9 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Yerli vergilərin yığılması üçün yeni mexanizmlər işə salınır

"Vətəndaşlar bələdiyyələr qarşısındakı vergi öhdəliklərinə çox laqeyd yanaşırlar. Xüsusilə kənd yerlərində bələdiyyələrin bir çoxu əmlak və torpaq vergisini ödəməkdən boyun qaçırırlar. Ona görə də bələdiyyəyə vergi ödənişləri məcburi qaydada həyata keçirilməlidir və bunun üçün müvafiq icra hakimiyyəti orqanları yerli özünüidarə orqanlarına dəstək verməlidir".

Milli Məclisin deputatı Tahir Rzayev "Bələdiyyələrin statusu haqqında" Qanuna təklif olunan dəyişiklikləri şərh edərkən belə deyib. Qeyd edib ki, həmin dəyişikliklərdə icra hakimiyyəti orqanlarının bələdiyyələrin fəaliyyətinin təşkilinə dəstək verməsi, vergi və ödənişlərin toplanması sahəsində metodoloji yardım göstərməsi təklif olunur: "Bütün sahələrdə vergi və ödənişlərin vaxtında yığılması üçün müəyyən təsir mexanizmlərindən istifadə edilir. Məsələn, təbii qaz, elektrik energisindən istifadəyə görə borc yarandıqda abunəçilərin qaz və energi təchizatı dayandırılır, Vergilər Nazirliyi vergi öhdəliklərini yerinə yetirməyən şəxslərə qarşı sanksiyalar tətbiq edir. Amma bələdiyyələrin vergisini ödəməyənlərə belə bir təsir mexanizmi yoxdur. Bələdiyyələr müəyyən ödənişləri etməyənə, yaxud torpaqdan qanunsuz istifadə edənlərə qarşı hər hansı sanksiya tətbiq edə bilmir. Ona görə də bələdiyyələrə ödənilməli olan vergi və ödənişlərin vaxtlı-vaxtında toplanması üçün yerli özünüidarə orqanlarına yeni səlahiyyətlər verilməlidir. Bununla bağlı müxtəlif təkliflər irəli sürülüb, icra hakimiyyəti orqanlarının bələdiyyələrə kömək göstərməsi də bu təkliflərdən biridir".

Millət vəkili deyib ki, yerli vergi və ödənişlərlə bağlı sistemin qaydasında olması üçün bələdiyyələrin işi effektli təşkil edilməlidir: "Əvvəllər bu vergi nağd formada yığılırdı. Sonradan nağdsız ödəniş sisteminin tətbiqi ilə əlaqədar biz də nağd ödənişlərdən imtina etdik və hazırda əhali bələdiyyələrə vergiləri poçt vasitəsilə ödəyir. Amma ödənişlərin tam və vaxtlı-vaxtında yığılması üçün daha təsirli mexanizmlər işə salınmalı və icra hakimiyyəti orqanları bu işdə bələdiyyələrə dəstək verməlidir. Bələdiyyə öz fəaliyyətini elə qurmalıdır ki, vətəndaşlarla qarşılıqlı münasibətlər yaransın. Bu zaman vergilərin tam və vaxtlı-vaxtında ödənilməsi həyata keçirilə bilər".

T.Rzayev bu sahə ilə bağlı maarifləndirmə tədbirlərinə böyük ehtiyac olduğunu bildirib: "Verginin əhəmiyyətini, vaxtında ödəniş etməyin üstün tərəflərini vətəndaşlara izah etmək lazımdır. Bu vergilər, əslində, böyük məbləğ deyil. Amma vətəndaş özü anlamalıdır ki, bələdiyyə vergilərini vaxtında ödəsə, yaşadığı ərazidəki yerli əhəmiyyətli sosial problemlər də vaxtında həllini tapar".

Xatırladaq ki, mövcud qanunvericiliyə əsasən, bələdiyyə orqanlarına ödənilməli olan vergi və ödənişlər aşağıdakılardır:

  • fiziki şəxslərin torpaq vergisi;
  • fiziki şəxslərin əmlak vergisi;
  • yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
  • bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi;
  • bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi və yayımı üçün ödəniş;
  • bələdiyyə mülkiyyətinin özgəninkiləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən daxil olan ödəniş;
  • bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və ya səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödəniş;
  • bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş;
  • bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödənişlər.

Elxan SALAHOV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?