Azərbaycan və Vyetnam arasında Fəaliyyət Planı qəbul edilib
Hanoyda keçirilən Azərbaycan–Vyetnam Hökumətlərarası Komissiyanın 3-cü iclası 2025–2027-ci illəri əhatə edən, 17 istiqamət üzrə 58 tədbirin həyata keçirilməsini nəzərdə tutan Fəaliyyət Planının qəbulu ilə yekunlaşıb.
Bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, Azərbaycanın həmsədrliyi ilə keçirilən iclas ölkələr arasında ticarət-iqtisadi əməkdaşlığın strateji tərəfdaşlıq əsasında möhkəmlənməsinə xidmət edəcək.
“Vyetnamın sənaye və ticarət naziri Nquyen Honq Dien ilə qarşılıqlı etimad və dostluq mühitində, ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafına dair səmərəli müzakirələr apardıq”, - nazir qeyd edib.
