiyaları sosial həyatın müxtəlif sahələrinə, məsələn, səhiyyə, qeydiyyat şöbələri, məhkəmə qərarları və s. bir çox yenilikçi yanaşma təklif edir. "Mastercard" "blockchain"dən ən yaxşı şəkildə istifadə etmək üçün bütün dünyadakı tərəfdaşları və tənzimləyiciləri ilə sıx əlaqədə işləyir.

Fərqanə ALLAHVERDİQIZI