12 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkar Amil Hüseynov: “İşğaldan azad edilmiş ərazilərdə balıqçılıq təsərrüfatları yaratmaq istərdik”

  • Kredit hesabına təsərrüfatımızı böyütdük, ərazidə balıqçılığın inkişafı üçün münbit şərait yaratdıq;

  • Növbəti mövsüm üçün təxminən 100 min ədəd yağlı balığımız var;

  • Azərbaycanda balıq və balıq məhsullarına böyük tələbat var.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun (SİF) əsas məqsədi Azərbaycanda sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsini təmin etmək, sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin təkmilləşdirilməsində ən yaxşı beynəlxalq təcrübələrin təşviqi yolu ilə dövlət və sahibkarlar arasında əməkdaşlığın inkişafı və qarşılıqlı inam mühitinin yaradılmasına nail olmaqdır.

SİF-in xətti ilə kredit alaraq biznesini genişləndirən şəxslərdən biri də Xaçmazda fərdi sahibkarlıqla məşğul olan Amil Hüseynovdur.

A.Hüseynovun sözlərinə görə, artıq 6 ildir ki, forel balıqçılığı təsərrüfatı yaradıb. Bu il təsərrüfatın genişləndirilməsi üçün SİF-in xətti ilə dövlətdən güzəştli şərtlərlə 150 min manat məbləğində kredit alıb: “Bu kredit hesabına təsərrüfatımızı böyütdük, ərazidə balıqçılığın inkişafı üçün münbit şərait yaratdıq. Altı ay əvvəl aldığımız kreditin ödənişlərini təyin olunmuş qrafik üzrə vaxtlı-vaxtında həyata keçiririk”.

Sahibkar qeyd edib ki, il ərzində 40 ton forel balığı istehsal edə bilirlər. Rusiya tərəfindən məhsul tədarükü üçün müraciətlər olunsa da, hələlik bunu həyata keçirə bilmirlər. İstehsal etdikləri balıqlar yalnız daxili bazarın tələbatının ödənilməsi üçün istifadə olunur: “Biz, demək olar ki, daxili bazarın tələbatının çox cüzi hissəsini ödəyə bilirik. Lakin məqsədimiz fəaliyyətimizi daha da genişləndirməkdir. Biz əvvəllər yağlı balıqları əldə edə bilmirdik. Ancaq aldığımız kreditlər bizim bu balıqları ala bilməyimizə bir təkan oldu. Bu, gələcəkdə illik istehsal gücümüzü 60 tona qədər artırmağa imkan verəcək. Növbəti mövsüm üçün təxminən 100 min ədəd yağlı balığımız var”.

A.Hüseynov əlavə edib ki, balıqların yetişdirilməsi üçün yeni texnologiyalardan istifadə edirlər: “Dünyada “az su, çox balıq” prinsipi ilə balıqların yetişdirilməsi metodu geniş tətbiq edilir. Biz bunu təsərrüfatın müəyyən hissəsində, az miqdarda da olsa, tətbiq edirik. Su oksigenlə zənginləşdirilərsə, az su ilə çox balıq saxlamaq mümkündür. Azərbaycanda az sayda oksigen çənləri var. Həmin avadanlıqları olan şirkətlərlə hazırda danışıqlar aparırıq. Artıq bir avadanlığı əldə etmişik. “Az su, çox balıq” üçün lazımı təchizatlar olarsa, gələcəkdə məhsuldarlığı ikiqat artıra biləcəyik”. Azərbaycanda təbii su ehtiyatlarının həcminin az olduğunu nəzərə çatdıran sahibkarın sözlərinə görə, başqa bölgələrdə də süni su hövzələrinin yaradılmasına yardım göstərilərsə, orada da balıqçılıq təsərrüfatları yarada bilərlər.

Müsahibimiz işğaldan azad edilmiş ərazilərdə də belə təsərrüfatlar yaratmağı çox arzuladığını deyib: “İstərdik ki, dövlətin dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə balıqçılıq təsərrüfatları yaradaq. Bununla həmin ərazilərin iqtisadiyyatının güclənməsinə dəstək olacağımızı düşünürük, çünki bu sahədə kifayət qədər biliklərə və təcrübəyə sahibik”.

Balıqçılığın sahibkarlar üçün gəlirli sahə olduğunu deyən A.Hüseynovun sözlərinə görə, Azərbaycanda balıq və balıq məhsullarına böyük tələbat var: “Balıqçılıq sənayesi çox rentabelli sahədir. Bu fəaliyyətlə məşğul olmaq istəyənlərə biz də dəstək ola bilərik. Daxili tələbat yerli istehsal hesabına ödənilmədiyindən xarici ölkələrdən balıq məhsulları idxal edilir. Amma Azərbaycanda balıqların yetişdirilməsi üçün münbit şərait var”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?