18 May 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İlkin mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfər köçürüləcək

Mincivan qəsəbəsi Zəngilanın ən böyük yaşayış məntəqələrindən biridir. Ərazisindən magistral dəmir və avtomobil yolları keçdiyinə görə strateji cəhətdən böyük əhəmiyyətə malik olub. Mincivan qəsəbəsi də işğal zamanı tamamilə dağıdılıb. Lakin 2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun Zəfər yürüşü zamanı digər torpaqlarımız kimi, Mincivan qəsəbəsi də azadlığına qovuşdu.

Mayın 18-də Prezident İlham Əliyev tərəfindən təməli qoyulan qəsəbə müasir standartlara uyğun olaraq qurulacaq.

Mincivan qəsəbəsi rayon mərkəzindən 13,2 kilometr cənub-şərq istiqamətində, Araz çayının sahilində, respublika əhəmiyyətli Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd yolu və Horadiz-Ağbənd dəmir yolu xətti üzərində yerləşir.

Qəsəbənin yenidən qurulması haqqında danışan Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlhamiyə Rzayeva bildirib ki, qəsəbənin sahəsi 301,51 hektar olacaq. 2040-cı ilədək qəsəbədə 9088 nəfər üçün 630 ev və bir neçə mərtəbəli yaşayış binalarının tikilməsi nəzərdə tutulub.

Mincivan qəsəbəsində yaşayacaq əhalinin məşğulluğunun təmin olunması məqsədilə idarəetmə, mədəniyyət və əyləncə, iqtisadi inkişaf obyektləri, xidmət və kommersiya müəssisələri yaradılacaq. Belə ki, qəsəbədə inzibati bina, mədəniyyət mərkəzi, kitabxana və çoxfunksiyalı bina, restoran, idman-sağlamlıq, ailə-sağlamlıq mərkəzləri, hotel, Bayraq meydanı, ticarət, məişət və baytarlıq xidmətləri obyektləri, mebel mağazası, mərasim evi, yanğın deposu, bazar kompleksi, emalatxana və satış köşklərinin yaradılması nəzərdə tutulub. Mincivan qəsəbəsində tam orta məktəb, uşaq bağçası, poliklinika, avtovağzal binası, yanacaqdoldurma məntəqəsi, anbar və logistika binaları, ağac emalı və mebel sexləri, digər istehsalat müəssisələri də inşa olunacaq.

İlhamiyə Rzayeva onu da deyib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq olaraq, birinci mərhələ üçün layihələndirilən ərazinin sahəsi 153,4 hektardır. Bu mərhələdə Mincivan qəsəbəsinə 3146 nəfərin köçürülməsi üçün 628 ev və 92 mənzildən ibarət bir neçə mərtəbəli dörd yaşayış binasının tikintisi planlaşdırılır.

AZƏRTAC

VergiƏlilliyi olan valideynə qulluq edən şəxsə hansı vergi güzəşti verilir? VergiVergi ödəyicisi xaricə çıxışının məhdudlaşdırılmasını necə öyrənə bilər? Vergiİxtisar zamanı işçiyə ödənilən müavinət vergi və sosial ödəmələrə cəlb olunurmu? VergiBir neçə il istifadə edilməmiş məzuniyyətin kompensasiyası necə hesablanıb ödənilməlidir? VergiBərbər kimi işləmək istəyən fiziki şəxsin hansı öhdəlikləri yaranır? VergiÖzəl sektorda çalışan işçinin gəlirləri hansı qaydada vergiyə cəlb olunur? VergiAnalıq məzuniyyətində olan valideyn himayədə olan şəxs hesab edilirmi? VergiVÖEN-i necə dayandırmaq olar? VergiVətəndaşdan alınan avtomobilə görə elektron qaimə-faktura tərtib edilməlidirmi? VergiElektron kitab satışından əldə edilən gəlir vergiyə cəlb olunurmu?