"İxrac İcmalı"nın 2019-cu ilin iyul sayı təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın 2019-cu ilin iyul sayı təqdim olunub. İcmalın bu sayında göstərilir ki, 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycan Respublikasının ixracı 9,98 milyard ABŞ dolları təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1,3 milyard ABŞ dolları və ya 15 faiz artıb. Bu müddətdə qeyri-neft sektoru üzrə 979 milyon ABŞ dolları dəyərində ixrac reallaşdırılıb. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 127 milyon ABŞ dolları və ya 15 faiz artıb. Bu ilin ilk yarısında Rusiyaya 355 milyon, Türkiyəyə 213,3 milyon, Gürcüstana 85,4 milyon,İsveçrəyə 73,5 milyon və İtaliyaya 30,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2019-cu ilin birinci yarısında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə Rusiyaya qeyri-neft ixracı 11 faiz,Türkiyəyə 18 faiz, Gürcüstana 15 faiz, İsveçrəyə 6 faiz və İtaliyaya 2,3 dəfə artıb.
Bu ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısına pomidor (138,1 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (74,9 milyon ABŞ dolları) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 70,4 milyon ABŞ dolları) üçüncü olub. Ümumiyyətlə, 2019-cu ilin birinci yarımilliyi ərzində meyvə-tərəvəz ixracı 318,4 milyon, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 103,3 milyon, pambıq lifi ixracı 75,7 milyon, elektrik enerjisinin ixracı 51,9 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 46,7 milyon, kimya sənayesi məhsullarının ixracı 45,6 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 30 milyon, pambıq ipliyi ixracı 14,6 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 15,5 milyon ABŞ dolları təşkil edib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-iyun aylarında pambıq lifinin ixracı 2,6 dəfə, alkoqollu və alkoqolsuz içkilərin ixracı 2,2 dəfə, kimya sənayesi məhsullarının ixracı 49 faiz, pambıq ipliyinin ixracı 47 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 44 faiz, meyvə-tərəvəzin ixracı 15 faiz artıb.
2019-cu ilin iyun ayında isə qeyri-neft sektoru üzrə ixrac 192 milyon ABŞ dolları təşkil edib. Ötən ilin iyun ayı ilə müqayisədə 2019-cu ilin iyun ayında qeyri-neft sektoru üzrə ixrac 13 milyon ABŞ dolları və ya 7 faiz artıb. Cari ilin iyun ayında qeyri-neft sektoruna aid ən çox mal Rusiyaya (93,8 milyon ABŞ dolları), Türkiyəyə (32,5 milyon ABŞ dolları), İsveçrəyə (14,7 milyon ABŞ dolları) Gürcüstana (8,4 milyon ABŞ dolları) və Ukraynaya (5,7 milyon ABŞ dolları) ixrac edilib.
2019-cu ilin may ayında olduğu kimi iyun ayında da qeyri-neft sektoru üzrə ixracda pomidor (33,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda albalı və gilas (29,6 milyon ABŞ dolları) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda - 13,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
"İxrac İcmalı"nın iyul sayında qeyri-neft sektoru üzrə əsas ixracatçı şirkətlərin reytinqi verilib. Bu ilin yanvar-iyun ayları üzrə hazırlanan qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Socar Polymer" MMC, "MKT İstehsalat Kommersiya" MMC, "Nine Climate" MMC, "Global Export Fruits" MMC, "Caspian enerji-2020" MMC, "P-Aqro" MMC, "Baku Steel Company", "Sun Food" MMC, "Food Export Şəmkir" MMC. Cari ilin iyun ayında "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi bu siyahıda liderliyi ələ alıb.
Qeyri-dövlət ixracatçı subyektlərindən fərqli olaraq dövlətə məxsus şirkətlərin siyahısı əvvəlki ayda olduğu kimi dəyişməz olaraq qalıb. Bu siyahıya ənənəvi olaraq ARDNŞ-nin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunurlar: "Azərenerji" ATSC, "Azəralüminium" MMC, "Azergold" QSC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərbaycan Hava Yolları" QSC, "CTS-Agro" MMC, "Azərtütün Aqrar Sənaye Kompleksi" MMC, Dövlət Material Ehtiyatlari Agentliyi, "Bakı Neft Maşınqayırma Zavodu" TASC.
“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb. Məlumat verilib ki, 2019-cu ilin yanvar-iyun aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 19 ölkəsinə 18,6 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. “Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 87,5 faizini təşkil edib. 2019-cu ilin iyun ayında isə “Azərkosmos” ASC dünyanın 18 ölkəsinə 2,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib. “Azərkosmos” ASC-nin 2019-cu ilin yanvar-iyun aylarında xidmət ixracı həyata keçirdiyi əsas ölkələr ABŞ, Fransa, Malayziyadır.
"İxrac İcmalı"nda məlumat verilib ki, 2019-cu ilin yanvar-iyun aylarında 2019-cu ilin yanvar-iyun aylarında Azərbaycana dünyanın 185 ölkəsindən 1410,7 min və ya 2018-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 6,5 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsilə xərcləmələrində də artım müşahidə edilib. Belə ki, 2019-cu ilin iyun ayında ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 115,1 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 8 faiz artıb. Ümumilikdə isə 2019-cu ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 590,8 milyon manat təşkil edib.
"İxrac İcmalı"nda 2019-cu ilin yanvar-iyun ayları ərzində Azexport.az portalına daxil olan ixrac sifarişləri barədə də məlumat verilib. Göstərilib ki, Azexport.az portalına 303,1 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə cari ildə ixrac sifarişləri 6,6 faiz artıb. Cari ilin iyun ayında portala daxil olan ixrac sifarişlərinin dəyəri isə 41,3 milyon ABŞ dolları təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 20,8 faizlik artım qeydə alınıb. 2019-cu ilin birinci yarısında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə Rusiya (11,9%), Türkiyə (6,6%), Hindistan (5,7%), ABŞ (5,5%) və İngiltərə (5,3%) qərarlaşıb.
Bu ilin iyun ayında ən çox ixrac sifarişi pambıq, tütün, toyuq əti və yumurtası, qənnadı məhsulu, soğan, çay, şərab, mühərrik yağı, nar şirəsi, kompot, mebel dəsti, tikinti materialı, naftalan yağı, bal, uşaq iç geyimi, gül və s. mallara daxil olub.
Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 30 iyun tarixinə kimi (30 ay ərzində) Azexport.az portalına dünyanın 133 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1.292,2 milyon ABŞ dolları təşkil edib.
"İxrac İcmalı"nda göstərilib ki, bu ilin iyul ayında "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 12,1 milyon ABŞ dolları olub. 2019-cu ilin yanvar-iyul ayları ərzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 71,8 milyon ABŞ dolları dəyərində qeyri-neft ixracı həyata keçirilib.
Qeyd edilənlərlə yanaşı "İxrac İcmalı"nın iyun sayında Azexport.az portalının Azexport.az portalı ixracatçı şirkətlərlə əməkdaşlığı yeniləməsi, Yekaterinburqda "Azərbaycan Şərab Evi"nin açılması və s. məsələlər barədə də məlumatlar verilib.
"İxrac İcmalı"nın məqsədi sahibkarları ixracla bağlı maarifləndirməyə, yerli malların ənənəvi və yeni bazarlara çıxarılması imkanlarını artırmağa və beynəlxalq bazarlara inteqrasiya prosesini sürətləndirməyə xidmət edir.
"İxrac İcmalı"ı ilə www.iqtisadiislahat.org saytının İcmallar bölümündə tanış olmaq mümkündür.