14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Sahibkarlara mükafatlar təqdim edilib

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə sahibkarların mükafatlandırılması tədbiri keçirilib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov ölkə iqtisadiyyatının inkişafında özəl sektorun xüsusi rolunu, sahibkarlığın inkişafının dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən olduğunu qeyd edib. Bildirilib ki, ölkə iqtisadiyyatına dəyər qatan sahibkarlar dövlət tərəfindən yüksək qiymətləndirilir.

İqtisadiyyat naziri Mikayıl Cabbarov KOBİA-nın fəaliyyətə başlamasının 5 illiyi münasibətilə Agentliyin əməkdaşlarını və sahibkarları təbrik edib. Vurğulanıb ki, KOBİA-nın beşillik yubileyini kiçik və orta biznes üçün “Dayaq” mükafatının təqdim edilməsinə həsr etməsi gözəl təşəbbüsdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sahibkarlığın, xüsusilə kiçik və orta biznesin inkişafına göstərdiyi diqqət və qayğı tətbiq edilən dəstək alətlərində də özünü göstərir. Qeyd olunub ki, KOB-lar ölkə iqtisadiyyatında çevikliyi və dayanıqlılığı, məşğulluğu təmin edir, iqtisadi şaxələndirməyə əhəmiyyətli töhfə verir. Sahibkarların iqtisadi inkişafda, xüsusilə işğaldan azad edilmiş ərazilərimizin reinteqrasiyasında fəal iştirakına toxunan nazir diqqətə çatdırıb ki, hazırda Qarabağda sahibkarlar uğurla fəaliyyət göstərir. Ağdam və Cəbrayılda yaradılmış sənaye parkları və digər müəssisələrin səmərəli fəaliyyəti buna nümunədir. Sahibkarların bu proseslərdə biznes mənafeləri ilə yanaşı, vətənpərvərlik və sosial məsuliyyət nümayiş etdirməsi, uğurlu gələcəyə yönəlmiş baxışa malik olması isə olduqca təqdirəlayiqdir. 2023-cü ildə işğaldan azad olunmuş ərazilərimizdə bir çox yeni layihələr həyata keçiriləcək ki, bu da Qarabağda geniş məskunlaşmanı təmin edəcək.

Nazir “Dövlət-özəl tərəfdaşlığı haqqında” Qanunun iqtisadiyyatın ayrı-ayrı sahələrinin davamlı inkişafını stimullaşdıracağını, bu sahədə təklif və təşəbbüslərin vacib və konstruktiv olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, yeni iqtisadiyyat müasir yanaşmalar tələb edir və gələn il Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyəti KOB-ların maliyyəyə çıxış imkanlarını artıracaq.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Prezidentin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəliyi ilə birgə Naxçıvanın iqtisadi imkanlarının, insan potensialının səmərəli istifadə olunması, biznesin inkişafı üçün məqsədyönlü tədbirlərin həyata keçiriləcəyini vurğulayıb. Nazir bildirib ki, qardaş Türkiyə ilə olan iqtisadi münasibətlərin inkişafı üçün Azərbaycanın aidiyyəti dövlət orqanları ilə sahibkarlar arasında səmərəli müzakirələr aparılmalıdır.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin dəstək və xidmətləri, 2023-cü ildə sahibkarlar üçün nəzərdə tutulan yeniliklər barədə məlumat verib. KOB sektorunun inkişafında maraqlı tərəflərin birgə, koordinasiyalı fəaliyyətinin rolunu qeyd edən KOBİA-nın İdarə Heyətinin sədri ötən 5 ildə Agentliyin işinə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə müvafiq qurumlara təşəkkür edib. Qeyd olunub ki, “Dayaq” mükafatı rəmzi məna daşıyır və dövlətin sahibkarlara daim dayaq və dəstək olmasının göstəricisidir.

Sonra Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2022-ci il tarixli Sərəncamı ilə ölkəmizin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilmiş şəxslərə “Tərəqqi” medalları təqdim olunub.

Tədbirdə 2022-ci ildə uğur qazanmış sahibkarlar “Dayaq” mükafatının “Uğurlu istehsalçı”, “Uğurlu startap”, “İdman və sağlamlıq sahəsində uğurlu fəaliyyət”, “Uğurlu fermer”, “Qarabağda müasir təhlükəsizlik texnologiyalarının tətbiqi”, “Sağlamlığın keşiyində”, “Təmiz ətraf mühit və yaşıl artım”, "Azad olunmuş ərazilərdə bərpa və yenidənqurma fəaliyyəti", “KOB-ları dəstəkləyən bank”, "Fəal ixracatçı şirkət", “Turizm”, “Fəal xarici şirkət”, “Uğurlu qadın sahibkar”, “KOB-ların şəbəkələşməsinə dəstək” və "Gənc sahibkar" nominasiyaları üzrə mükafatlandırılıblar.

“Dayaq” mükafatını sahibkarlara iqtisadiyyat naziri Mikayıl Cabbarov, gənclər və idman naziri Fərid Qayıbov, kənd təsərrüfatı naziri İnam Kərimov, səhiyyə naziri Teymur Musayev, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edən Şahin Bağırov, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov təqdim ediblər.

Qeyd edək ki, “Dayaq” mükafatı sahibkarlara bu il ilk dəfə təqdim olunur. Mükafatın təsis olunmasında məqsəd il ərzində fəaliyyəti ilə seçilən, biznes sahəsində innovativ və müasir yanaşmalar tətbiq edən, ixracyönümlü məhsul və xidmətlər istehsal edən şirkətləri mükafatlandırmaqla onları stimullaşdırmaqdır.

Tədbirdə həmçinin, işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin qurulmasına və KOBİA-nın 5 illik fəaliyyətinə həsr olunmuş filmlər nümayiş olunub.

Tədbirin baş sponsoru “Kapital Bank”, sponsorlar “Embawood” və “İmprotex Group”dur.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?