10 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Dövlət Xidməti tərəfindən KİV nümayəndələri üçün maarifləndirici təlim keçirilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün maarifləndirici təlim keçirilib. Milli Mətbuat Gününə həsr edilmiş təlimə 40-a yaxın media nümayəndəsi qatılıb.

Tədbirdə Dövlət Xidmətinin rəis müavini Elnur Bağırov açılış nitqi ilə çıxış edərək ölkə iqtisadiyyatında baş verən yeniliklərin operativ, obyektiv və peşəkar şəkildə ictimaiyyətə çatdırılmasında fəal iştirakına, cəmiyyətin çevik və düzgün məlumatlandırılmasında mühüm roluna görə media nümayəndələrinə təşəkkürünü bildirib.

Qeyd edilib ki, İqtisadiyyat Nazirliyi və onun tabeliyində olan qurumlar ölkənin sürətli iqtisadi inkişafına cavab verən bazar münasibətlərinin inkişafı üçün zəruri tədbirlər həyata keçirirlər. Bu mənada Dövlət Xidməti də öz fəaliyyətini rəqabət mühitinin qorunması, malların, işlərin, xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin artırılması, istehlakçı maraqlarının müdafiəsi, dövlət satınalmalarında şəffaflıq və əlçatanlığın təmin edilməsi və sahibkarlar üçün bərabər imkanların yaradılması istiqamətində qurur və bu fəaliyyətin ictimailəşdirilməsində KİV nümayəndələri müstəsna əhəmiyyətə malikdir.

Tədbir çərçivəsində Dövlət Xidmətinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdir müavini Nəzrin Mirzəzadə “Keyfiyyət infrastrukturunun mahiyyəti, əhəmiyyəti və istehlakçılar üçün faydası” mövzusunda təqdimatla çıxış edib. Keyfiyyət infrastrukturunun əsas elementləri, iqtisadi faydası, milli keyfiyyət infrastrukturu qurumlarının əsas funksiyaları barədə geniş məlumat verilib. Həmçinin keyfiyyət infrastrukturu sahəsində ölkəmizdə görülən işlər, standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi istiqamətində aparılan islahatlar diqqətə çatdırılıb.

Növbəti çıxış Dövlət Xidmətinin Təbii inhisarlara dövlət nəzarəti şöbəsinin müdiri Şəmsi Rzalının təqdimatında “Qüvvəyə minən Rəqabət Məcəlləsi: sahibkarlar və istehlakçılar üçün üstünlükləri, dəyişikliklər və yeniliklər” mövzusunda olub. Çıxış zamanı Rəqabət Məcəlləsinin strukturu, üstünlükləri, Məcəllədə nəzərdə tutulan yeniliklər, eləcə də Azərbaycan Respublikasında rəqabət siyasətinin əsas prinsipləri haqqında izahlar verilib. Rəqabəti məhdudlaşdıran sazişlər, təmərküzləşmələr, haqsız rəqabət və hökmran mövqedən sui-istifadə hallarının aradan qaldırılması ilə bağlı Məcəllədə təsbit olunmuş tənzimləmə mexanizmləri diqqətə çatdırılıb.

Sonda hər iki mövzu ilə bağlı KİV nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur?