15 Avqust 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İnvestisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ təsdiq edilib

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 20 dekabr tarixli Fərmanı ilə “İnvestisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, ərazilər və zonalar, habelə investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ” təsdiq edilib.

Fərmanla müəyyən edilib ki, investisiya təşviqi sənədi aşağıdakı layihələri təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara 2023-cü il yanvarın 1-dən 3 il ərzində verilir:

  • sənaye məhəllələrində və aqroparklarda həyata keçiriləcək layihələr;

  • turizm və rekreasiya zonalarında həyata keçiriləcək layihələr;

  • Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron rayonu və işğaldan azad edilmiş ərazilər istisna olmaqla, digər şəhər və rayonlarda həyata keçiriləcək layihələr;

  • Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçiriləcək strateji investisiya layihələri.

Fərmana əsasən, paylarının (səhmlərinin) 30 faizi və daha artıq hissəsi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslərə və dövlətin yaratdığı publik hüquqi şəxslərə qeyd olunan layihələr üzrə investisiya təşviqi sənədi verilmir.

Fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, investisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıq və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi nəzərdə tutulan mal mövqelərinin siyahısını üç ay müddətində təsdiq etsin və Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İqtisadiyyat Nazirliyi Fərmanla nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətlərinə dair təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir. Nazirlik, həmçinin, investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən həyata keçirilən investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əsas vəsaitlərin əldə olunması (alınması, istehsal edilməsi, tikilməsi və ya quraşdırılması) ilə bağlı ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və Fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.

Minimal investisiya məbləği Bakı (Binəqədi rayonunun Rəsulzadə qəsəbəsi, Nərimanov, Nəsimi rayonları, Nizami rayonunun Keşlə qəsəbəsi, Səbail rayonunun Badamdar və Bibiheybət qəsəbələri, Xətai rayonunun Əhmədli qəsəbəsi və Yasamal rayonu istisna olmaqla), Sumqayıt, Gəncə şəhərlərində və Abşeron rayonunda həyata keçiriləcək layihələrə münasibətdə 5 milyon manat, digər ərazilərdə həyata keçiriləcək layihələrə münasibətdə isə 3 milyon manatdır.

Fərman 2023-cü il yanvarın 1-dən qüvvəyə minir.

Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi? VergiReklam fəaliyyəti ilə məşğul olan fiziki şəxsə vergi güzəşti tətbiq edilirmi? VergiHər yeni invoys üzrə ayrıca DTA-03 ərizəsi təqdim edilməlidirmi? Vergi“YouTube”dan əldə edilən gəlirlərə vergi güzəşti tətbiq olunurmu? VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir?