24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Sahibkar Habil İbrahimov: “Tərtərdə yeni emal müəssisəsi yaradacağıq”

Sahibkar Habil İbrahimov: “Tərtərdə yeni emal müəssisəsi yaradacağıq” MƏQALƏ

  • Yaxın 1-2 ay ərzində süd və süd məhsullarını özümüz emal edəcək, təxminən 16-17 çeşiddə məhsul istehsal edəcəyik;

  • Əkinçiliklə 2000-ci ildən məşğuluq, 2013-cü ildən isə heyvandarlıq təsərrüfatını yaratmışıq;

  • Əkinçiliklə məşğul olmaq daha rahatdır, sadəcə, fermerlərin bu sahə barədə düzgün təsəvvürləri olmalıdır.

Aqrar sahədə biznes fəaliyyətinin inkişaf etdirilməsi yollarından biri də aqrobiznes dəyər zəncirinin qurulmasıdır. Bu, istehsalçı, emalçı və tədarükçüləri bir araya gətirir, emal edilmiş hazır məhsul birbaşa istehsalçının özü tərəfindən istehlakçıya çatdırılır. Dəyər zəncirinin qurulması həm də bu zəncirin hər hansı halqasında yaranmış problemi vaxtında aradan qaldırmağa imkan verir, kənd təsərrüfatı sektorunda yerli istehsalı artırmaqla rəqabəti daha da gücləndirir.

Azərbaycanda bu istiqamətdə fəaliyyət göstərən fermerlərə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Belə fermerlərdən biri də “Tərtər Aqropark” MMC-nin direktoru Habil İbrahimovdur.

Rəhbərlik etdiyi müəssisənin həm əkinçilik, həm də heyvandarlıqla məşğul olduğunu deyən sahibkar “vergilər.az”ın əməkdaşı ilə söhbət zamanı yaxın vaxtlarda “Tərtər Aqropark”ın emal müəssisəsinin də fəaliyyətə başlayacağını bildirib. Qeyd edib ki, hazırda buğda, arpa, qarğıdalı, pambıq əkirlər. Əkdikləri pambığı emal müəssisələrinə, buğdanı un dəyirmanlarına təhvil verir, arpanı isə heyvandarlıq üçün istifadə edirlər. Şirkət paralel olaraq, Almaniyadan gətirilmiş cins damazlıq heyvanlar da saxlayır: “Biz əkinçilikdə həm torpağın münbitliyini qoruyur, həm də heyvanların yem bazasını artırırıq. Heyvandarlıqda, əsasən, südçülüklə məşğul oluruq”. H.İbrahimov bildirib ki, dəyər zəncirinin yaradılması məqsədilə hazırda Tərtərdə yeni emal müəssisəsi qururlar: “Yaxın 1-2 ay ərzində süd və süd məhsullarını özümüz emal edəcək, təxminən 16-17 çeşiddə məhsul istehsal edəcəyik. Bu məhsullar hələlik yalnız daxili bazar üçün nəzərdə tutulub”.

Dövlətin sahibkarlar üçün təklif etdiyi imkanlardan yararlanan H.İbrahimov bildirir ki, Sahibkarlığın İnkişafı Fondunun xətti ilə 2 dəfə 200 min manat məbləğində kredit alıb. Bu ilin əvvəlində əldə etdiyi sonuncu kredit hesabına heyvandarlıq təsərrüfatını genişləndirib: “Dövlət sahibkarlara hər cür dəstək göstərir, o cümlədən texnikalar güzəştli şərtlərlə verilir, əkin sahələrimizin suvarılmasına da yardım edilir. Əkinçiliklə 2000-ci ildən məşğuluq, 2013-cü ildən isə heyvandarlıq təsərrüfatını yaratmışıq. Həmin vaxtdan indiyədək təsərrüfatımızı böyütməyə nail olmuşuq. Bu il isə əsas hədəfimiz emal müəssisəmizi yaratmaqla tarladan birbaşa süfrəyə qədər bütün prosesin təşkilinə nail olmaqdır”.

Aqrar bizneslə məşğul olmaq istəyən fermerlərə bəzi tövsiyələrini verən sahibkar hesab edir ki, heyvandarlıq sahəsində biznes qurmaq istəyənlər ilk növbədə əkinçiliklə məşğul olmalıdırlar: “Əkinçilik olmadan heyvandarlıqla məşğul olmaq risklidir və bu, uzunmüddətli ola bilməz, ferma zərərə uğraya bilər. Hətta gündə tonlarla süd istehsal edən fermaların zərərə düşməsi təcrübəsi ilə də qarşılaşırıq. Əkinçiliklə məşğul olmaq daha rahatdır, sadəcə, fermerlərin bu sahə barədə düzgün təsəvvürləri olmalıdır”.

Kiçik təsərrüfatların planlama əkinçiliyinin olmadığını deyən H.İbrahimov belə təsərrüfatları olan fermerlərin birləşməsini daha düzgün hesab edir: “Fermerlər bir neçə ailənin torpağının birləşməsi sayəsində inkişaf edə bilərlər. 3-5 hektar torpağı olan fermer dövlətə böyük miqdarda məhsul sata bilmir, çünki təkbaşına avadanlıq almaq, su və digər problemlərini həll etmək iqtidarında olmadığından məhsul satışından əldə etdiyi qazanc yalnız xərcləri ödəməyə sərf edilir”.

İlhamə İSABALAYEVA

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?