11 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“Əsrin müqaviləsi”nin imzalanmasından 28 il ötür

Bu gün “Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın aparıcı neft şirkətləri arasında müqavilə imzalanmasından 28 il ötür. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 16 avqust tarixli Sərəncamına əsasən, müqavilənin imzalandığı tarix – 20 sentyabr Azərbaycanda Neftçilər Günü kimi qeyd olunur.

Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı

Təxminən 400 səhifə həcmində və dörd dildə tərtib olunmuş müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə “Əsrin müqaviləsi” adını alıb. Müqavilədə 7 ölkənin 11 ən məşhur neft şirkəti iştirak edib. Bununla da müstəqil dövlətimizin neft strategiyasının və doktrinasının əsası qoyuldu. Bu qlobal layihə Azərbaycanın suveren dövlət kimi öz təbii sərvətlərinə sahib çıxmaq, milli mənafelərini, iqtisadi və strateji maraqlarını müdafiə etmək əzmini bütün dünyaya göstərdi, dövlət müstəqilliyinin mühüm təminatına çevrildi.

Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış “Əsrin müqaviləsi” respublikamızın salnaməsinə yeni neft strategiyasının şanlı səhifəsi kimi yazılıb. Bu müqavilə həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri sazişlər siyahısına daxildir.

AZƏRTAC ötən 28 ildə Azərbaycan neft sənayesinin keçdiyi inkişaf yolunun əsas mərhələlərinə, qazanılan nailiyyətlərə nəzər yetirir.

1997-ci il noyabrın 7-də “Əsrin müqaviləsi” çərçivəsində “Çıraq” platformasından ilkin neft alınıb. Noyabrın 12-də bu münasibətlə platformada ulu öndər Heydər Əliyevin, layihənin əməliyyatçısı olan BP şirkəti və tərəfdaşlarının nümayəndələrinin, xarici ölkələrdən gəlmiş qonaqların iştirakı ilə təntənəli mərasim keçirilib. Bu, Azərbaycanın yeni neft strategiyasının uğurlarının başlanğıcı idi. Bu hadisə ilə eyni vaxtda Azərbaycanın neft sənayesinin əlaqədar olduğu istehsal obyektlərinin beynəlxalq standartlara uyğun qurulmasının təməli qoyulub.

“Əsrin müqaviləsi”ndən sonra xarici şirkətlərlə daha 34 saziş imzalanıb. Bununla yanaşı, “Əsrin müqaviləsi” respublikada neft hasilatının böyük həcmdə artmasına səbəb olub. Neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən – 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. Başqa sözlə, hasilat 5,6 dəfə artıb.

1996-cı ilin yanvarında Azərbaycan neftinin Bakı-Novorossiysk marşrutu ilə nəql olunması haqqında Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası saziş imzalanıb. 1997-ci ilin oktyabrında həmin boru xətti istifadəyə verilib. 1998-ci ildə AÇG nefti fəaliyyəti bərpa edilmiş Bakı-Novorossiysk kəməri ilə Qara dəniz limanlarına ixrac edilməyə başlayıb.

“Əsrin müqaviləsi” çərçivəsində hasil ediləcək böyük neft həcmləri ilə müqayisədə bu kəmərin ötürücülük qabiliyyəti məhdud olduğundan ixrac boru kəmərlərinin çoxvariantlılığının zəruriliyi məsələsi gündəmə gəldi və alternativ variantlar üzərində ciddi iş aparılmağa başlanıldı. 1997-ci ildə Azərbaycan neftinin Bakı-Supsa marşrutu ilə nəqli haqqında ölkəmizlə Gürcüstan arasında saziş imzalandı. 1999-cu ilin aprelində Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi.

Lakin bu da kifayət etmirdi. Bakı-Supsa və Bakı-Novorossiysk boru kəmərləri Azərbaycanın getdikcə artan iri neft həcmlərini dünya bazarına ixrac etmək gücündə deyildi. Məhz buna görə də əsas ixrac neft boru kəmərinin qısa zamanda inşası zərurəti yarandı. Belə olan təqdirdə ulu öndər Heydər Əliyev Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri ideyasını gündəmə gətirdi. Respublikamızın həm daxildəki, həm də xaricdəki bədxahları beynəlxalq ictimai rəydə guya Azərbaycanın gələcəkdə bu kəmərlə ixrac etmək üçün kifayət qədər nefti olmayacağı barədə fikir yaratmağa çalışır, bu ideyanı utopiya hesab edirdilər. Lakin zaman ulu öndər Heydər Əliyevin bu konsepsiyasının tamamilə real, həm də iqtisadi cəhətdən səmərəli olduğunu göstərdi.

2002-ci ildə Ulu Öndərin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməli qoyuldu. Bundan dörd il sonra Azərbaycan nefti BTC kəməri vasitəsilə Ceyhan limanına çatdırıldı. Hazırda bu kəmərin əhəmiyyəti bütün dünyada birmənalı etiraf olunur.

Bu gün Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri, eyni zamanda, ümumilikdə beynəlxalq enerji təhlükəsizliyi sistemi baxımından, eləcə də neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən ölkələr, xüsusilə Mərkəzi Asiya dövlətləri üçün də müstəsna əhəmiyyət kəsb edir.

Kəmərin illik ötürücülük qabiliyyəti 50 milyon tondur ki, bunu da gələcəkdə 60 milyon tona çatdırmaq mümkündür. 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Hazırda bu kəmərlə Azərbaycandan əsasən AÇG nefti və “Şahdəniz” kondensatı ötürülür. Bundan əlavə, kəmər vasitəsilə Türkmənistan və Qazaxıstan nefti də nəql olunur. İndiyədək Bakı–Tbilisi–Ceyhan boru kəməri ilə 3,87 milyard bareldən çox neft nəql olunub və Ceyhan limanında təqribən 5000 tankerə yüklənərək dünya bazarına göndərilib. Cari ilin yanvar-avqust aylarında bu kəmər vasitəsilə 19 milyon 2,7 min ton Azərbaycan nefti, həmçinin 3 milyon 12,7 min ton tranzit nefti nəql edilib.

Yarım ildə BTC üzrə əməliyyat xərclərinə 49 milyon dollar, əsaslı xərclərə isə 9 milyon dollar vəsait sərf edilib. “BTC Co.”nun səhmdarları belədir: BP 30,1 faiz, “AzBTC” 25 faiz, MOL 8,9 faiz (bu il aprelin 16-dan “Chevron” şirkətini əvəz edib), “Equinor” 8,71 faiz, “TPAO” 6,53 faiz, “Eni” 5 faiz, “Total” 5 faiz, “Itochu” 3,4 faiz, “Inpex” 2,5 faiz, “ExxonMobil” 2,5 faiz və “ONGC (BTC) Limited” 2,36 faiz.

Yeni neft strategiyasının gerçəkləşməsi ilə respublikamızın neft ehtiyatlarının istismarına böyük həcmdə xarici investisiyalar cəlb edildi. Təkcə onu demək kifayətdir ki, Dövlət Neft Şirkəti 15 ölkənin 25 şirkəti ilə imzalanmış hasilatın pay bölgüsü sazişində Azərbaycan dövlətini uğurla təmsil edir. HPBS-lər çərçivəsində 1995-2013-cü illərdə Azərbaycanın neft-qaz sektoruna təqribən 51,6 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. İndiyədək isə “Azəri-Çıraq-Günəşli” layihəsi hesabına 164 milyard dollar gəlir əldə olunub.

SOCAR bu gün dünya standartlarına cavab verən, lazımi iqtisadi və texniki imkanları olan, Azərbaycandan kənarda da böyük layihələr həyata keçirən müasir bir şirkətdir. Hazırda Azərbaycandan dünyanın 30 ölkəsinə neft və neft məhsulları, Gürcüstana, Türkiyəyə, Rusiyaya, İrana və Yunanıstana isə təbii qaz ixrac edilir.

“Yeni Əsrin müqaviləsi” - maraqların balansı

2017-ci il sentyabrın 14-də daha bir tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Bakıda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirildi. “Yeni Əsrin müqaviləsi” adlandırılan bu sazişi Azərbaycan Hökumətinin, SOCAR-ın, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, “TP”, “Itochu” və “ONGC Videsh” şirkətlərinin rəsmiləri imzaladılar.

Beləliklə, “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başladı. Yeni Sazişin ölkəmiz üçün çox böyük əhəmiyyəti var. Əvvəla, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilədək uzadıldı. İkincisi, bu Sazişin şərtləri Azərbaycan üçün daha əlverişlidir.

Bir neçə məqama diqqət yetirək. Yeni Sazişə əsasən, SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırıldı. Beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Respublikasının Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi isə 75 faiz təşkil edəcək. Beləliklə, ölkənin ümumi mənfəət göstəricisi 89,1 faiz təşkil edəcək ki, bu da gələcəkdə yeni strateji layihələrə başlamağa zəmin yaradacaq. 2050-ci ilədək AÇG-yə 40 milyard dollardan çox sərmayə qoyulması potensialı var.

AÇG-də böyük ehtiyatlar mövcuddur. 1994-cü ildə kontrakt imzalananda təxmin edilən neft ehtiyatları 511 milyon ton müəyyən olunmuşdu. Bu gün isə “Azəri-Çıraq-Günəşli”də hasil edilməmiş təxminən 500 milyon ton neft ehtiyatı var. Mütəxəssislərin fikrincə, bu da son rəqəm deyil.

Cari ilin birinci yarısında AÇG üzrə fəaliyyətlərə təqribən 229 milyon dollar əməliyyat və 791 milyon dollar isə əsaslı məsrəflər xərclənib. Yarım ildə AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib, ümumi hasilat gündəlik orta hesabla 424 min barel və ya ümumilikdə təqribən 77 milyon barel, yəni 10 milyon ton olub. İyunun sonuna AÇG-də ümumilikdə 136 neft hasilat quyusu, 37 su və 8 qaz injektor quyusu istismarda olub. Yanvar-iyun aylarında blokda 8 neft hasilat quyusu qazılıb.

Birinci yarımildə “BP Azerbaijan” şirkəti “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə gündəlik orta hesabla 9 milyon kubmetr, ümumilikdə isə 2 milyard kubmetr səmt qazı təhvil verib.

Dövlət Neft Fondu 2001-ci ilin əvvəlindən bu il avqustun 1-dək “Azəri-Çıraq-Günəşli” neft-qaz yataqları blokunun işlənməsi layihəsinin reallaşdırılması çərçivəsində ümumilikdə 164 milyard dollara yaxın gəlir əldə edib. Bu ilin yanvar-avqust aylarında AÇG layihəsi çərçivəsində Dövlət Neft Fonduna 6 milyard 629 milyon dollar vəsait daxil olub. O cümlədən bu ilin 8 ayında Neft Fondunun “Şahdəniz” yatağı üzrə kondensat satışından əldə olunan gəlirləri 328 milyon 567 min dollar təşkil edib. 2007-ci ildən bəri isə bu rəqəm 4,9 milyard dolları ötüb.

2017-ci il həm də ölkəmiz üçün 2 milyardıncı ton neftin hasil edilməsi ilə əlamətdar oldu. Milyardıncı ton Azərbaycan nefti 1971-ci il martın 28-də çıxarılmışdı. Neftin ilk milyard tonunu hasil etməkdən ötrü Azərbaycan neftçiləri bir əsrlik yol keçdilər. Lakin neftin ikinci milyard tonunu çıxarmaq üçün isə qəhrəman neftçilərimizə yarım əsrdən də az bir vaxt – 46 il kifayət etdi.
Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. Neftçilərimiz bütün dövrlərdə öz fədakarlığı, peşəkarlığı ilə cəmiyyətdə çox böyük hörmət qazanıblar. Onların qəhrəmanlığını vəsf edən şeirlər yazılıb, mahnılar bəstələnib, filmlər çəkilib. Neftçi əməyini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyevin Fərmanına əsasən “Əsrin müqaviləsi”nin imzalandığı gün – 20 sentyabr ölkəmizdə həm də neftçilərin peşə bayramı kimi qeyd edilir.

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?